İlham Əliyev: “Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistanı qınayıbmı?”

Siyasət

“Ağdam şəhəri nə gündədir, siz də görmüsünüz. İndi bütün dünya bunu görür. Artıq minlərlə insan – siyasətçi, deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağıntıları görüb”. 

Bu sözləri Prezident İlham Əliyev bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edən zaman deyib. 

“Müharibənin başa çatmasından bir ildən çox vaxt keçir. İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu, heç olmayıb. İndi Ağdam şəhəri yoxdur, tamamilə dağıdılıb, talan edilib və hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əlil olub. Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox! İşğal dövründə etnik təmizləməyə görə, Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistanı qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamalıyıq. Necə ki, işğalla barışmamışdıq, ədalətsizliklə barışmamışdıq. Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib. Çünki bunun başqa yolu yoxdur. Nəyə görə? Güc, iradə, birlik, həmrəylik və məsuliyyət. Siyasətdə, həyatda, idmanda bax, bu amillər hesab edirəm ki, hər bir insana, siyasətçiyə başucalığı gətirəcək. Bir daha demək istəyirəm ki, sizin qələbəniz sadəcə idman qələbəsi deyil. Çünki siz Ağdam şəhərini təmsil edirsiniz. Əminəm ki, gün gələcək biz Ağdamı dediyim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, “İmarət” stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq, xalqımızı sevindirəcəksiniz”, – dövlət başçısı qeyd edib.

O, “Qarabağ” futbol klubunun üzvləri ilə üçüncü dəfə görüşdüyünü bildirib:

“Mən sizinlə üçüncü dəfə görüşürəm – 2014-cü ildə, 2017-ci ildə və bu dəfə. Nə üçün? Çünki siz ölkəmizə, xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim. Əminəm ki, bu da olacaq. Amma “Qarabağ” yenə də deyirəm, hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qalır. Sizə yeni mərhələdə uğurlar, nailiyyətlər, qələbələr arzulayıram. Bir daha sizi təbrik edirəm”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir