
Bakı. Trend:
7-8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Amerika Birləşmiş
Ştatlarına səfəri həyata keçirilib.
Trend xəbər verir ki, bu
haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.
Məlumatda bildirilib ki, səfər çərçivəsində Azərbaycanla ABŞ
arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən
“Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti
və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma
Memorandumu” imzalanıb.
Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən
sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək
Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması
məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə
tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və
tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və
rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də
müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin
prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki
əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından
xüsusi əhəmiyyət kəsb edir.
Səfər həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş
çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına
907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın
imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində
keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ
Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində
dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.
Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə səfəri həmçinin
Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm
nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, Amerika
Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və
bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri
tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə
Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər
nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis
edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk
Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in
fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu
imzalanıb.
Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin
imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq
edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında
sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında
Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində,
Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə
tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə,
Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan
konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi
iddialarının aradan qaldırılacağını gözləyir.
Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki
ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair
bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində
Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası
arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu
vurğulanıb.
Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi
– “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata
keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi
vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar
Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə
ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması
barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin
ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq
gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi
əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib
addımdır.
Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının
Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə
SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında
Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət
əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm
qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının
dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini
ehtiva edir.
Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində
Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və
Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr
tarixi əhəmiyyətə malikdir.