
Bakı. Trend:
Dünən ABŞ Prezidenti Trampın iştirakı ilə Azərbaycanla
Ermənistan liderlərinin Ağ Evdə sülh muqaviləsinin müzakirəsi üçün
baş tutan tarixi görüş iki ölkə arasında sülh istiqamətində atılan
addımların ən əhəmiyyətlisi oldu. Ağ Evdə imzalanan Bəyannamə təkcə
iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi
baxımından mühüm strateji əhəmiyyət kəsb edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, bu sənəd uzun illər davam edən
gərginlikdən sonra bölgədə real sülh perspektivlərinin
formalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlər
qurmasına zəmin yaradır:
“Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın
Konstitusiyasında Azərbaycanın suverenliyinə zidd müddəaların
çıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsi
hər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır.
Amerikada imzalanan bəyannamə təkcə logistik təhlükəsizliyi deyil,
həm də böyük iqtisadi layihələrin icrasını təmin edəcək. Eyni
zamanda, tərəflər arasında etimadı gücləndirərək bölgədə sabit
əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək”.
Deputat vurğulayıb ki, Tramp ABŞ Prezidenti seçildikdən sonra
iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
açıldı, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə
qədəm qoydu.
“Artıq iki ölkə arasındakı əməkdaşlıqlar strateji tərəfdaşlığa
doğru irəliləyir. Ağ Ev görüşü zamanı imzalanan Bəyannamə qədər
əhəmiyyətli olan hadisə Prezident Tramp tərəfindən “Azadlığı
Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd
imzalanması oldu. Bəli, bu 907 saylı düzəliş uzun illər dövlətimizə
qarşı ən böyük haqqsızlıq idi. Prezident İlham Əliyev Azərbaycan
dövlətinə və xalqına qarşı olan bu haqqsızlığı da aradan
qaldırdı.
Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti
qələbəsidir. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi.
Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı. Ermənistan öz
konstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanın
çıxarılmasını qəbul etdi. İlham Əliyev hər çıxışında deyirdi,
Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanın qalib lideri
Vaşinqtonda bu məqsədinə də nail oldu”, – deyə M.Cəfərov qeyd
edib.
Milli Məclisin deputatı Günay Ağamalı isə
Trend-ə
açıqlamasında xatırladıb ki, son iki yüz ildə Cənubi Qafqaz
ziddiyyətlərin və geosiyasi maraqların toqquşduğu məkan olaraq
qeyri-stabil proseslərə ev sahibliyi edib. Müharibələr və onların
yaratdığı dərin geopolitik böhran uzun müddət bölgənin inkişafına
və tərəqqisinə əngəl törədib:
“8 avqust 2025-ci il tarixində Prezident İlham Əliyevin ABŞ-yə
səfəri ölkəmizin xarici siyasət tarixində mühüm və tarixi
əhəmiyyətə malik hadisə kimi yadda qalacaq. Vaşinqtonda keçirilən
görüşlər, xüsusilə Ermənistanın Baş naziri ilə imzalanmış Birgə
Bəyannamə, uzun illər davam edən münaqişə səhifəsini bağlayaraq
regionda yeni sülh və əməkdaşlıq mərhələsinin əsasını qoydu.
Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması bölgədə
uzunmüddətli sabitlik, təhlükəsizlik və qarşılıqlı etimadın əsasını
qoyan strateji dönüş nöqtəsidir”.
Millət vəkili vurğulayıb ki, bu sənəd, Prezident İlham Əliyevin
qətiyyətli liderliyinin, milli maraqlarımıza sarsılmaz bağlılığının
və beynəlxalq hüquq normalarına əsaslanan sülh gündəliyini dünya
ictimaiyyətinə qəbul etdirmək bacarığının növbəti parlaq
təzahürüdür.
“Səfər çərçivəsində əldə olunan razılaşmalar, Azərbaycanın həm
regional, həm də qlobal miqyasda nüfuzunu daha da
möhkəmləndirdi.
ABŞ Prezidenti Donald Trampın prosesə verdiyi birbaşa dəstək,
Güney Qafqazda dayanıqlı təhlükəsizlik və davamlı sülhün
qurulmasına mühüm töhfə oldu. Bu səfər, eyni zamanda Azərbaycanın
regional lider mövqeyini təsdiqləyərək yeni siyasi və iqtisadi
imkanların qapısını açdı.
Hər bir azərbaycanlı üçün qürurverici məqam odur ki, Prezident
İlham Əliyevin prinsipial mövqeyi və diplomatik məharəti
nəticəsində ölkəmiz bu gün təkcə regionda deyil, beynəlxalq arenada
da aparıcı söz sahibidir”, – deyə G. Ağamalı qeyd edib.