Regionun yeni reallıqları: Bakı və Ankaranın İrəvana verdiyi seçim şansı – TƏHLİL

Siyasət

Azərbaycanın haqq savaşında qazandığı tarixi qələbə regionumuzda yeni reallıqlar yaratdı. Azərbaycan dövləti işğala son qoyaraq regionun inkişafı üçün yeni mərhələnin əsasını qoydu.

Yeni reallıqların hökm sürdüyü regionumuzda isə artıq dövlətlərarası münasibətlərin normallaşdırılması məsələsi ön plana çıxır. Çünki regionun inkişaf və tərəqqisi məhz dövlətlərarası münasibətlərdəki irəliləyişdən asılıdır.

Bu istiqamətdə son günlər Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşdırılması üçün qarşılıqlı müsbət siqnallar ötürülür. Digər məsələlərdə olduğu kimi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında da Bakı və Ankara arasında sıx koordinasiya mövcuddur.

Bu, o deməkdir ki, Türkiyə Ermənistanla münasibətlərinin normallaşdırılmasında maraqlıdır, lakin bu zaman Azərbaycanın maraqları da tamamilə nəzərə alınır və dövlətlər arasındakı qardaşlıq münasibətlərinə əsaslanan bu yanaşmada dəyişiklik edilməsindən söhbət belə gedə bilməz.

Qeyd edək ki, Azərbaycan dövləti də rəsmi şəkildə regionda kommunikasiyaların açılması, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mövqeyindən çıxış edir.

Çünki rəsmi Bakı yaranmış yeni reallıqları lazımınca qiymətləndirir və regionda birgə inkişaf zəmininin formalaşdırılmasına töhfə verməyə çalışır. Məhz bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü olan “3+3” platformasına Ermənistan cəlb olunub. Bu addım Bakı və Ankaranın İrəvanla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu göstərir.

Azərbaycan dövləti həmçinin Ermənistanla sülh müqaviləsinin hazırlanması və imzalanması üçün işlərə başlamaqla bağlı dəfələrlə öz mövqeyini ifadə edib. Çünki istər Ermənistandakı revanşist qüvvələrin qarşısını almaq, istərsə də regional əməkdaşlıq üçün sağlam və daimi mühitin formalaşdırılması naminə iki dövlətin münasibətlərinə birmənalı aydınlıq gətirəcək və sülh yaradacaq müqavilənin imzalanması olduqca mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə Azərbaycan dövləti tərəfindən regionumuzun bütün ölkələri üçün iqtisadi cəhətdən böyük üstünlüklər təmin edəcək Zəngəzur dəhlizinin yaradılması üzrə işlər aparılır.

Bu gün Azərbaycan müharibədə qalib olmasına və regionda əsas söz sahibi olmasına baxmayaraq yeni reallıqların ortaya qoyduğu imkanlardan Ermənistanın da faydalana bilməsinə imkan yaradır. Burada isə əsas məsələ Ermənistanın yanaşmasındadır. Çünki İrəvan öz qarşısında açılan regional iqtisadi reinteqrasiya üzrə imkanları düzgün qiymətləndirməlidir.

Ermənistan dövləti birmənalı şəkildə təcavüzkar siyasətin fəsadlarını görməli, qonşuları ilə münasibətdə dinc siyasətə qədəm qoymalıdır. Azərbaycan və Türkiyənin ortaya qoyduğu qətiyyətli və düzgün mövqedən dərs çıxarmaqla açılan fürsətlər pəncərəsindən maksimum yararlanmağa cəhd göstərməlidir.

Çünki yaxın tarix Ermənistanın sözügedən siyasətinin nəticələrini də açıq-aşkar ortaya qoyub. İqtisadi tənəzzül və səfalət, ehtiyaclar içində çırpınan xalq – bu Ermənistanın qonşularına münasibətdə həyata keçirdiyi siyasətin bariz göstəricisi idi.

Bütün bunlara Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətini də əlavə etsək, o zaman Azərbaycan və Türkiyənin öndərliyində yeni yaranmış reallıqların tam miqyasını görmək mümkündür.

Türkiyə ilə münasibətləri normallaşdırmaq, Azərbaycanla sülh müqaviləsi imzalayaraq regiondakı bütün kommunikasiyaların açılmasına, burada iqtisadi münasibətlərin inkişafına şərait yaratmaq Ermənistan üçün yaxın keçmişdəki səhvlərin nəticələrini aradan qaldırmaq baxımından da önəmlidir.

Ermənistandakı revanşist qüvvələr isə bütün bunları görməzdən gələrək öz xəstə təfəkkürlərinin məhsullarını tirajlamağa davam edirlər. Bəzi qüvvələr isə Türkiyə ilə münasibətlərin normallaşdırılmasına Azərbaycanın iştirakı olmadan nail ola biləcəklərini zənn edirlər.

Lakin dövlətlərimiz arasındakı mövcud münasibətlər, Türkiyə-Azərbaycan qardaşlığı, hər iki ölkənin liderlərinin qətiyyətli mövqeyi bu fikirləri alt-üst edir. Hər kəs bilməlidir ki, Ermənistanın atacağı addımlar və verilən siqnallardan asılı olaraq strateji müttəfiq olan Azərbaycan və Türkiyə bundan sonra da Ermənistanla münasibətdə addımlarını yaxından koordinasiya edəcəklər.

Bu məsələlərdə süni əngəllər yaratmağa çalışan tərəf isə Ermənistandır. Azərbaycan və Türkiyənin mövqeləri üst-üstə düşür və kifayət qədər aydındır. Ermənistanın bu məqamları düzgün qiymətləndirməsi və müvafiq addımlar atması isə ilk növbədə onun özü üçün taleyüklüdür.

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir