
Bakı. Trend:
Torpaqlarımızın işğaldan azad edilməsinin, ərazilərimizdə erməni
separatizminə son qoyulmasının müəllifi olan cənab Prezident İlham
Əliyev Azərbaycanın növbəti möhtəşəm uğuruna imza atdı.
Dövlətimizin başçısının, ABŞ Prezidentinin və Ermənistanın baş
nazirinin Vaşinqtonda keçirdikləri görüşün nəticələrinə dair
imzaladıqları Birgə Bəyannamə sülhə gedən yolda irəliyə doğru
atılan mühüm addım olmaqla, Azərbaycan diplomatiyasının parlaq
qələbəsi kimi tarixə düşdü.
Öncə onu qeyd etmək istərdim ki, ABŞ vaxtı ilə avqustun 8-də
keçirilən bu görüş çərçivəsində Azərbaycan və Ermənistanın xarici
işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis
edilməsinə dair Saziş”in layihəsi paraflandı. O cümlədən iki
ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk qrupunun və
onunla əlaqəli strukturların bağlanması barədə ATƏT-in fəaliyyətdə
olan sədrinə birgə müraciət imzalandı. Məlum olduğu kimi Azərbaycan
ərazilərinin işğaldan azad edilməsindən sonra fəaliyyətini
dayandırmış Minsk qrupunun hüquqi baxımdan da ləğvi Azərbaycanın
sülh sazişinin imzalanması müstəvisində irəli sürdüyü iki
fundamental şərtdən biridir. Bu baxımdan Vaşinqtonda bununla bağlı
iki ölkə arasında razılığın əldə olunması və ATƏT-in fəaliyyətdə
olan sədrinə birgə müraciətin edilməsi ilə sülhə gedən yolda olan
əsas manelərin biri aradan qaldırılır. Minsk qrupunun rəsmən ləğv
edilməsi keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin “sənədli-sübutlu”
tamamilə bağlanması deməkdir. Bu, Azərbaycan üçün tarixi
uğurdur.
Birgə Bəyannamədə bu məsələlər, habelə Azərbaycanla Ermənistan
arasında sülhün təmin olunması və dövlətlərarası münasibətlərin
yaradılmasında qarşıda duran və yerinə yetirilməsi vacib olan
fundamental vəzifələr yer alıb. ATƏT-in bütün iştirakçı
dövlətlərini ATƏT-in fəaliyyətdə olan sədrinə edilən müraciəti
qəbul etməyə çağıran Birgə Bəyannamənin müəllifləri həmçinin,
regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və
rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və
beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların
açılmasının əhəmiyyətini bir daha təsdiq etdilər. Bununla da
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında
maneəsiz bağlantınının yaradılmasını Ermənistan öz üzərinə konkret
hüquqi öhdəlik olaraq götürdü.
Təxminən 5 ilə yaxın müddət ərzində Ermənistan
kommunikasiyaların açılmasını yubatsa da, “Sülh kəsişməsi” adlı
utopik təşəbbüs irəli sürərək avantüra ilə məşğul olsa da,
Azərbaycan ən böyük tarixi məqsədlərindən birini – Zəngəzur
dəhlizinin açılmasını təmin etdi. “Tramp yolu” adlanmasına
baxmayaraq, aydın məsələdir ki, söhbət Zəngəzur dəhlizindən gedir
və və Azərbaycan ilk gündən Naxçıvanla bağlı təkid etdiyi maneəsiz
gediş-gəlişə nail olur.
Vaşinqtonda sülh sazişinin layihəsinin paraflanması, Minsk
qrupunun ləğvinə dair birgə müraciətin edilməsi, kommunikasiyaların
açılmasına dair razılığın əldə olunması Azərbaycanın bir neçə ildir
ki, həyata keçirilməsinə çalışdığı məsələlərdir. Hansı ki, bunlar
44 günlük müharibədən sonra rəsmi Bakının Ermənistana təqdim etdiyi
sülh prinsiplərində də öz əksini tapıb. Bu baxımdan Vaşinqtonda
əldə olunan bütün razılaşmalar Azərbaycanın İkinci Qarabağ
savaşından dərhal sonra bəyan etdiyi sülh niyyətinin və sülh
uğrunda irəli sürdüyü şərtlərin həyata vəsiqə almasının bariz
ifadəsidir. Vaşinqton görüşünün nəticələri həm də onu göstərir ki,
Prezident İlham Əliyevin sülh uğrunda qətiyyətli addımlarının və
mövqeyinin nəticəsi olaraq Ermənistan Azərbaycanın şərtlərini qəbul
etdi. Sülh sazişinin paraflanması ilə Azərbaycan həm də beynəlxalq
müstəvidə antiazərbaycançı siyasi dairələri, xüsusən “Azərbaycan
Zəngəzuru tutacaq” deyib gecə-gündüz ölkəmizə iftira yağdıranların
əlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı,
beynəlxalq imicini daha da yaxşılaşdırdı.
Vaşinqton görüşünün nəticələri Prezident İlham Əliyevin – dahi
siyasət qrosmeysterinin sülhə gedən yolda qələbə ilə başa vurduğu
növbəti uğurlu partiyadır. Müzəffər Ali Baş Komandan əvvəlcə
sərkərdə qətiyyəti ilə torpaqlarımızı işğaldan azad etdi. Bu
zəfərin davamı kimi Qarabağdakı erməni separatizminə son qoydu,
Qazax rayonunun işğal altında qalan 4 kəndini geri aldı, bütün
ərazilərimiz üzərində milli suverenliyimizi təmin etdi,
Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiyasını
başlatdı. Bu gün isə Azərbaycan 5 ilə yaxındır ki, sülh prosesindən
müxtəlif bəhanələrlə yayınan Ermənistanı sülh sazişinin mətni ilə
razılaşmağa və digər şərtləri yerinə yetirməyə məcbur edir. Bununla
da müharibədə qalib gəlmiş Prezident İlham Əliyev həm də sülhü
qazandı. Respublikamızın bütün milli maraq və mənafelərini
qətiyyətlə, təmkinlə və ardıcıllıqla təmin edən Müzəffər
Prezidentimizin liderliyi ilə yekun sülh sazişinin imzalanacağı
tarix də uzaqda deyil.
Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatla çıxışında
bununla bağlı deyib:
«Bu gün həqiqətən də tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazda
sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda,
bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz
Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları
yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün
investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar
açacaqdır».
Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri
Azərbaycan-ABŞ münasibətlərinin canlandırılması və yeni keyfiyyət
mərhələsinə yüksəldilməsi baxımından da tarixi əhəmiyyət kəsb etdi.
ABŞ-nin əvvəlki rəhbərliyinin dövründə Azərbaycana göstərilən
düşmən münasibətə görə iki dövlət arasındakı əlaqələr ciddi şəkildə
zədələnmişdi. Bayden-Blinken administrasiyası Azərbaycana
beynəlxalq səviyyədə qara yaxmaq və gözdən salmaq üçün bütün
riyakarlıqlara əl atır, respublikamızı Ermənistana hücuma cəhddə
ittiham edirdi. Hətta antiterror tədbirlərindən sonra Azərbaycandan
ABŞ-yə rəsmi nümayəndə heyətlərinin səfərlərini təxirə salmış,
ölkəmizə qarşı sanksiyalar barədə düşünməyə başlamışdılar. Lakin
Azərbaycan bütün bu təzyiq cəhdlərinin qarşısında öz milli
maraqlarından bir addım belə geri çəkilmədi, ləyaqli siyasət
yürütdü.
Bu gün isə Azərbaycan-ABŞ münasibətlərində tamamilə yeni dövr
başlayır. Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış
“Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında
strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə
Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası
Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma
Memorandumu” buna əyani sübutdur. İki dövlətin strateji
tərəfdaşlığı enerji, ticarət və tranzitin də daxil olduğu regional
bağlantıları, süni intellekt və rəqəmsal infrasturukturun da daxil
olduğu iqtisadi sərmayəni və təhlükəsizlik sahəsində əməkdaşlığı
əhatə edəcək.
Prezident İlham Əliyevlə Donald Tramp arasında qurulmuş uğurlu
əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində ABŞ Prezidenti
tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını
dayandıran sənədin imzalanması isə respublikamızın milli
maraqlarının təmin olunması baxımından Azərbaycanın mühüm siyasi
uğuru oldu.
«Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz ofisdə
mənim iştirakımla baş tutması, əlbəttə ki, çox rəmzi xarakter
daşıyır» – deyə Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan
mətbuatına müsahibəsində deyib.
Müsahibəsində Vaşinqtona səfərin nəticələrindən çox məmnun
qaldığını vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib
ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə
verəcək. Bütövlükdə, Prezident İlham Əliyevin Vaşinqtona səfəri
Azərbaycanın milli maraqlarının təmin olunması baxımından tarixi
siyasi hadisəyə çevrildi. Bu səfər həm də onu növbəti dəfə
təsdiqlədi ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, Müzəffər
Prezidentimiz İlham Əliyevin qətiyyətli və müdrik siyasəti ilə
Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır, dövlətçilik
salnaməsini yeni uğurlarla zənginləşdirir
Xanlar Fətiyev,
Milli Məclisin deputatı