Dekabrın 9-da Azərbaycanın işğaldan azad edilmiş Şuşa rayonu ərazisində iki mülki şəxs minaya düşərək həlak olub.
Prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşüblər.
Növbəti dəfə Azərbaycan vətəndaşları Ermənistan tərəfindən məqsədyönlü şəkildə təşkil olunmuş mina terrorunun qurbanına çevriliblər. Azad olunmuş ərazilər erməni terrorçulardan təmizlənsə də, erməni terroru minalar şəklində hələ də can almağa davam edir.
Şuşa şəhərinin Daşaltı kəndindən 1300 metr məsafədə baş verən partlayışdan sonra müəyyən edilib ki, burada minalar xüsusi üsulla basdırılıb ki, minaya düşən şəxslərin sağ qalmaq şansı olmasın. Belə ki, ermənilər tank və piyada əleyhinə minaları birlikdə basdırıblar. Əvvəlcə tank əleyhinə mina, onun üzərindən isə piyada əleyhinə minanın basdırılmasında məqsəd partlayış dalğasını maksimum gücləndirmək və nəticədə daha ağır fəsadlara səbəb olmaqdır.
Qeyd edək ki, bu tip “sürpriz-minalar”dan diversiya, terror aktları zamanı istifadə olunur. Bu isə Ermənistanın dövlət olaraq terrorçu mahiyyətini ortaya qoyur.
Mina təhlükəsi ilə bağlı danışarkən sözsüz ki, Ermənistanın mina xəritələri ilə bağlı riyakarlığını da qeyd etmək lazımdır. Düzdür, bu xəritələr Azərbaycan tərəfinə təqdim olunub. Lakin xəritələrin dəqiq olmadığı halda adi kağız parçasına çevrildiyini də unutmayaq. Ermənilərin isə Ağdam, Füzuli və Zəngilan rayonları üzrə daha əvvəl verilmiş mina sahələri üzrə məlumatların dəqiqliyi cəmi 25 faiz təşkil edib. Bu günlərdə təqdim edilmiş digər ərazilərdəki mina sahələrinin formulyarları isə etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratı yaradıb.
Bütün bu amillər isə bir daha Ermənistanın mina terrorunun miqyasını nümayiş etdirir. Dövlət səviyyəsində terrora dəstək verən, bir çox terrorçu yetişdirən Ermənistan mina xəritələri ilə bağlı ortaya qoyduğu saxtakarlıqla məqsədli şəkildə Azərbaycanın dinc sakinlərinin həyatına qəsd etdiyini və daha çox itkiyə səbəb olmaq niyyətini ortaya qoyur.
İşğal dövründə Azərbaycan ərazilərində minlərlə mina basdıran ermənilər mina terroruna məhz bu ərazilərin gec-tez Azərbaycanın nəzarətinə qayıdacağını bildikləri üçün əl atıblar. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını talayan, viran qoyan ermənilər işğala son qoyulduqdan sonra bu ərazilərdə dinc həyatın bərpasına, insanların uzun illər həsrət qaldıqları ata-baba yurdlarına qayıtmasına əngəl yaratmaq üçün mina terrorundan istifadə ediblər.
Terrorun heç bir şəkli ermənilər üçün yad və yeni sayıla bilməz. Çünki ermənilər üçün mülki hədəflər, dinc sakinlərə zərbə vurmaq, onları hədəfə almaq cinayət hesab edilmir. Bu dövlət və dövlətin idarə olunduğu xəstə təfəkkür öz məqsədinə çatmaq üçün bütün bəşəri prinsipləri tapdalamağa hazırdır. Xocalı soyqırımı, Qarabağda qətlə yetirilmiş minlərlə azərbaycanlı, Vətən müharibəsi zamanı Bərdə və Gəncədə dinc əhalinin hədəf alınması Ermənistan dövlətinin terrorçu xislətini ortaya qoyan faktların yalnız bir qismini təşkil edir.
Çünki bu ölkənin milli ideologiyası Azərbaycan və Türkiyəyə qarşı terror və nifrət üzərində qurulub. Qurbanın milli mənsubiyyətinin türk olması belə onun erməni terrorunun hədəfinə çevrilməsinə səbəb ola bilib. Tarixi bu cür çirkin əməllərin qəhrəmanları – Njde, Dro, Andronik kimi terrorçu-cəlladlarla “zəngin” olan ermənilər bu gün də öz ənənələrini davam etdirməkdən çəkinmirlər.
Azərbaycan dövləti Ermənistanın mina terroruna da qalib gəlmək iqtidarındadır. Mina xəritələri ilə bağlı erməni tərəfinin riyakar, təxribat xarakterli mövqeyinə baxmayaraq, dövlətimizin ortaya qoyduğu səylər nəticəsində ərazilərimiz minalardan təmizlənəcək, vətəndaşların təhlükəsiz şəraitdə doğma yurdlarına qayıtması təmin olunacaq.
Təbii ki, bu işdə Azərbaycana beynəlxaq dəstək də artmalıdır. Çünki mina terroru bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir. Artıq bir çox ölkələr bu sahədə ölkəmizə dəstəyini açıqlasa da, ermənilərin mina terrorundan tam şəkildə xilas olmaq üçün beynəlxalq təşkilatların daha fəal dəstək olması zəruridir.
Orxan Tağıyev