Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər – Ermənistan silahlı qüvvələrinin əsirliyində olmuş azərbaycanlı

Siyasət

Bakı. Trend:

Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə
verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında
Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir
götürüldüyünü bildirib.

Trend xəbər
verir ki, İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında,
Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt
Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq
kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları
tikintisi işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı
döyülüb, işgəncələrə məruz qalıb, cümlədən başında butulka
sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib,
bu səbəbdən axsayır. “Sərxoş olub, narkotik maddələr qəbul edib
bizə işgəncə verirdilər”, – deyə o bildirib.

Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən,
döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü
söyləyib. Yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir
əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev
Əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın
8-də əsirlikdən azad olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

Spread the love