Dayanıqlı Sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir – Komitə sədri

Siyasət

Bakı. Trend:

Dayanıqlı Sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti
kimi çıxış edir. Digər bir vacib məsələ Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Liderliyi ilə əldə edilmiş Böyük Zəfərin
Dayanıqlı Sülhün də qazanılması üçün əsas olduğu Vaşinqton Sülh
Platformasının bu sülhün yalnız regionumuz deyil, həmçinin qlobal
miqyasda daha çox əhəmiyyət kəsb etməsini bir daha vurğulamasıdır
.

Trend xəbər verir ki, bu fikirləri Ailə Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz
sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Vaşinqton görüşündə diqqəti çəkən əsas
məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ
Prezidenti Donald Trampın bir sıra fundamental dəyərlərdə ortaq
mövqedə olması idi:

“Hər iki lider ailə institutunu yalnız milli kimliyin deyil, həm
də sosial dayanıqlığın əsas sütunu kimi görür. Onlar üçün ailə
dəyərlərinin qorunması, gənclərin sağlam mühitdə yetişməsi və uşaq
hüquqlarının təmin olunması, dövlətin gələcəyinə yönəlmiş strateji
siyasətin ayrılmaz hissəsidir.

Donald Trampın öz siyasi baxışlarında ailə institutunun
güclənməsini və müharibələrin əleyhinə mövqeyi yüksək tutması,
Prezident İlham Əliyevin də siyasi prioritetləri ilə üst-üstə
düşür. Hər iki lider anlayır ki, insan amilinin inkişafı, təhsildən
sosial müdafiəyə qədər bütün sahələrdə ailənin güclənməsi ilə sıx
bağlıdır.

Azərbaycanın multikultural dəyərlərin qorunmasına, sosial
rifahın artırılmasına və post-münaqişə dövründə ailələrin bərpasına
verdiyi önəm, ABŞ-ın da dəstəklədiyi universal humanitar
prinsiplərlə harmoniya təşkil edir”.

Onun sözlərinə görə, geosiyasi və təhlükəsizlik baxımından
Qafqaz regionu tarixən böyük güclərin maraqlarının kəsişdiyi
strateji məkandır.

“Burada davamlı sülhün yaradılması yalnız regional liderlərin
deyil, həm də beynəlxalq tərəfdaşların aktiv əməkdaşlığını tələb
edir. Vaşinqton görüşündə Prezident İlham Əliyev və Donald Trampın
ortaya qoyduğu ortaq mövqe, təhlükəsizlik arxitekturasının yalnız
çoxtərəfli siyasi zəmanətlə möhkəmlənə biləcəyini göstərdi.
Zəngəzur dəhlizinin açılması perspektivi bu kontekstdə xüsusi yer
tutur. Bu layihə təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həm
də regionda sabitliyi gücləndirəcək. ABŞ-ın siyasi dəstəyi,
dəhlizin qlobal ticarət xəritəsində strateji mövqeyə sahib olmasını
təmin edəcəkdir.

Diplomatik və beynəlxalq münasibətlər kontekstində isə
Vaşinqtonda əldə olunan razılaşma, sülh prosesinin yalnız iki
tərəfin deyil, çoxtərəfli siyasi iradənin məhsulu olduğunu bütün
dünyaya göstərdi. Prezident İlham Əliyevin qətiyyəti və Donald
Trampın diplomatik çəkisi, “lider-lider” sinerjisinin real
nümunəsinə çevrildi. Bu yanaşma göstərdi ki, sülhün davamlılığı
üçün təkcə region dövlətlərinin razılığı kifayət deyil — qlobal
güclərin də siyasi zəmanəti vacibdir.

ABŞ-nin iştirakı, Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa tam
uyğun olduğunu və ədalətli sülhün təmininə yönəldiyini təsdiqlədi.
Bu, həm də regiondakı sülhün qlobal siyasi sabitliyə
inteqrasiyasını təmin edən amil kimi çıxış edir”, – komitə sədri
əlavə edib.

O qeyd edib ki, strateji tərəqqi və İnsan kapitalının inkişafı
məsələsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas
prioritetlərindəndir:

“Odur ki, Vaşinqton razılaşması yalnız hərbi münaqişənin bitməsi
deyil, həm də yeni iqtisadi imkanlar, texnoloji əməkdaşlıq və
təhsil layihələri deməkdir. ABŞ-nin texnoloji və innovativ
potensialı ilə Azərbaycanın gənc və dinamik insan kapitalının
sinerjisi, post-münaqişə dövründə ölkənin sürətli inkişafına zəmin
yaradacaqdır.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi həmçinin region
gənclərinin əmək bazarına çıxış imkanlarını genişləndirəcək, yeni
biznes və startap ekosistemlərinin yaranmasına şərait yaradacaq.
Donald Trampın bu layihəyə verdiyi dəstək, onu təkcə iqtisadi
deyil, həm də sülhün möhkəmləndirilməsinə yönəldilmiş qlobal
təşəbbüs kimi dəyərləndirməyə imkan verir.

Vaşinqton görüşü, Azərbaycanın müstəqil siyasətinin, Prezident
İlham Əliyevin prinsipial liderliyinin və Donald Trampın diplomatik
çəkisinin birləşərək, həm regional, həm də qlobal miqyasda sülhün
bünövrəsini yaratdığını sübut etdi. Hazırda Dayanıqlı Sülhə
çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir