İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir

Siyasət

Bakı. Trend:

İranın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İran vətəndaşları
olan məhkumlara münasib şəraitin yaradılması ilə bağlı açıqlamasını
müsbət dəyərləndirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İranın Bakıdakı
səfirliyindən bildirilib.

Qeyd edilib ki, iki ölkə münasibətlərində gündəmə gələn
məsələlər, o cümlədən vətəndaşlarla bağlı mümkün problemlər lazımi
qaydada öz həllini tapa bilər.

“Bu kontekstdə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
katibinin məhkumlar üçün münasib şəraitin yaradılması, onların
tibbi və səhiyyə ehtiyaclarının təmin olunması, ailələri ilə
videoəlaqənin yaradılması, eləcə də məhkumların cəza müddətinin
qalan hissəsini öz ölkələrində çəkməsi ilə bağlı əməkdaşlıq
təkliflərini müsbət dəyərləndirir və bu sahədə əməkdaşlığa hazır
olduğumuzu bəyan edirik”, – səfirlikdən əlavə olunub.

Qeyd edək ki, bəzi KİV-də Azərbaycanda saxlanılan iranlı
məhbusların şəraiti ilə bağlı müxtəlif nigaranlıqlar irəli
sürülüb.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran
İslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş
şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri
qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.
Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və
həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə
üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə
edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası
vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında
görüşlərin keçirilməsi imkanı yaradılıb.

“Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam
Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya
bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İran İslam
Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin
əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman
preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ
aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara
çatdırılıb.

Yalnız 2025-ci ildə İran İslam Respublikasının Səfirliyinin
əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər
İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün
keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran
vətəndaşı ilə 31 iyul tarixində baş tutub. Azərbaycan tərəfinin
həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş
etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş bir sıra
şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası
Prezidentinin 26 may 2025-ci il tarixli Sərəncamı ilə 5 nəfər İran
vətəndaşı əfv olunub”, – XİN rəsmisi qeyd edib.