
Bakı. Trend:
Bu gün Cənubi Qafqazın siyasi xəritəsində yeni bir səhifə
açıldı. 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli
görüş təkcə iki ölkə arasında deyil, bütün regionda tarazlığı
dəyişdirən bir hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev,
Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın prezidenti Donald
Trampın iştirakı ilə keçirilən görüş, həm diplomatik, həm də siyasi
baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu görüşün nəticəsi –
Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyanat və sülh
müqaviləsinin mətninin paraflanması – illərlə davam edən
gərginliyin məntiqi yekunu, Azərbaycanın isə strateji qələbəsinin
rəsmi təsdiqi kimi tarixə düşdü. Vaşinqtonda əldə olunan
razılaşmalar göstərdi ki, Azərbaycan Prezident İlham Əliyevin
rəhbərliyi altında təkcə müharibə meydanında deyil, diplomatiya
masasında da qalib gəldi.
Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.
“Prezident İlham Əliyev bu uğura illərlə ardıcıl və prinsipial
siyasət apararaq nail oldu. O, milli maraqlardan bir addım belə
geri çəkilmədən, beynəlxalq arenada Azərbaycanın mövqeyini
möhkəmləndirdi, regional proseslərdə müəyyənedici gücə çevrildi.
Vaşinqton görüşü isə bu prosesin zirvə nöqtəsi oldu – burada sülhün
əsası qalib tərəfin diktə etdiyi şərtlərlə qoyuldu. Azərbaycan
bütün mərhələlərdə öz maraqlarını ardıcıl şəkildə müdafiə edərək,
nəticədə irəli sürdüyü bütün şərtlərin yerinə yetirilməsinə nail
oldu”, – o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın son illərdə keçdiyi yol həm
hərbi, həm siyasi tarix dərsi kimi dəyərləndirilə bilər.
“2020-ci ilin Vətən müharibəsində əldə olunan parlaq qələbə ilə
işğal altındakı torpaqlar azad edildi, Ermənistan kapitulyasiya
aktına imza atmağa məcbur qaldı. Lakin Prezident İlham Əliyev üçün
bu, son hədəf deyildi. O, anlayırdı ki, əsl qələbə yalnız döyüş
meydanında deyil, diplomatik masada da qazanılmalıdır. Müharibədən
sonra Azərbaycan öz mövqelərini möhkəmləndirmək üçün ardıcıl
addımlar atdı. “Qisas” əməliyyatı və 2023-cü ildə həyata keçirilən
cəmi 24 saatlıq antiterror tədbirləri ilə ölkə tam suverenliyini
bərpa etdi. Bu, təkcə hərbi uğur deyildi – həm də Ermənistanı
danışıqlarda gerçək reallığı qəbul etməyə məcbur edən strateji
zərbə idi. Prezident İlham Əliyev bütün bu mərhələlərdə eyni
prinsipial xətti qorudu. Azərbaycan heç vaxt milli maraqlarından
güzəştə getməyəcək, sülh yalnız ölkənin suverenliyi və ərazi
bütövlüyü tam tanındıqdan sonra mümkün olacaq. Vaşinqtonda
imzalanan Birgə Bəyanat isə bu prinsipial mövqeyin yekun təsdiqi
oldu – qalib dövlətin şərtləri masa üzərində, qarşı tərəfin imzası
isə həmin sənədin altında idi”, – o bildirib.
A.Qarayev qeyd edib ki, qələbə qazanan tərəf kimi Prezident
İlham Əliyev sülh gündəliyinin də müəllifi oldu.
“2022-ci ilin əvvəlində Azərbaycan Ermənistan tərəfinə sülh
müqaviləsinin əsasını təşkil edən “5 baza prinsipi” təqdim etdi.
Azərbaycanın təqdim etdiyi sülh konsepsiyası təkcə iki ölkə
arasında münasibətlərin normallaşması üçün deyil, bütövlükdə
regionda davamlı sabitliyin təmin olunması üçün əsas tutulan dərin
və strateji baxışdır. Bu baxış, münaqişənin köklü həllinə xidmət
edən fundamental dəyərlərə və qarşılıqlı anlaşmaya söykənir. Əsas
fikir ondan ibarətdir ki, hər iki tərəf öz suverenliyini, ərazi
bütövlüyünü və sərhədlərin toxunulmazlığını qarşılıqlı şəkildə
tanımalıdır. Bu, gələcəkdə hər hansı ərazi iddialarının və ya
təhdidlərin qarşısını almağa yönəlmiş çox ciddi addımdır. İki
dövlət arasında güc tətbiq etmək və ya ona hədələmək tamamilə
istisna edilməli, qarşılıqlı etimad və sülh mühiti yaradılmalıdır.
Həmçinin, dövlətlər arasında sərhədlərin tam şəkildə delimitasiya
və demarkasiya olunması, diplomatik münasibətlərin qurulması, eləcə
də nəqliyyat və iqtisadi əlaqələrin açılması zəruridir. Bu addımlar
regionun iqtisadi inkişafına və xalqlar arasında əlaqələrin
genişlənməsinə xidmət edir. Lakin Ermənistan uzun müddət səmimi
addımlar atmaqdan yayınaraq, müqaviləyə Qarabağda yaşayan
ermənilərin statusu ilə bağlı bəndin daxil edilməsində israr
edirdi. Azərbaycan isə prinsipial olaraq bildirirdi ki, bu ölkənin
daxili məsələsidir və dövlətlərarası sənədin predmeti ola bilməz.
Eyni zamanda, ABŞ Prezidenti Co Bayden administrasiyası, Fransanın
Prezidenti Emmanuel Makron və digər qüvvələr prosesə öz
gündəmlərini yeritmək üçün Azərbaycana təzyiq göstərməyə,
ittihamlar yaymağa çalışırdılar. Amma bu cəhdlər Prezident İlham
Əliyevin ardıcıl siyasəti sayəsində, təbii ki, uğursuz oldu”, – o
bildirib.
Politoloq vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqtonda
imzalanan Birgə Bəyanat, Azərbaycan üçün yalnız diplomatik sənəd
olmaqla qalmadı, eyni zamanda regionda yeni siyasi reallığın rəsmi
tanınması kimi qəbul edildi. Bu sənəd Azərbaycanın illərlə ortaya
qoyduğu şərtlərin beynəlxalq səviyyədə qəbulunun nəticəsi idi və
uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə həllində dönüş
nöqtəsi oldu.
“Vaşinqton Bəyanatı ilə Ermənistan bir sıra əsas tələbləri qəbul
etdi və özünün əvvəlki mövqeyindən geri çəkilmək məcburiyyətində
qaldı. Azərbaycanın təməl prinsipləri, o cümlədən Minsk qrupunun
fəaliyyətinin dayandırılması istiqamətində birgə müraciət,
Ermənistanın Konstitusiyasından ərazi iddialarına dair müddəaların
çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar
Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması
kimi məsələlər sənədə daxil edildi. Bu, həm də Vaşinqtonda ABŞ
tərəfindən dəstəklənən strateji təşəbbüs idi. ABŞ-nin Prezidenti
Donald Trampın təminatçılıq etdiyi Zəngəzur dəhlizinin açılması isə
bölgənin iqtisadi və siyasi inkişafında yeni mərhələnin başlanğıcı
kimi qiymətləndirilə bilər. Bu sənəd vasitəsilə Azərbaycan öz
mövqeyini beynəlxalq hüquq çərçivəsində möhkəmləndirdi, Ermənistan
isə gələcəkdə sülh və əməkdaşlıq prinsiplərinə uyğun addımlar
atmağı qəbul etdi. Vaşinqton Bəyanatı, həm də regionda hərbi
konfliktlərin artıq keçmişdə qaldığını, tərəflərin gələcəyə
fokuslandığını dünyaya nümayiş etdirdi”, – o bildirib.
Onun sözlərinə görə, Vaşinqton görüşü zamanı sülh müqaviləsinin
mətninin paraflanması mühüm tarixi məqam kimi yadda qaldı.
“Paraflaşma – texniki baxımdan müqavilənin tam imzalanmasından
fərqli olsa da – tərəflərin əsas prinsiplər və tələblər üzərində
razılığa gəldiyini göstərən rəsmi və bağlayıcı sənəd kimi
qiymətləndirilir. Bu addım illərlə davam edən münaqişə sonrası
qarşılıqlı etimadın bərpası və gələcək əməkdaşlığın təməlinin
qoyulması baxımından vacib əhəmiyyətə malikdir. Paraflama ilə
Azərbaycan və Ermənistan müharibədən sonrakı gərginliyi azaltmağa,
sülh və sabitlik istiqamətində praktik addımlar atmağa hazır
olduqlarını nümayiş etdirdi. Bununla yanaşı, paraflanma mərhələsi
yekun sülh müqaviləsinin imzalanması üçün zəruri prosedurlardan
biridir. İmzalanma prosesinin 2026-cı ildə Ermənistanda keçiriləcək
konstitusiya referendumundan sonra tamamlanacağı nəzərdə tutulur.
Bu isə öz növbəsində, müqavilənin tam hüquqi qüvvəyə minməsi üçün
müstəqil və demokratik prosedurların təmin edilməsini göstərir.
Beləliklə, paraflanma – həm siyasi, həm də hüquqi baxımdan –
qarşıdakı dövrdə Azərbaycanla Ermənistan arasında sülh prosesinin
möhkəmlənməsi və davamlılığının təmin olunması üçün açar rolunu
oynayır”, – o bildirib.
Bundan əlavə, politoloq qeyd edib ki, Vaşinqtonda imzalanan
Birgə Bəyanat Azərbaycanın strateji maraqlarını yalnız
möhkəmləndirmədi, həm də müharibədən sonra formalaşmış status-kvonu
rəsmiləşdirdi.
“ABŞ da daxil olmaqla beynəlxalq ictimaiyyət bölgədə yaranmış
yeni siyasi reallığı faktiki olaraq qəbul etdi. Prezident İlham
Əliyevin ABŞ-a səfəri və imzalanan sənədlər təkcə diplomatik uğur
deyil, eyni zamanda, Ermənistanın havadarlarına – Makron
administrasiyasından tutmuş Avropa Parlamenti və erməni lobbi
təşkilatlarına qədər – ciddi siyasi zərbə oldu. Prezident İlham
Əliyev göstərdi ki, hərbi qələbə möhkəm və əlverişli sülhün təməli
ola bilər. Onun siyasəti milli maraqların müdafiəsində qətiyyət və
strateji baxışın sintezidir, bu isə döyüş meydanındakı üstünlüyü
diplomatik masada davamlı uğura çevirir. Vaşinqton görüşü
təsdiqlədi ki, Azərbaycan qanlı döyüşlərdən danışıqlar masasına
qədər keçdiyi yolda mövqelərini möhkəmləndirərək region tarixində
yeni bir fəsil açdı – burada sülh qalibin şərtləri əsasında
qurulur”, – A.Qarayev əlavə edib.