Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərinin nəticələrinə dair mətbuat məlumatı

Siyasət

Bakı. Trend:

7-8 avqust 2025-ci il tarixlərində Prezident İlham Əliyevin
Amerika Birləşmiş Ştatlarına səfəri həyata keçirilib.

Trend xəbər
verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Prezident İlham
Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərinin nəticələrinə dair
mətbuat məlumatı dərc edib.

Məlumatda bildirilib ki, səfər çərçivəsində Azərbaycanla ABŞ
arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən
“Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti
və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma
Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən
sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək
Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması
məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə
tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və
tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və
rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də
müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin
prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki
əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından
xüsusi əhəmiyyət kəsb edir.

Məlumatda vurğulanıb ki, səfər həmçinin iki ölkə Prezidenti
arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən
Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması
barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ
münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin
tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş
çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Əlavə edilib ki, Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə
səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi
kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı,
Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin
Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və
Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ
Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı,
hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”
layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli
strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan
sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Qeyd edilib ki, Vaşinqton görüşünün nəticələrinə dair Birgə
Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh
gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis
edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa
çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq
üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu
kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan
konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi
iddialarının aradan qaldırılacağını gözləyir.

“Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa
iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair
bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində
Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası
arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu
vurğulanıb.

Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi
– “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata
keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi
vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar
Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə
ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması
barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin
ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq
gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi
əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib
addımdır.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının
Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə
SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında
Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət
əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm
qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının
dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini
ehtiva edir.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində
Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və
Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr
tarixi əhəmiyyətə malikdir”, – deyə XİN-in məlumatında
vurğulanıb.