Dekabrın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində “altılıq platforması”nın (“3+3”) ilk iclası keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü olan bu platforma regionun gələcəyi ilə bağlı birgə addımların müzakirəsi və əməli işlərin görülməsi baxımından böyük önəm daşıyır.
Azərbaycan və Türkiyə liderlərinin bu təşəbbüsünə həmçinin Rusiya Prezidenti Vladimir Putinin də böyük dəstəyini qazanıb. Eyni zamanda cənub qonşumuz İran da “altılıq platforması”nı açıq surətdə dəstəyini ifadə edib.
Sözügedən formatın önəmi ilk növbədə ondan ibarətdir ki, bu çərçivədə region ölkələri problemlərin birgə həll yollarının tapılmasına köklənəcək. Yəni bütün məsələlərin regionun daxilində müzakirələr yolu ilə həll edilməsinə zəmin yaradacaq.
Bu amil həm də tarixi zərurətdən irəli gəlir. Çünki ATƏT-in Minsk Qrupunun fəaliyyəti göstərdi ki, regiona daxil olmayan ölkələrin (Fransa, ABŞ) siyasi gündəliyində Qarabağ münaqişəsinin həlli sonuncu yerdə dayanmışdı. Bu yanaşmanı regionumuz üçün mühüm önəm kəsb edən bir çox digər məsələlərdə də görmüşük. Odur ki, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə region ölkələrinin marağında olduğu məsələlərin həllində bu cür platformanın yaradılması məsələlərə lazımi diqqətin ayrılmasına və daha çevik həll yollarının tapılmasına təkan verəcək.
“Altılıq platforması”nın bugünkü iclasında region ölkələrindən yalnız Gürcüstan iştirak etməyəcək. Bakıda Gürcüstanın bu qərarına anlayışla yanaşırlar. Lakin qeyd etmək lazımdır ki, “3+3” formatı Tbilisi ilə Moskva arasında bir çox çətin problemlərin, o cümlədən Abxaziya və Sxinvali regionunun reinteqrasiyası məsələlərinin müzakirəsi və həlli üçün də effektiv platformaya çevrilə bilər. “Altılıq platforması” Türkiyə ilə Ermənistan arasındakı problemlərin də həlli üçün mühüm əhəmiyyət kəsb edə bilər.
Bütün bu amilləri nəzərə almadan bir sıra ekspertlər “altılıq platforması” ilə Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı məsələləri həll etdiyi “Astana formatı” arasında paralellər aparır. Ancaq bu yanaşma tamamilə reallıqdan uzaqdır. Bu cür iddialar ortaya atılarkən regionumuzdakı reallıqlar nəzərə alınmır, üstəlik Yaxın Şərq və Cənubi Qafqaz regionu arasındakı fərqli, spesifik xüsusiyyətlərə istinad edilmir.
Azərbaycan və Türkiyənin “altılıq platforması” təşəbbüsünü isə Benilüks və Skandinaviya ölkələrinin nümunələri fonunda qiymətləndirmək daha düzgün yanaşma ola bilər. Çünki sözügedən ölkələr regional platformalar çərçivəsində birgə uğurla fəaliyyət göstərir.
Uzun illər regionumuzda mövcud olan problemlər Cənubi Qafqazı defraqmentasiya olunmuş məkana çevirib, regionda iqtisadi, nəqliyyat və logistika əlaqələrini məhv edib. Bunun nəticəsi olaraq regionumuz inteqrasiya olunmuş vahid kimi beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən “kənarda qalıb”.
Lakin xüsusən Azərbaycanın regionda yeni yaratdığı reallıqlar və Türkiyə ilə birgə irəli sürülən “altılıq platforması” təşəbbüsü məhz uzun illər mövcud olmuş vəziyyətin düzəldilməsi, yenidən ticarət və nəqliyyat kommunikasiyalarının həm də daha yüksək səviyyədə təşkilinə zəmin hazırlaya bilər. Burada məqsəd Cənubi Qafqaz regionunu ziddiyyətlərin hökm sürdüyü regiondan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirməkdir.
Ticarət-iqtisadi əlaqələrin inkişafı, kommunikasiyaların açılması kimi amillər regionumuzda revanşizmə və yeni müharibələrə qarşı immunitet yaranmasına səbəb olacaq. Sürətli inkişafın və tərəqqinin hökm sürdüyü bir regionda revanşizmə yer qalmayacaq, bütün dövlətlər sabitliyin daimi mövcudluğunda maraqlı olacaq. “3+3” isə regionun inkişaf düsturuna çevriləcək.
Sürətli inkişaf və tərəqqidən bəhs edərkən “Zəngəzur dəhlizi” məsələsini xüsusi qeyd etmək gərəkdir. Çünki ümumən yeni reallıqlar regionun inkişafına töhfə verirsə, “Zəngəzur dəhlizi” bu prosesin lokomotivinə çevrilə bilər. Ermənistan üzərindən “Zəngəzur dəhlizi”nin yaradılması, habelə Azərbaycan ərazisindən keçəcək “Şimal-Cənub” layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunun qlobal nəqliyyat və logistika sahəsində beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək. Yekun nəticədə isə bütün tərəflər bundan dividentlər qazanacaq.
“Altılıq plaforması” eyni zamanda Cənubi Qafqaz ölkələri üçün nəhəng satış bazarının açılmasına gətirib çıxaracaq. Təkcə İran, Türkiyə və Rusiyanın əhali sayının 300 milyon olduğunu nəzərə aldıqda bu satış bazarının miqyasının nə dərəcədə əhəmiyyətli olduğunu söyləmək çətin deyil.
Orxan Tağıyev