
Bakı. Trend:
Bu gün Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin
gözlənilən paraflanması son dərəcə pozitiv addımdır.
Bunu Trend-ə ABŞ-nin
Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
“Bu razılaşmanın əsasən iki ölkə arasında əldə edildiyini başa
düşmək vacibdir”, – o qeyd edib
Sabiq səfirin sözlərinə görə, hazırkı hadisələrin əhəmiyyətinə
baxmayaraq, hər iki tərəfin istədiyi və layiq olduğu davamlı sülhə
nail olmaq üçün ermənilər və azərbaycanlılar əlavə addımlar atmalı
olacaqlar.
O, həmçinin Azərbaycan ilə ABŞ arasında münasibətlərin
keyfiyyətcə yeni mərhələyə qaldırılmasının vacibliyindən
danışıb.
“Ağ Evdə keçirilən bugünkü tarixi görüşlər barədə daha sonra və
daha ətraflı danışmaq mümkün olacaq, lakin ABŞ və Azərbaycan
arasında yenilənmiş strateji tərəfdaşlıq həm Vaşinqton, həm də Bakı
üçün, eləcə də daha geniş regionda sülh və sabitlik üçün müsbət
haldır”, – Sekuta vurğulayıb.
O xatırladıb ki, ABŞ ilə Azərbaycan arasında strateji
tərəfdaşlıq bir neçə ildir, hətta onun səfir təyin olunmasından
əvvəl də mövcud olub.
“Azərbaycan hökumətindəki həmkarlarımla birgə bu tərəfdaşlıq
çərçivəsində nəzərdə tutulan görüşləri fəallaşdırmağa çalışırdıq,
lakin təəssüf ki, bir sıra səbəblərə görə istədiyimiz nəticəyə nail
ola bilmədik. Azərbaycanın coğrafi mövqeyi – dünyada eyni anda həm
Rusiya, həm də İranla sərhəddə olan yeganə ölkə olması, eləcə də
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyi,
suverenliyi, ərazi bütövlüyü və iqtisadi rifahı kimi reallıqları
nəzərə alaraq, Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq
tamamilə məntiqlidir. Şadam ki, Tramp administrasiyası bunu başa
düşür və Azərbaycanla, eləcə də Ermənistan və digər ölkələrlə daha
fəal əlaqə qurmağa çalışır”, – deyə Robert Sekuta fikrini
yekunlaşdırıb.