Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

Siyasət

Bakı. Trend:

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu
Berdiməhəmmədova zəng edib.

Trend xəbər verir
ki, telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddət
əvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədə
aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri
Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq və
qardaşlıq münasibətlərinin inkişafına toxunublar.

Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərində
keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan
ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib.
Dövlətimizin başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlı
Qurbanqulu Berdiməhəmmədova təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan
sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş
naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış
bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və
dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin
paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə
müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması
baxımından əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın
xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas
hissəsi ilə onun Naxçıvan regionu arasında əlaqənin yaradılmasına
xidmət edəcək maneəsiz nəqliyyat bağlantısının bütün regionun
çiçəklənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixi
razılaşmalar münasibətilə dövlətimizin başçısına və Azərbaycan
xalqına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev onun salamlarını Türkmənistan Prezidenti
Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Qurbanqulu Berdiməhəmmədov da Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədovun salamlarını və təbriklərini dövlətimizin
başçısına çatdırıb.

Telefon söhbəti zamanı gələcək təmaslarla bağlı fikir mübadiləsi
aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir