Azərbaycan və Pakistan HDQ-lərinin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib (VİDEO)

Siyasət

Bakı. Trend:

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci
dərəcəli kapitan Şahin Məmmədov ilə ölkəmizdə səfərdə olan Pakistan
İslam Respublikasının HDQ komandanı admiral Navid Əşrəf arasında
görüş keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rəsmi qarşılanma mərasimində HDQ komandanları
fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət
himnləri səsləndirilib.

Pakistan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin hərbi
hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq
xatirəsinə ehtiram nümayiş etdirib.

Görüş zamanı Azərbaycan və Pakistan HDQ-lərinin qarşılıqlı
əlaqələrinin inkişaf perspektivləri ətrafında geniş fikir
mübadiləsi aparılıb, döyüş gəmilərinin heyətləri arasında təcrübə
mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və bir sıra digər
məsələlər müzakirə olunub.

Daha sonra HDQ bazasını ziyarət edən pakistanlı qonaqlar üçün
təşkil edilmiş brifinqdə Azərbaycan HDQ-sinin strukturu, əməliyyat
imkanları, Xəzər dənizinin Azərbaycana aid sektorunda fəaliyyəti,
şəxsi heyət üçün yaradılmış şərait, təlim-tədris prosesi, eləcə də
xidməti-döyüş fəaliyyətinin təşkili barədə ətraflı məlumat
verilib.

Səfər çərçivəsində Pakistan nümayəndə heyəti, həmçinin HDQ-nin
“N” hərbi hissəsində olub. Hərbi hissə ilə tanışlıqdan sonra
qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını
izləyiblər.