Avazada Xəzərin dayazlaşması müzakirə edilib (FOTO)

Siyasət

Bakı. Trend:

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə
Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət
rəsmiləri səviyyəsində iclası keçirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Xəzər dənizinin
dayazlaşmasının mənfi təsirlərini azaltmaq üçün birgə fəaliyyətin
əsas istiqamətləri müzakirə olunub.

İclasda çıxış edən Baş nazirin müavini Şahin Mustafayev
Xəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artım
dinamikasını qeyd edərək bunun həm ikitərəfli, həm də çoxtərəfli
formatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığını
bildirib.

Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş III
Xəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiya
həcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrində
əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd
edib.

Çıxışında ekoloji çağırışlara da toxunaraq qeyd etdi, su
səviyyəsinin aşağı düşməsi bütün regionda narahatlıq doğurduğunu,
bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan
Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert
qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini
vurğulayıb.

Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən
dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə
müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı
ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə
mümkün təsirləri diqqət mərkəzində olub.

Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, səviyyə
dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün
elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın,
gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə
proqramların həyata keçirilməsi zəruridir.

İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin
öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa
imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə
salınması təşəbbüsü irəli sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir