“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşə dair bəyanatında bir sıra vacib məqamlar diqqəti çəkir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” hesabında bildirib.
O qeyd edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında əhatəli sülh müqaviləsinin bağlanmasını dəstəkləyir və marağını ifadə edir.
İkincisi, Brüssel də ötən il noyabrın 10-da bağlanmış üçtərəfli razılaşmada nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin tərəfdarıdır.
“Üçüncüsü, Avropa İttifaqı iki ölkə arasında birbaşa müzakirələrin təşkilində maraqlıdır və Müdafiə Nazirlərinin qarşılıqlı fikir mübadiləsinin təşkilini əlaqələndirmək niyyətindədir.
Dördüncüsü, bəyanatda Ermənistan tərəfindən mina xəritələrinin tam təqdim olunması və itkin düşənlər ilə bağlı məsələlər də xüsusi qeyd olunur. Avropa İttifaqı həmçinin minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir”, – deyə Vüqar Bayramov əlavə edib.
Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətindəki səylər Brüssel tərəfindən dəstəklənir və İttifaq bu məsələdə aktiv olmaq niyyətindədir.
Digər bir məsələ isə Avropa İttifaqı ölkələrin suverenliyi gözlənilmək şərti ilə regionda kommunikasiyaların yenidən bərpasını dəstəkləyir.
Millət vəkili qeyd edib ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra regionda formalaşan yeni düzəni artıq aparıcı ölkələr də qəbul edirlər.
“Bəyanatdan göründüyü kimi, Avropa İttifaqı sülh müqaviləsinin imzalanması və bütövlükdə regionda dayanıqlı stabilliyinin formalaşmasında yaxından iştirak etmək niyyətindədir. Son bəyanat və eləcə də ikitərəfli görüşdə müzakirə olunan məsələlər bir daha təsdiq edir ki, regionda kommunikasiyaların yenidən bərpası sadəcə zaman məsələsidir. Zəngəzur dəhlizinin məhz dəhliz statusu ilə bərpası məsələsində Azərbaycanın mövqeyi daha da güclənməkdədir: regionda olan bütün dəhlizlərə bir yanaşma olmalıdır və olacaq.
Son proseslər göstərir ki, daha yaxın zamanlarda Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa quru nəqliyyat əlaqəsinin reallaşması mümkün olacaq. Proseslər isə hərtərəfli sülh müqaviləsinin imzalanmasına doğru gedir”, – deyə o fikrini yekunlaşdırıb.