
Bakı. Trend:
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng
edib.
Trend xəbər verir ki, telefon
danışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana
dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr,
əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan
sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş
naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış
bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və
sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundan
sonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasında
yekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəmin
yaradacağı qeyd edilib.
Prezident İlham Əliyev bu nəticələrin əldə olunmasında ABŞ
Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb, həmçinin
regional nəqliyyat bağlantıları ilə əlaqədar razılaşmaların
vacibliyini bildirib.
Şavkat Mirziyoyev öz növbəsində əldə olunmuş nailiyyətlər
münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına
təbriklərini çatdırıb, bunun bütün regionun inkişafına müsbət təsir
göstərəcəyini qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı sərmayələrin, o
cümlədən Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr, SOCAR
və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının
Hökuməti arasında imzalanmış Pay Bölgüsü Sazişinin önəmi
vurğulanıb.