Əsir götürüldükdən sonra güllələndim – Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər çəkmiş azərbaycanlı

Siyasət

Bakı. Trend:

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə
verən zərərçəkmiş şəxs Şərif Əliyev ifadəsində 2020-ci ildə 44
günlük Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd
istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib.

Trend xəbər
verir ki, o, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa
üsullarla işgəncələrə məruz qaldığını deyib.

Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa
yerə, – sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, – aparılıb. Qeyd
edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından
yaralanıbmış. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və
erməni dillərində sözlər deyərək ondan təkrarlanmasını istəyiblər.
Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə
nahiyəsindən güllələnib.

Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına
cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbçi
yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb.
Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan
silahlı qüvvələrinin hərbçiləri tərəfindən “yoxlama vuruşu” ilə
qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.

O, təqsirləndirilən şəxs Davit İşxanyananın suallarına cavabında
Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat
olunduğunu söyləyib.

2020-ci il dekabrın 15-də Azərbaycana qaytarılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.