Ağ Evdə tarixi razılaşma: Regionda yeni sülh dövrü

Siyasət

Bakı.Trend:

Ağ Evdə imzalanan üçtərəfli Bəyannamə Ermənistan hökumətinin
üzərinə paraflanmış sülh və dövlətlərarası münasibətlərin
yaradılması haqqında sazişin imzalanması və ratifikasiyası ilə
bağlı konkret yazılı öhdəliklər qoydu.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Rizvan Nəbiyev
bildirib.

Onun sözlərinə görə, bu öhdəlikləri Prezident İlham Əliyev
Ermənistanın ev tapşırıqları kimi səciyyələndirdi:

“Əgər bu mərhələyə qədər bu təklifləri, Ermənistan
Konstitusiyasında ölkəmizə qarşı yer alan ərazi iddiasının aradan
qaldırılmasını Azərbaycan Respublikası səsləndirirdisə, indi haqlı
mövqeyimizə qlobal güc mərkəzi Vaşinqtondan və ABŞ-nin hazırkı
prezidenti Donal Trampdan dəstək ifadə edildi. Bu onu göstərir ki,
Azərbaycan Prezidenti İlham Əliyevin sülhə və sabitliyə
hədəflənmiş, düşünülmüş xarici siyasət strategiyası öz bəhrəsini
verir və regiona böyük sülh gətirir. Bu sülh, eyni zamanda bir çox
sahələri özündə ehtiva edən əməkdaşlıq perspektivlərini vəd edir.
Bu, təkcə Ermənistanla Azərbaycan arasında olan əməkdaşlıq deyil,
eyni zamanda region sərhədlərini aşan böyük coğrafiyada olan
əməkdaşlığı da əhatə edir”.

Millət vəkili vurğulayıb ki, regionda sülhə və sabitliyə nail
olunması və sülh sazişinin imzalanması yolundakı maneə olan ATƏT-in
Minsk Qrupu və əlaqəli strukturların ləğv olunması ilə bağlı
Azərbaycanın təklifinə də Vaşinqtondan ali səviyyədə və yazılı
formada dəstək verildi:

“Bu məsələdə də Ağ Ev Prezidenti Trampın imzası ilə yazılı
şəkildə şahidlik etdi ki, tərəflər Minsk Qrupunun ləğvi ilə bağlı
aidiyyəti sorğunu göndərirlər. Ağ Evdə əldə olunan nailiyətlərdən
biri də Azərbaycanın bir hissəsi olan Naxçıvana maneəsiz
gediş-gəlişin təmin olunması ilə bağlıdır. Prezident İlham Əliyevin
illərdir müxtəlif beynəlxalq platformalarda Naxçıvana maneəsiz
gediş-gəlişlə bağlı səsləndirdiyi tələb Ağ Evdə imzalan rəsmi
sənəddə öz əksini tapdı. Bu bir daha sübut edir ki, Azərbaycan
Prezidenti İlham Əliyev regionda davamlı sülhün əldə olunması, eyni
zamanda kommunikasiyaların açılması üçün apardığı siyasət və
diplomatik səylər qlobal müstəvidə də dəstək qazandı. Azərbaycanın
sülhə maneə olan şərtlərinin icra edilməsinin vacibliyinə Prezident
Donald Tramp tərəfindən də dəstək ifadə edildi. Əgər Ermənistan
bundan sonra da əngəlləyici mövqe sərgiləyərsə, bu Prezident İlham
Əliyevin də vurğuladığı kimi, Vaşinqton Administrasiyasına qarşı
hörmətsizlik kimi qiymətləndiriləcək”

Politoloq İlyas Hüseynov isə Trend-ə bildirib ki, Vaşinqtonda Azərbaycan və
Ermənistan liderləri arasında imzalanan sənəd çox böyük önəm
daşıyır:

“Regionda sülh, sabitlik və təhlükəsizlik üçün yeni bir mərhələ
başlayır. Bu sənədin tarixi əhəmiyyəti var. Sənəddə 7 maddə olsa
da, bu maddələrin hər biri regionun gələcəyi baxımından
prioritetləri formalaşdırır. Onlardan biri də ATƏT-in Minsk
Qrupunun ləğvi üçün müraciət edilməsi ilə bağlıdır. Vətən
Müharibəsindən və lokal xarakterli anti-terror tədbirlərindən sonra
Minsk Qrupu faktiki olaraq fəaliyyət göstərmirdi. Bu qrupun
buraxılmasına böyük ehtiyac var. Minsk Qrupunun həmsədrləri Vətən
Müharibəsindən sonrakı periodda Azərbaycana səfər etdilər”.

“Minsk Qrupunun mandatı altında keçirilən görüşlər yalnız
münaqişəni dondurmaq, işğalçıya dəstək olmaq, işğal müddətini
uzatmaq xarakteri daşıyırdı. Belə formatda keçirilən danışıqlar
şübhəsiz ki, nəticə verə bilməzdi. Azərbaycan öz gücü, qüdrəti və
uzaqgörənliyi sayəsində tarixi torpaqlarını işğaldan azad etdi,
yeni status-kvo formalaşdırdı və Minsk Qrupunun üzvlərini də bu
status-kvonu tanımağa məcbur etdi. Yeni reallıqlarda Minsk Qrupunun
buraxılması önəmli hadisəyə çevrilir, Azərbaycan və Ermənistan
liderləri ATƏT-in katibliyinə bu qrupun buraxılması ilə bağlı
çağırışa dəstək olsunlar. Ümid edirəm ki, bu çağırışa dəstək ifadə
olunacaq. Çünki ABŞ kimi super dövlət imzalanan sənədlərə şahidlik
edib, zəmanət verib. ATƏT-ə üzv olan dövlətlər bu çağırışa dəstək
verməlidirlər”- İ. Hüseynov deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir