Serbiya Ermənistanın “hörmət”indən narahat deyil – ŞƏRH

Siyasət

İyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində təxribatlara başlamasından sonra silah bazarı ilə bağlı bəzi nüanslar üzə çıxdı.

Məlum oldu ki, Ermənistan Serbiyadan aldığı silahları Azərbaycana tuşlayıb. Həmin silahların Gürcüstan vasitəsilə Ermənistana daşındığı bildirilirdi.

Azərbaycan Serbiyaya dəstək olaraq Kosovonun müstəqilliyini tanımayıb və öz hərbçilərini birinci olaraq oradan çıxaran ölkələrdəndir.

2008-ci il fevralın 17-də Azərbaycan Xarici İşlər Nazirliyi dövlətin mövqeyini belə açıqlayıb:

“Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur”.

Bunun ardınca – fevralın 26-da Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib.

Həmin ilin martın 4-də Milli Məclisin iclasında Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağırılması haqqında məsələyə baxılıb və sənəd səsverməyə çıxarılaraq qəbul edilib. Aprelin 15-də taqım Azərbaycana qayıdıb.

2009-cu ildə Beynəlxalq Məhkəmədə dinləmələr zamanı Azərbaycan Kosovonun müstəqilliyinin qeyri-qanuni olduğunu bəyan edib.

2010-cu ilin mayında Bakıda Serbiya Prezidenti Boris Tadiçlə görüşən Prezident İlham Əliyev Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. İlham Əliyev bildirmişdi ki, birtərəfli qaydada Kosovonun müstəqilliyinin elan olunması qeyri-qanunidir.

“Biz Serbiyanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Biz bir ölkənin razılığı olmadan onun sərhədlərinin dəyişdirilməsini tam yolverilməz hesab edirik və Kosovonun birtərəfli qaydada müstəqilliyini bəyan etməsi qeyri-qanuni addımdır”, – deyə Prezident İlham Əliyev bildirib.

İndi isə Ermənistanın Kosovo ilə bağlı mövqeyini nəzərdən keçirək.

2008-ci il martın 12-də Ermənitan Prezidenti Serj Sarqsyan bildirmişdi ki, onun ölkəsi həmişə xalqların öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir. Bu, o deməkdir ki, Ermənistan Kosovonun müstəqilliyini alqışlayır.

Üstəlik, Ermənistan bu günə kimi öz hərbçilərini Kosovoda saxlayır.

Bu, Ermənistanın Serbiyaya olan “hörməti”dir, amma görünür, Serbiya bundan heç də narahat deyil. Serbiya narahat olsaydı, özünün ərazi bütövlüyünə qarşı mövqedə dayanan Ermənistana silah satmaq bir yana, onunla əlaqələri də məhdudlaşdırardı.

Bu gün Azərbaycan bütün instansiyalarda Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Təəssüf ki, həmin ölkə qeyri-adekvat davranışı ilə ikitərəfli munasibətlərin ruhuna uyğun davranış nümayiş etdirmir.

Serbiyanın Ermənistana silah satışı ilə bağlı mövqeyi isə ikibaşlıdır.

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkəsinin istehsal etdiyi silahlar həm Ermənistan, həm də Azərbaycana satılır, çünki bu, yerli silah sənayesinin uğurlu fəaliyyətini təmin etməyin yeganə yoludur.

“Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Son bir neçə ildə Azərbaycana 10 dəfə artıq silah satmışıq”, – Vuçiç iyulun 31-də axşam özünün Serbiya Proqressiv Partiyasının iclasında deyib.

Ermənistanı dost kimi görən Serbiyanın mövqeyi anlaşılan deyil.

Bununla belə, A.Vuçiç etiraf edib ki, Ermənistana bu ixrac qərarı yanlış olub və gələcəkdə ona yenidən baxılmalıdır. Ancaq prezident onu da əlavə edib ki, Serbiyanın hərbi sənayesində 17 min nəfər çalışır və onların yaşayışı təmin olunmalıdır.

“Azeri Defence” saytı müxtəlif dövrlərdə Serbiyanın Ermənistana müxtəlif silahların satışı ilə bağlı məlumatlar yayımlayıb. Bu məlumatların bir çoxu Ermənistanın rəsmi dövlət qurumlarının, eləcə də Dağlıq Qarabağdakı separatçıların yayımladığı video və foto görüntülərlə də təsdiqini tapıb.

2019-cu ilin avqust ayında Qarabağakı erməni separatçı hərbi birləşmələri Serbiya istehsalı olan 20 mm çaplı M55A4B1 zenit qurğusunu silahlanmaya qəbul edib. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Azərbaycan ərazilərindəki hərbi hissələrdən birinə səfəri zamanı MT-LB zirehli maşınına yerləşdirilmiş M55A4B1 zenit qurğusu ilk dəfə nümayiş etdirilmişdi.

Tovuzdakı Ermənistanın işğalçı əməliyyatlar keçirməsindən bir neçə gün əvvəl isə Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir