Sülh yolunda atılan ən vacib addım

Siyasət

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində
Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və
Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr
tarixi əhəmiyyətə malikdir.

1988-ci ildən bəri Ermənistan və Azərbaycan arasında davam edən
Dağlıq Qarabağ münaqişəsi illər boyu regional və beynəlxalq
səylərlə həll edilməyə çalışıls da, davamlı sülh sanki əlçatmaz
idi. Ancaq 2025-ci ilin avqust ayında, Vaşinqtonda keçirilən
sammitdə üçtərəfli razılaşmanın imzalanması bu qalıcı ayrılığı sona
yetirmək yolunda tarixi bir dönüş nöqtəsi sayılır.

Ağ Evdə keçirilən bu üçtərəfli sammitin təşkilinə qədər ABŞ,
Azərbaycan və Ermənistan rəsmiləri bir neçə ay boyunca qapalı
danışıqlar aparıblar. Vaşinqtonun vasitəçiliyi ilə aparılan
prosesin əsas məqsədi, yalnız hərbi əməliyyatların qarşısını almaq
deyil, həm də tərəfləri tam şəkildə iqtisadi və diplomatik
əməkdaşlıq müstəvisinə keçirmək idi. Bu baxımdan, bəyannamə təkcə
atəşkəsin təsdiqi deyil, həm də strateji əməkdaşlıq sənədi kimi
dəyərləndirilir. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi
hüquqi-siyasi baxımdan tam bağlanır, hərbi əməliyyat aparmamaq
öhdəliyi götürülür. Dövlətlər arasında yarana biləcək bütün
mübahisələr dövlətlərin ərazi bütövlüyü prinsipi əsas olmaqla
yalnız diplomatik masada həll ediləcək. Bundan başqa, Azərbaycanın
qərb rayonlarını Naxçıvanla birləşdirəcək, Ermənistan ərazisindən
keçəcək, daha sonra Türkiyə, Avropa və Yaxın Şərq bazarlarına çıxış
yaradacaqdır.

Burada məqsəd, həm ticarət, həm də enerji tranzitini
artırmaqdır. TRIPP layihəsinin maliyyələşdirilməsində ABŞ-nin
aparıcı infrastruktur şirkətləri və beynəlxalq maliyyə
institutlarının iştirak edəcəyi gözlənilir. Bu, bölgəyə
milyardlarla dollarlıq investisiya gətirə bilər.

Sülh bəyannaməsinin reallaşması üçün ilk növbədə adı çəkilən
koridorun texniki planlaşdırılması və tikintisinin vaxtında başa
çatdırılması, sərhəd demarkasiyası və delimitasiyası prosesinin
problemsiz icrası, qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi
və humanitar əlaqələrin bərpası və xalqlar arasında psixoloji
baryerlərin aradan qaldırılması vacibdir.

Bəyannamənin mühüm siyasi nəticələrindən biri də ATƏT-in Minsk
Qrupu prosesinin rəsmi olaraq sonlandırılmasıdır. Bu addım, illərlə
davam edən, amma real nəticə verməyən vasitəçilik mexanizminin
əvəzində birbaşa, nəticəyönümlü danışıqlar formatına keçidi
simvolizə edir. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri
ATƏT-ə rəsmi müraciət ünvanlayaraq, Minsk Qrupunun mandatının ləğv
edilməsini istəyiblər.

Bu nəticə Prezident İlham Əliyevin illərlə apardığı ardıcıl,
prinsipial siyasətin bəhrəsidir. Vaşinqtonda imzalanan bu tarixi
sənəd, böyük bir diplomatik uğurdur. Lakin tarix göstərir ki, real
sülh yalnız siyasi iradə ilə deyil, həm də iqtisadi maraqların
uzlaşması ilə möhkəmlənir. Prosesin uğurla icra olunması Cənubi
Qafqazı uzunmüddətli sabitliyə və çiçəklənməyə aparan yolda ən
önəmli mərhələ olacaqdır.

Milli Məclisin deputatı,

Əminə Ağazadə

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir