
Bakı. Trend:
Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-ABŞ
münasibətlərinin inkişafı, Azərbaycanla Ermənistan arasında sülh
gündəliyinin daha da irəlilədilməsi və regiona sülhün və
əməkdaşlığın bərqərar olması baxımından çox əhəmiyətli oldu.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Azər Badamov deyib.
Deputatın sözlərinə görə, 907-ci düzəlişin dayandırılması
Azərbaycan-ABŞ münasibətlərinin gələcək konturlarının müəyyən
edilməsi baxımından mühüm addımdır:
“Anlaşma Memorandumunun imzalanması ölkələrimiz arası
əməkdaşlığın genişləndirlməsi nəzərdə tutulan enerji, ticarət və
tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və
rəqəmsal infrastrukturu əhatə edən iqtisadi sərmayə, eləcə də
müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə
əməkdaşlığın hüquqi bazasının yaradılması üçün yeni sənədlərin
hazırlanmasına yol açacaq”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin ABŞ-yə
səfəri həm də Ermənistanla münasibətlərinin normallaşdırılması və
sülhə gedən yolun dönməz və qısa olmasına yeni imkanlar açır:
“Belə ki, yekun sülh müqaviləsinin imzalanması üçün əsas
maneələrdən biri olan Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə
birgə müraciət göndərildi. Vaşinqtonda yüksək səviyyəli bu görüş
olmasaydı, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
imzanması ilə bağlı danışıqların aparılmasının müddəti sonsuz
olacaqdı. Məhz ABŞ-də dövlət başçılarının imzaladığı sənədlə
ölkələrimiz arasında 35 ildə davam edən bir münaqişəyə nöqtə
qoyulmuş oldu”.
Deputat əlavə edib ki, görüşün çox əhəmiyyətli tərəflərindən
biri Zəngəzur Dəhlizinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu” adı altında açılmasının təsdiq olunmasıdır.
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid
təmin olunacaq. ABŞ artıq Tramp marşurutuna sərmayənin qoymasına
başlayacaq və yaxın dövrdə bu yolun açılışının şahidi olacağıq.
Dövlət başçılarının Vaşinqton görüşü ilə böyük bir tarxi
münaqişəni sonlandırılmış hesab etmək olar. Danışqlar prosesi 5 ilə
yaxın davam etdi. Bu 5 ildə dövlət başçımızın bildirdiyi məsələlərə
heç bir dəyişiklik edilmədən addım-addım yaxınlaşdıq”, – deyə
A.Badamov qeyd edib
Milli Məclisin deputatı Elnarə Akimova isə
Trend-ə
açıqlamasında xatırladıb ki, ABŞ-nin bu iki Cənubi Qafqaz ölkəsi
arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün
göstərdiyi təşəbbüslər Tramp administrasiyasının hakimiyyətə gəlişi
ilə başlayıb:
“Vaşqintondakı görüşdə əsas məqsəd Azərbaycan və Ermənistan
arasında sülh sazişinin prinsiplərini müəyyən edən Birgə
Bəyannamənin imzalanması və Vaşinqtonun dəstəyi ilə iqtisadi
əməkdaşlığın genişləndirilməsi idi. Xüsusilə, Azərbaycan və ABŞ
liderlərinin regional əlaqəlilik, qabaqcıl texnologiyalara və süni
intellektə iqtisadi investisiyalar, enerji, ticarət və
təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə
Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu
imzalaması irəli doğru inkişaf üçün çox mühüm addım sayılmalıdır.
ABŞ-nin Azərbaycana yardımına uzun illər mane olan Azadlığa Dəstək
Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı
ölkə başçımıza, Azərbaycan xalqına qarşı ən qiymətli, ən mühüm
jestlərdən biridir”.
Deputatın sözlərinə görə, Azərbaycan illərdir tələb edir ki,
Azərbaycanla Naxçıvan arasında Zəngəzur bölgəsindən keçən yol
maneəsiz olmalıdır:
“Dünənki tarixi görüş Azərbaycan ilə Naxçıvan arasında maneəsiz
quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını
nəzərdə tutur. Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin
vasitəçisi olsa da, zəfərimizi qazandığımız 2020-ci ildən sonra
artıq gərəksiz və faydasız olduğu göz önündə idi. Nəhayət, ATƏT-in
Minsk Qrupunun ləğvi üçün də birgə məktub ünvanlandı. Həmçinin,
2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına
dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının
çıxarılması baş tutacaq. Bununla da, tərəflərin sülh müqaviləsini
imzalamasına heç bir maneə qalmayacaq”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan və Ermənistan xarici
işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması
mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir.
“Bütün bunlar Prezident İlham Əliyevin illərdən bəri apardığı
dürüst, ləyaqətli, uzaqgörən siyasətinin şərəfli yekunudur”, – deyə
E.Akimova diqqətə çatdırıb.