
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları
(ABŞ) Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol
Paşinyanın avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşü
tarixi əhəmiyyət daşıyır. Bu görüş regionun gələcəyi üçün mühüm
dönüş nöqtəsi olacaq. Görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzun
illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan
arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi
addım kimi tarixə düşəcək.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Səbinə Salmanova deyib.
Deputat Birgə Bəyannamədə bir çox vacib məsələlərin əks
oldunuğunu bildirib:
“Sənəddə yer alan kommunikasiyaların açılması ilə bağlı
müddəalar Azərbaycan və Ermənistan arasında təkcə fiziki deyil, həm
də siyasi və iqtisadi körpülərin qurulmasına xidmət edir.
Azərbaycanla Naxçıvan arasında birbaşa, maneəsiz əlaqənin təmin
olunması ölkəmizin milli maraqları baxımından xüsusi əhəmiyyət
daşıyır. Paralel olaraq Ermənistanın da bu prosesdən faydalanması
nəzərdə tutulur ki, bu da sülh təşəbbüsünün qarşılıqlı faydaya
əsaslandığını göstərir.
Xüsusilə, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan və
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan
beynəlxalq nəqliyyat layihəsi regionun bütün ölkələri üçün iqtisadi
perspektivlər açır. Bu layihələr, Prezident İlham Əliyevin
təşəbbüsü ilə uzun illərdir davam edən regional nəqliyyat
inteqrasiyası planının tərkib hissəsidir və Azərbaycanın tranzit
imkanlarını daha da genişləndirəcək”.
Millət vəkili əlavə edib ki, sənəddə xüsusi olaraq vurğulanmalı
bir məsələ də ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son
qoyulması təşəbbüsüdür.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən
imzalanmış birgə müraciətlə Minsk qrupunun və ona bağlı bütün
strukturların ləğvi təşəbbüsünə rəsmi start verilməsi uzun illər
ərzində heç bir nəticə verməyən, fəaliyyətsiz və artıq real
vəziyyətə uyğun gəlməyən bu formatın tarixə qovuşduğunu göstərir.
Bu diplomatik qərar Prezident İlham Əliyevin siyasi iradəsinin və
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin
növbəti sübutudur”, – deyə S.Salmanova qeyd edib.
Milli Məclisin deputatı Zaur Şükürov isə
Trend-ə
açıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasında
normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında Prezident
İlham Əliyevin rolu əvəzsizdir:
“Münaqişəni qalibiyyətlə bitirdikdən sonra Azərbaycan sülh
gündəliyi ilə çıxış etdi və bu sülh təşəbbüsünün banisi də məhz
Prezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində Azərbaycan sülh
müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin,
ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması,
qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı
ərazi iddiası ilə çıxış etməmək,bir-birinə qarşı güc tətbiq
etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və
delimitasiyası, diplomatik münasibətlərin qurulması,
kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən “5 əsas
prinsipi” Ermənistana təqdim etdi. Bu ilin mart ayında son olaraq
razılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhz
Azərbaycan tərəfindən hazırlanıb”.
Millət vəkili xatırladıb ki, 2023-cü il antiterror tədbirləri
nəticəsində Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü tam
təmin etdikdən sonra həqiqi danışıqlar başladı və 2025-ci ilin mart
ayında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşdı:
“Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh
gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi
layihəsinin imzalanması yolunda əsas maneələrin – Ermənistan
Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan
qaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğv
olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin
ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin,
Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və
bununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam
gücü ilə işləməsinə maneə törədirdi”.
Deputat vurğulayıb ki, Vaşinqton görüşü çərçivəsində imzalanmış
Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti
qələbəsidir.
“Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi
sayəsində milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz
əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi –
Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz
konstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanın
çıxarılmasını qəbul edir. Buna qədər Ermənistan rəsmiləri
konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh
müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar. Həmçinin,
Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir. Azərbaycan
Vaşinqtonda bu məqsədinə də nail oldu. Müharibədə qalib gəlmiş
Prezident İlham Əliyev sülhü də qazandı”, – deyə Z.Şükürov fikrini
tamamlayıb.

