
Bakı. Trend:
Bu gün Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bu
statusunu gündən-günə daha da genişləndirən Azərbaycanın ayrı-ayrı
ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində
əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin yerləşdiyi coğrafi
məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da
möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına,
mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası
genişliyi ilə diqqətdədir. Qarşılıqlı etimada böyük önəm verən
Azərbaycan dövləti xarici siyasətinin dəyişməz prinsipləri ilə daim
dünyanın diqqətindədir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı
hörmət və maraq prinsipləri əsasında bərabərhüquqlu münasibətlər
qurur.
Tarixi səfər: ABŞ-Azərbaycan münasibətləri strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlir
Bu baxımdan Prezident İlham Əliyevin ABŞ-a səfəri həm
Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də
Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal
təhlükəsizlik kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş
Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən
səfər tarixi xarakter daşıyır. Azərbaycan ilə Birləşmiş Ştatlar
arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq
çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda,
keyfiyyətcə yeni – strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir.
Tarixə nəzər salsaq görərik ki, Donald Trampın birinci
prezidentliyi dövründə də Azərbaycan-Amerika münasibətlərinin
yüksələn xətlə inkişafı əsas prioritetlər sırasında idi. Xüsusilə
Ağ Evin indiki sahibinin ikinci prezidentliyi dövründə Vaşinqtonun
Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb.
Enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq terrorizmə
qrşı mübarizə kimi sahələrdə maraqların üst-üstə düşməsi bu iki
ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada
əsaslanan bir platformaya keçməsini şərtləndirir. Hələ 2024-cü ilin
5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə
Şuşada keçirilən Qlobal Media Forumunda Birləşmiş Ştatlardakı
seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Azərbaycan
dövlətinin başçısı İlham Əliyev böyük uzaqgörənlik və cəsarət
nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp
haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun
namizədliyini dəstəkləmişdi. Dövlət başçısı İlham Əliyevin ötən ay
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda yeni dünya
nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycan-ABŞ münasibətləri
ilə bağlı səsələndirdiyi fikirləri ABŞ Prezidenti Donald Trampın
özünün sosial media platformasında paylaşması əslində iki dövlət
arasında münasibətlərin yeni mərhələyə qədəm qoymaqda olduğuna dair
mühüm mesaj idi. ABŞ Prezidenti Donald Trampın “Truth Social”
platformasındakı səhifəsində Prezident İlham Əliyevin həmin çıxışı
ilə bağlı dünən növbəti dəfə paylaşım etməsi Birləşmiş Ştatların
dövlət başçısının Azərbaycan liderinə dərin hörmətinin nümunəsi və
artıq münasibətlərin yeni mərhələyə keçdiyinin göstəricisi idi.
Əminliklə söyləmək olar ki, bu səfərin nəticələrinə əsasən
ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm
qoyur. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin
strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki
ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə
Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun
yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika
Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”
imzalandı. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən
sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək
Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində
hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu
yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində
enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni
intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə,
eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin
prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki
əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından
xüsusi əhəmiyyət kəsb edir.
Əlvida, “907”ci düzəliş!
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika texnologiyasının və
sərmayəsinin ölkəmizə gəlməsi, Birləşmiş Ştatların iqtisadi
fəallığı deməkdir. Səfər, həmçinin iki ölkə lideri arasında
keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən “Azadlığa
Dəstək Aktı”na “907”ci düzəlişin tətbiqinin dayandırılması barədə
Sərəncamın imzalanması ilə əlamətdar oldu. Azərbaycan-Amerika
münasibətlərində keçmişin mənfi mirası olan “907”ci düzəlişin
tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş
çərçivəsində dayandırılması son dərəcə əhəmiyyətli addım kimi
dəyərləndirilməlidir. Torpaqlarımızın Ermənistan tərəfindən
işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə
Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi
göstərərək, Azərbaycana Amerika tərəfindən dövlət yardımının
göstərilməsini qadağan edən ədalətsiz qanunu qəbul etmişdi.
Bayden-Blinken Administrasiyası Əfqanıstan əməliyyatları başa çatan
kimi nankorcasına “907” saylı düzəlişi yenidən canlandırmış,
Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı.
Ümumiyyətlə, Bayden-Blinken Administrasiyasının məqsədi Azərbaycan
qaralamaq, gözdən salmaq idi. Bu cütlük ölkəmizin Qarabağ iqtisadi
rayonunda uğurlu antiterror əməliyyatından sonra Azərbaycandan
rəsmi nümayəndə heyətinin səfərlərini təxirə salmışdı. Hətta
Azərbaycana qarşı sanksiyalar barədə düşünənlər də var idi. Lakin
Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini
itirmədi, milli maraqlarından bir addım da geri çəkilmədi. Bu
siyasətin nəticəsi olaraq dünən ABŞ Prezidenti tərəfindən “907”ci
düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalandı.
Enerji, nəqliyyat, ticarət, süni intellekt, müdafiə
sahəsində yeni əməkdalıq imkanları
Azərbaycan-Amerika münasibətlərində açılan yeni səhifə
tərəflərin birgə səyləri nəticəsində atılan addımların əsasında
daha böyük uğurlarla zənginləşəcək. İki ölkə arasında əlaqələrin
inkişafında əsas istiqamətlərdən biri də enerji sahəsidir.
