Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Siyasət

Bakı. Trend:

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir
ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlətimizin
başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın
dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə
əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu
görüşün tarixi xarakter daşıdığını vurğulayıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib,
Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların,
xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında
imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün
və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini
qeyd edib.

Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında
ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki
ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və
bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli
müzakirələrin aparıldığı vurğulanıb.

Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın
SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər
obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz
kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava
zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna
arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir
halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.