
Bakı. Trend:
Pakistan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə
keçirilən sammitdə imzalanmış tarixi razılaşmanı alqışlayır.
Trend xəbər verir
ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif “X”sosial şəbəkə
hesabında yazıb.
O bildirib ki, bu əlamətdar hadisə onilliklər boyu münaqişələr
və insan iztirabları yaşamış Cənubi Qafqaz regionunda sülh,
sabitlik və əməkdaşlığın yeni erasının başlanğıcını göstərir.
“Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionları
üçün sülh dolu gələcəyin qurulmasında müdriklik və uzaqgörənlik
nümayiş etdirən bu tarixi razılaşma münasibətilə təbrik edirik.
Pakistan həmişə qardaş Azərbaycan xalqını dəstəkləyib və tarixinin
bu şanlı anında da onun yanındadır.
Həmçinin, hər iki tərəfin ticarət, əlaqələrin inkişafı və
regional inteqrasiyanın yeni imkanlarını açan razılığa gəlməsinə
şərait yaratmış ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə həyata
keçirilən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik
ki, bu dialoq ruhu uzunmüddətli münaqişələrlə üzləşmiş digər
regionlar üçün də nümunə olacaq”, – deyə o qeyd edib.