Ölkəmizin istər ənənəvi, istərsə də bərpaolunan enerji sahəsində
qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Xəzər regionunun
zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və
səmərəli şəkildə nəql olunması sahəsində ABŞ-ın dəstəyi mühüm rol
oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin
uğurla həyata keçirilməsində Donald Tramp Administrasiyasının
siyasi və diplomatik dəstəyi strateji əhəmiyyət kəsb edir. Trampın
praqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin
gücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadi
imkanların açılmasına şərait yaradıb. Strateji tərəfdaşlıq
çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən
tutmuş, süni intellekt, müdafiə sahəsinə qədər çoxsaylı
istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. Vaşinqtonda SOCAR-la
“ExxonMobil” şirkəti arasında Əməkdaşlıq Memorandumunun imzalanması
bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinin təsdiqidir. Sənəd
şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və
Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi enerji
resurslarının, o cümlədən neft və qaz imkanlarının
dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini
ehtiva edir.
Azərbaycanın şərtlərinin qəbul edilməsi onun müəllifi
olduğu sülh gündəliyinin təsdiqidir
Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə
Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu
reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regionda
sülhün qurulması üçün yeni əsaslar yaradıb. Bu gün Bakı qalib tərəf
kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla,
yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi
çərçivəyə salınması mərhələsinə qədəm qoyub. Bu baxımdan Azərbaycan
Prezidenti İlham Əliyevin ABŞ-a səfəri, həmçinin
Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm
nəticələr ilə əlamətdar oldu. Səfər zamanı Azərbaycan, Amerika
Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirildi və
bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri
tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə
Bəyannamə imzalandı. Bununla yanaşı, hər iki ölkənin xarici işlər
nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis
edilməsi haqqında Saziş” layihəsi paraflandı və ATƏT-in Minsk
Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in
fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu
imzalandı.
Ermənistan konstitusiyasının dəyişdirilməsinin
zəruriliyi təsdiqləndi
Sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında
razılaşdırıldığını təsdiq edir. Paraflanma hələ sülh müqaviləsinin
imzalanması demək deyil. Bununla belə bu istiqamətdə ciddi
addımdır. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının
bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin
ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq
gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi
əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib
addımdır. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin
imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq
edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında
sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında
Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində,
Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə
tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu
kontekstdə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan
konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi
iddialarının aradan qaldırılacağını gözləyir. Yəni yekun sülh
sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan
konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olundu.
Zəngəzur dəhlizi reallaşır: Naxçıvana maneəsiz bağlantı
təmin ediləcək
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə
bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla
maneəsiz keçidi təmin edilməlidir. Prezident İlham Əliyevin bu
tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış
Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında
maneəsiz gediş-gəliş təsdiq olundu. Birgə Bəyannamədə regionda
kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi
ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının
təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə, həmçinin
Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh
və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit
olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas
hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz
bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata
keçiriləcək layihəni nəzərdə tutur. Beləliklə, Zəngəzur dəhlizi
reallaşır. Təxminən 5 ilə qədərdir ki, Ermənistanın məsələni
yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək
oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük
məqsədlərindən birinə – Zəngəzur dəhlizinin açılmasına nail olur.
“Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət
məhz Zəngəzur dəhlizindən gedir. Azərbaycan ilk gündən təkid etdiyi
maneəsiz gediş-gəlişə nail olur. Zəngəzur dəhlizinin açılması
Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə
bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu
dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş
geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli
sabitlik perspektivləri yaradır.
Qalib, qüdrətli Azərbaycan dövləti Prezident İlham ƏIiyevin
liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən
müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad
edərək tarixi Zəfərə imza atdı. Bu gün müharibənin qalibi olmaqla
yanaşı, sülh gündəliyinin banisi də Prezident İlham Əliyevdir.
2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən 5
əsas prinsip Azərbaycan tərəfindən Ermənistana təqdim edildi. Lakin
Ermənistan qeyri-səmimiliyi, Bayden-Blinken Administrasiyasının,
Fransa Prezidenti Emmanuel Makronun ölkəmizə qarşı qərəzli
mövqeləri sülh müqaviləsinin mətnini razılaşdırmağa imkan vermirdi.
Yalnız bir sutkadan az davam edən lokal xarakterli antiterror
tədbirlərindən sonra Ermənistanla Azərbaycan arasında həqiqi
danışıqlar başladı və 2025-ci ilin mart ayında sülh müqaviləsi üzrə
danışıqlar yekunlaşdı. Vaşinqtonda imzalanan Birgə Bəyannamə
Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir.
Prezident İlham Əliyevin bu prosesdəki liderliyi, strateji baxışı
və siyasi uzaqgörənliyi yenə də qalib gəldi. Dövlət başçımızın
milli maraqarların qorunmasında ortaya qoyduğu qəti, ardıcıl və
prinsipial mövqe nəticəsində qalib Azərbayanın yaratdığı status-kvo
bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni
reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev
sülhü də qazandı.
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı