Azərbaycan və Ermənistan arasında tarixi razılaşma regionun inkişafı üçün yeni imkanlara yol açır – Gürcüstan XİN

Siyasət

Bakı. Trend:

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş
Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan
dövlətinin başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol
Paşinyan arasında “Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin
bərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır.

Trend xəbər verir ki, bu
barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, bu tarixi saziş Cənubi Qafqaz regionunda davamlı
sülhün bərqərar olması istiqamətində mühüm addımdır və regionun
uzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır.

Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə,
regionunun sabitliyinə və rifahına yönələcək əməkdaşlığın
gücləndirilməsini qətiyyətlə dəstəkləyir.

“Biz Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə son
qoymaqda Amerika Birləşmiş Ştatlarının və Prezident Donald Trampın
müstəsna töhfəsini və səylərini alqışlayırıq. Ümid edirik ki, bu
tarixi hadisə Qara dəniz regionunda və bütövlükdə dünyada
münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari reaksiya
verəcək”, – deyə bəyanatda bildirilir.

Spread the love