
Bakı. Trend:
Son günlərdə çox əhəmiyyətli hadisələrin şahidi oluruq və bir
azərbaycanlı olaraq böyük qürur hissi keçiririk. Dünən və bu gün
Vaşinqtonda keçirilən görüşlər, paraflanan sənədlər, Prezident
İlham Əliyevin illərdən bəri həyata keçirdiyi məqsədyönlü və dönməz
siyasətin, güclü iradənin əhəmiyyətli bir təzahürüdür. Bu gün dünya
bir daha Azərbaycanın güclü mövqeyini, bütövlüyünü və sabitliyini
görmüş olur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Jalə Əliyeva deyib.
Millət vəkili bildirib ki, ABŞ kimi fövqəldövlətdə bu görüşün
keçirilməsi və tərəflər arasında razılığın əldə edilməsi Azərbaycan
tarixinin çox əhəmiyyətli bir səhifəsidir:
“Bu, sadəcə Azərbaycan tarixinin deyil, dəyişməkdə olan dünya
düzəni çərçivəsində yeni dünyanın, yeni tarixinin bəlkə də
başlanğıcı günüdür. Bəlkə bir az iddialı səslənə bilər, amma bu,
bir həqiqətdir. Bu gün Azərbaycan artıq sözün əsl mənasında söz
sahibi olaraq əhəmiyyətli bir yerə gəldiyini nümayiş etdirə və
sübut edə bildi. Bu, yalnız nümayişlə bitmir, biz əməllərimiz,
qərarlarımız və qətiyyətimizlə bu siyasətimizi bütün dünya
qarşısında təsdiqləyə bildik”.
Deputat vurğulayıb ki, bu, böyük bir uğur, böyük bir
nailiyyətdir və Azərbaycanın illərdən bəri həyata keçirdiyi düzgün
siyasətin mühüm bəhrəsidir.
“Əhəmiyyətli məqamlardan biri ATƏT-in Minsk qrupunun ləğv
olunması təşəbbüsü, Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin paraflanması və bu gün artıq həmin müqavilənin
imzalanması ərəfəsində olmağımızdır. Bu, sözün əsl mənasında
tarixin yazılan çox mühüm bir səhifəsidir. Bu səhifədən sonra
sadəcə Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz bölgəsi,
eləcə də bütün dünya və dünya nizamı üçün uğurlu inkişafların və
mühüm irəliləmələrin şahidi olacağıq”, – deyə J.Əliyeva qeyd
edib.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə
Trend-ə
açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi
altında imzalanmış Birbə Bəyannamə iki qonşu ölkə arasında
onillərlə davam etmiş münaqişənin həlli istiqamətində mühüm addım
kimi qiymətləndirilir:
“Bəyannamənin ən mühüm hissələrindən biri “Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in
tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması olub. Bu
addım, gələcəkdə sazişin tam imzalanması və ratifikasiyası üçün
əsas təşkil edəcək. Həmçinin, ATƏT-in Minsk Qrupu və onunla əlaqəli
strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması
keçmiş münaqişəsinin həllində uzun müddət vasitəçilik rolunu
oynayan təsisatın fəaliyyətinin başa çatdığını simvolizə edir”.
Millət vəkili bildirib ki, “Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi Ermənistan ərazisində
həyata keçiriləcək və ABŞ-nin bu regiona münasibətdə maraqlı
olduğunu göstərir:
“Bu razılaşma eyni zamanda Rusiyanın regiondakı nüfuzuna qarşı
ABŞ-nin addımı kimi də dəyərləndirilir. Minsk Qrupunun ləğvi və
ABŞ-nin vasitəçilik rolunu öz üzərinə götürməsi, Cənubi Qafqazda
geosiyasi balansın dəyişməsinə işarədir. TRIPP layihəsi və digər
kommunikasiya marşrutlarının açılması regionda iqtisadi inkişaf
üçün yeni imkanlar yaradacaq. Bu, həm Azərbaycan, həm də Ermənistan
üçün eyni zamanda, region dövlətləri üçün iqtisadi fayda vəd
edir”.
Deputat diqqətə çatdırıb ki, münaqişənin sona çatdırılması bütün
Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsinə töhfə
verəcək.
“Tramp administrasiyasının bu prosesdə fəal rol oynaması ABŞ-nin
regiondakı nüfuzunu artırmaq və Rusiyanın həmin sahədəki rolunu
məhdudlaşdırmaq cəhdini əks etdirir. Lakin bu razılaşmanın uğurla
həyata keçirilməsi hər iki tərəfin siyasi iradəsindən və ictimai
dəstəkdən asılıdır.
Gələcəkdə sülh sazişinin tam imzalanması, ratifikasiyası və
praktiki həyata keçirilməsi bölgənin taleyini müəyyən edəcək mühüm
mərhələlər olacaq. Bu prosesin uğurla başa çatdırılması nəinki
Azərbaycan və Ermənistan, həm də bütün Cənubi Qafqaz regionu üçün
yeni inkişaf imkanlarının yaradılmasına səbəb olacaq”, – deyə
N.Həmzəyev fikrini yekunlaşdırıb.