“Vətən müharibəsinin nəticələri ilə bağlı bir yox, bir neçə məhkəmə iddiası olub. Çünki tərəflərin üzv olduğu Konvensiyaya baxılır. Ermənistan həmin Konvensiyaya üzvdürsə, o zaman bizim tərəfdən məhkəməyə iddia qaldırılır”.
Oxu.Az-ın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Xarici İşlər Nazirliyində Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı keçirilən brifinqdə bildirib.
Brifinqdə BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiası”nın təmin edilməməsi barədə danışılıb.
Bildirilib ki, Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası, habelə guya Azərbaycan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin edilməyib.
“Bu ilin yanvarında Azərbaycan tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistana qarşı iddia irəli sürülüb. Fevral ayında isə Ermənistan bizə qarşı əks iddia qaldırıb. Sentyabrda Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə hər iki tərəf bir-birinə qarşı iddia irəli sürüb. Bu iddialarla bağlı yekun qərarlar hələ veriləcək. Hazırkı qərarlar təcili məsələlər üzrə çıxarılan qərarlardır. Yəni, işə hələ mahiyyəti üzrə baxılmayıb.
Azərbaycan tərəfini ABŞ və Böyük Britaniyanın peşəkar vəkilləri təmsil edib. Bizim qaldırdığımız iddiada mina xəritələrinin verilməsi məsələsi də əks olunub. Ermənistan baş naziri Nikol Paşinyan əvvəlcə bunun bir qismini təmin etdiyini bildirib. Ancaq məhkəməyədək Ermənistan tərəfi bütünlüklə mina xəritələrini təqdim etdiyindən məhkəmədə bu məsələ barədə qərar çıxarılmasına ehtiyac duyulmayıb”.
Səbuhi Musayev