Aİ Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək qiymətləndirir

Siyasət

Bakı. Trend:

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında Vaşinqtonda
əldə olunmuş razılaşmaları yüksək qiymətləndirir.

Trend xəbər verir
ki, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının
vitse-prezidenti Kaya Kallasın bəyanatında deyilir.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında Ağ Evdə
əldə olunmuş razılaşmalar uzunillərin münaqişəsinə son qoyulması
məsələsində əhəmiyyətli sıçrayış olub.

“Biz hər iki tərəfin və ABŞ administrasiyasının anı düzgün
dəyərləndirərək irəliləyişə nail olmasını yüksək qiymətləndiririk.
İndi isə razılaşdırılmış tədbirlərin, xüsusilə sülh müqaviləsinin
imzalanması və ratifikasiyasının vaxtında təmin edilməsi vacibdir”,
– deyə o vurğulayıb.

Kallas qeyd edib ki, bu il mart ayında Ermənistan və Azərbaycan
arasında sülh sazişi mətninə dair ikitərəfli danışıqların başa
çatmasından sonra indiki addım, 1991-ci il Alma-Ata Bəyannaməsinə
uyğun olaraq, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin
toxunulmazlığının qarşılıqlı tanınması əsasında Ermənistan və
Azərbaycan arasında münasibətlərin tam normallaşdırılması yolunda
mühüm və həlledici növbəti mərhələdir.

Onun sözlərinə görə, bu gün razılaşdırılmış tədbirlərin həyata
keçirilməsindən sonra onların regionda ümumiliklə sülhün inkişafına
müsbət təsir göstərəcəyi, münaqişə mirası ilə ayrılmış cəmiyyətləri
davamlı sülhə və ümumi rifaha yaxınlaşdıracağı gözlənilir.

“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşdırılması prosesini tam dəstəkləyir və uzun
illərdir hər iki tərəf və beynəlxalq tərəfdaşlarımızla birlikdə
davamlı sülh üçün şəraitin yaradılması istiqamətində çalışır. Biz
bundan sonra da tərəfdaşlarla tamhüquqlu normallaşma üzərində
işləməyə, o cümlədən növbəti addımların praktiki icrası üçün əlavə
dəstək və ekspert bilikləri təqdim etməyə hazırıq”,- K.Kallas
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir