Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri: Azərbaycan-Ermənistan sülh prosesi və ATƏT-in sonu – ŞƏRH

Siyasət

Bakı.Trend:

Cəmi beş il əvvəl Azərbaycanın suverenliyinin və ərazi
bütövlüyünün tam bərpasını, eləcə də Ermənistanın, dünya
ölkələrinin, beynəlxalq təşkilatların da bu reallığı qəbul
edəcəyini təsəvvür edə bilərdikmi? Doğrudur, biz inanır və ümid
edirdik ki, gec-tez ədalət bərpa olunacaq.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hicran
Hüseynova deyib.

“Azərbaycan yeganə dövlətdir ki, öz ərazi bütövlüyünü bərpa edib
və illərlə “dondurulmuş” adlandırılan, həll olunmaz kimi təqdim
edilən bir münaqişənin ədalətli həllinə nail olub. Vaşinqtonda
Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzalandı.
Eyni zamanda, Azərbaycan–Ermənistan münasibətləri və ümumilikdə
Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab edilə biləcək digər
vacib bir sənəd – Prezident İlham Əliyev, Nikol Paşinyan və Donald
Tramp tərəfindən Birgə Bəyannamə imzalandı. Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
arasında imzalanan bu Birgə Bəyannamə, eyni zamanda sülh sazişinin
paraflanması və ATƏT-in Minsk Qrupunun ləğvi məqsədilə ATƏT-in Baş
katibinə ünvanlanan birgə müraciət, regionda tamamilə yeni bir
dövrün başlandığını deməyə əsas verir. Bəli, biz bu gün böyük
sülhün bir addımlığındayıq. 8 avqust tarixi bu baxımdan mühüm
əhəmiyyət daşıyır”, – deputat bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda Azərbaycan və Ermənistan
münasibətlərində əldə olunan tarixi nailiyyətlər Azərbaycan
rəhbərinin səriştəli hesablamasının, güclü iradəsinin və diplomatik
istedadının nəticəsidir:

“Azərbaycan Prezidenti İlham Əliyev nəyi, necə və nə vaxt
edəcəyini bilən liderdir. Dövlət başçısı perspektivləri görür, hər
bir qərarını dəqiq hesablayır və ölkənin milli maraqlarını
qətiyyətlə müdafiə edir. Prezident İlham Əliyev bu məqsədə ən çətin
yolla, güclü beynəlxalq təzyiqlərə, bəzi dövlətlərin və
təşkilatların müqavimətinə baxmayaraq, heç bir güzəştə getmədən
çatdı.

2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın parlaq
qələbəsi ilə yekunlaşdı. Bu, böyük tarixi uğur idi. Ardınca isə
həmin qələbənin möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata
keçirilməyə başlandı. Prezident İlham Əliyev beynəlxalq
diplomatiyada növbəti dəfə ustad dərsi göstərdi və bu, 44 günlük
Vətən müharibəsinin nəticələrini qəbul etməyənlərə, regionda
yaranmış yeni reallığı pozmağa çalışanlara bir dərs oldu”.

H.Hüseynova qeyd edib ki, sülh prosesinin ləngiməsində aparıcı
rolu Ermənistanın müttəfiqləri oynayıb:

“Bayden administrasiyası bu “prosesə” rəhbərlik edirdi.
Bayden-Blinken tandemi və Fransa prezidenti Makron Bakının
təşəbbüslərini neytrallaşdırmaq və normallaşma prosesinə öz
gündəmlərini sırımaq üçün xeyli səy göstərdilər. Bunun üçün çox
çirkin üsullardan istifadə olunurdu. Təxribatın ardınca təxribat
gəldi, bir sıra ölkələrin parlamentlərində, Avropa və insan haqları
təşkilatlarında Azərbaycana qarşı qarayaxma kampaniyaları
aparılırdı. Mənfur kampaniya Co Baydenin kreslosunun titrəməsi ilə
sona çatdı.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri, Nikol Paşinyanla
birgə imzalanan sənədlər – bu, anti-Azərbaycan “cəbhəsinin”, eyni
zamanda, prezident Emmanuel Makron, Parisdən “Artsax”ı tanımasını
tələb edən fransız parlamentarilərinin iflasıdır. Bu, hamının
düşündüyü kimi, ANCA-nın rəhbərlik etdiyi güclü və super nüfuzlu
erməni lobbisinin və diasporunun məğlubiyyətidir.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə sülh müqaviləsi
istiqamətində atılan ən mühüm addımdır. Bu, Azərbaycanın və
Prezident İlham Əliyevin növbəti qələbəsidir. İrəvan Bakının bütün
şərtlərini qəbul edib. Ermənistan Minsk Qrupunun buraxılması ilə
bağlı birgə müraciət imzaladı. Ermənistan Azərbaycana qarşı ərazi
iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadı
öz Konstitusiyasından çıxarmağa razılıq verdi”.

H.Hüseynova sonda vurğulayıb ki, Azərbaycan Prezidenti İlham
Əliyevin daha bir uğuru Zəngəzur dəhlizinin xəyaldan reallığa
çevrilməsi oldu:

“Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın regionda
dünya dövləti səviyyəsində yaratdığı status-kvonu bir daha təsdiq
etdi. İndi heç kim şübhə edə bilməz ki, Cənubi Qafqazın yeni
reallığı nəhayət beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur.
Daha bir vacib uğur isə ABŞ prezidenti Donald Trampın Azadlığa
Dəstək Aktının 907-ci maddəsinin icrasını dayandıran sənədi
imzalaması oldu. Prezident İlham Əliyevlə Prezident Donald Trampın
uğurlu əməkdaşlığının nəticəsi olan bu qərar Azərbaycanın 33 ildir
məruz qaldığı ədalətsizliyə son qoyur”.

Milli Məclisi deputatı Məzahir Əfəndiyev isə
Trend-ə bildirib ki, 1990-cı
illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı silahlı
təcavüzü nəticəsində Azərbaycan ərazisinin demək olar, beşdə biri
30 il müddətində işğal altında saxlanıldı:

“İşğal həmin ərazilərdən təxminən bir milyon azərbaycanlının
kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi
ilə müşayiət olundu. Bu gün Azərbaycan bütün dünya dövlətləri
tərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur.
Ermənistan artıq Azərbaycanın davamlı sülhə dair şərtlərini qəbul
etməyə və Sülh Sazişini imzalamağa yaxındır.

Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeni
quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və
çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir. Bu
prosesdə vasitəçi kimi çıxış edən Amerika Birləşmiş Ştatları
Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin
etmə səylərini, beləliklə dünya siyasi arxitekturasının
tamamlanması işinə dəstəyini yüksək qiymətləndirirlər. İstər
Vaşinqton, Brüssel, Moskva formatında keçirilən görüşlərdə, istərsə
də bir sıra mötəbər beynəlxalq konfrans, forumlar, tədbirlərdə
Azərbaycan bu məsələlərdə iştirak etməyə hazır olduğunu nəinki
bəyan edir, həm də regionun davamlı inkişafının təmin edilməsi
işində lokomotiv dövlət rolunu öz üzərinə götürür”.

Deputat bildirib ki, hələ Bayden administrasiyası dövründə
ABŞ-nin yüksək dairələrində kifayət qədər güclənmiş lobbiçi
qruplaşmaların təhriki ilə bəzi Amerika rəsmiləri Azərbaycana qarşı
açıq şəkildə ədalətsiz, qeyri-adekvat, beynəlxalq hüququn norma və
prinsiplərə zidd olan mövqe nümayiş etdirirdilər:

“Ümumiyyətlə, Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət,
etimada əsaslanaraq hər zaman müsbət dinamika ilə inkişaf edib. Bu
münasibətlərin əsası 1992-ci ilin 28 fevral tarixində qoyulub,
xüsusilə, Ulu Öndər Heydər Əliyevin əvəzsiz səyləri nəticəsində iki
ölkə arasında əsasən enerji sahəsində qarşılıqlı marağa söykənən
əməkdaşlıq formalaşdırılıb. Bu günə qədər Azərbaycanla ABŞ arasında
80-dən artıq dövlət əhəmiyyətli sənədin imzalanması mövcud yüksək
səviyyəli münasibətlərin bariz göstəricisidir.

Həmçinin, Donald Trampın 2024-cü ildə yenidən Prezident
seçilməsi Azərbaycan-ABŞ münasibətlərinə demək olar ki, yeni nəfəs
verdi, liderlər arasında telefon danışıqları və məktub mübadilələri
baş tutub. Prezident İlham Əliyev bir sıra çıxışlarında Donald
Tramp haqqında yüksək fikirlər səsləndirərək, məhz Trampın
prezidentliyi dövründə ABŞ-nin yeni müharibələrə başlamadığını,
onun ailə və ənənəvi dəyərlərə sadiqliyini xüsusilə vurğulayıb.

Bu baxımdan, Prezident İlham Əliyevin avqustun 7-də Amerika
Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə
Vaşinqtona işgüzar səfər etməsi həm iki ölkə arasında mövcud
münasibətlərin bundan sonra yeni müstəvidə inkişaf edəcəyini, həm
də Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərar
olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya
imkanlarının açılacağını deməyə əminlik verir”.

M.Əfəndiyev qeyd edib ki, bu tarixi səfər aşağıdakı
istiqamətləri özündə ehtiva edir:

“Birincisi – Azərbaycan Respublikası və Amerika Birləşmiş
Ştatları arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın inkişaf
etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında
Anlaşma Memorandumunun imzalanması enerji, ticarət və tranzitin də
daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal
infrastruktur daxil olmaqla iqtisadi sərmayə, müdafiə, silah satışı
və terrorizmə qarşı mübarizəni də əhatə edən təhlükəsizlik
əməkdaşlığı istiqamətlərində strateji tərəfdaşlığın inkişafı üçün
böyük əhəmiyyət daşıyır. Bu sənəd, ABŞ texnologiyası və
investisiyalarının Azərbaycana axını, eləcə də ABŞ-nin bölgədə
iqtisadi fəallığının artması üçün əməli şərait yaradacqdır.

Eyni zamanda, Tramp administrasiyası tərəfindən “Azadlığı
Müdafiə Aktı”na əlavə olunmuş 907 saylı düzəlişin icrasının
dayandırılması sənədi imzalanıb. Qeyd edim ki, bu düzəliş 1992-ci
ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın
Ermənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək,
ölkəyə dövlət yardımını qadağan etmişdi. Bu ədalətsiz qərar yalnız
Tramp administrasiyası dövründə ləğv olundu.

İkincisi – Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının
Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri
Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair
yeddi bənddən ibarət Birgə Bəyannamənin imzalanmasıdır.

Bu Bəyannamə Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh
Sazişinin mətninin demək olar ki, tamamlanması ilə yanaşı, regionda
yeni dəhlizin – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun
(TRIPP) açılması, eləcə də 30 ildir nəticəsiz fəaliyyət göstərən
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qərarının qəbul edilməsi
baxımından tarixi əhəmiyyət daşıyır”.

Spread the love