Azərbaycan və Ermənistan arasında Birgə bəyannamənin imzalanması sülh müqaviləsinin yekunlaşdırılması prosesini işə sala bilər

Siyasət

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında Birgə bəyannamənin imzalanması
sülh müqaviləsinin yekunlaşdırılması prosesini işə sala bilər.

Bunu Trend
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyü Brayza deyib.

“Şəxsən mən uzun illər ərzində hesab etmişəm ki, istənilən halda
bu vəzifəni kimin tutmasından asılı olmayaraq, ABŞ Prezidentinin
iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin
yekunlaşdırılmasının son dərəcə mühüm əhəmiyyəti var. Və ümid
edirəm ki, biz hazırda həmin anın yaxınlaşdığı mərhələdəyik, çünki
Prezident Tramp bu gün Ağ Evdə Prezident İlham Əliyev və Baş nazir
Paşinyanı qəbul edir.

Düşünürəm ki, bu gün sülh müqaviləsi imzalanmayacaq, bunun
əvəzində çərçivə sazişi əldə olunacaq. Bu sənəddə Baş nazir
Paşinyan və Prezident İlham Əliyevin sülh sazişinin imzalanmasına
doğru irəliləmək üçün atmağa hazır və niyyətində olduqları konkret
addımlar əksini tapacaq.

Heç kim dəqiq bilmir ki, sülh müqaviləsi nə vaxt imzalanacaq,
lakin çərçivə sazişi çox mühüm bir addım olacaq”, – deyə o qeyd
edib.

O, bu ilin martında Azərbaycan və Ermənistanın sülh
müqaviləsinin yekun mətnini razılaşdırdıqlarını xatırladıb.

“Bir mühüm, hələ də həll olunmamış məsələ qalır – bu,
Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi
tələbi ilə bağlıdır. Belə ki, Konstitusiyada açıq və birmənalı
şəkildə Qarabağın Azərbaycanın bir hissəsi olduğu bəyan edilməli və
hazırkı erməni Konstitusiyasında mövcud olmuş və ya qalmış
istənilən ikimənalılıq aradan qaldırılmalıdır.

Bu proses asan olmayacaq. Bu, Baş nazir Paşinyandan Ermənistan
daxilində çox ağır siyasi mübarizədə qalib gəlməyi tələb edəcək.
Bundan başqa, məlumatlara görə, ABŞ ilə Azərbaycan arasında, eləcə
də ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazişlərinin
imzalanması gözlənilir. Bu sazişlər hər iki ölkənin ABŞ ilə
münasibətlərində iqtisadi, siyasi və təhlükəsizlik sahələrini
gücləndirəcək”, – deyə sabiq səfir bildirib.

Brayzanın sözlərinə görə, məlumatlara əsasən, 907-ci düzəliş
ləğv ediləcək, yaxud Prezident Tramp Respublikaçılar tərəfindən
nəzarət olunan ABŞ Konqresini həmin düzəlişi tamamilə aradan
qaldırmağa çağıracaq.

“Nəhayət, Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılaşma əldə
oluna bilər ki, bu çərçivədə ABŞ-dən olan logistika şirkəti
Ermənistan ərazisində yerləşən həmin dəhlizdə fəaliyyət göstərəcək.
Hazırda bütün bu məlumatlar Vaşinqtondan daxil olur və bu gündən
sonra nələrin baş verəcəyi hələ məlum deyil. Amma bu, çox
ümidverici bir məqamdır, Ermənistan-Azərbaycan münaqişəsini
işıqlandırdığım bütün dövr ərzində, yəni artıq əsrin dörddə biri
qədər olan müddətdə ən ümidverici məqamdır. Ümid edirəm ki, bu gün
baş verənlər sonda yekun sülh müqaviləsinin imzalanmasına gətirib
çıxaracaq, bəlkə də yaxın vaxtlarda. Əgər çərçivə sazişi dəqiq
ifadə olunarsa, bu, sülh müqaviləsinin yekunlaşdırılması prosesini
başlada biləcək”, – deyə o yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir