
Bakı. Trend:
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin
Zayed Al Nəhyana zəng edib.
Trend xəbər verir
ki, telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında əlaqələrin
dostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Dövlətimizin
başçısının BƏƏ-yə sonuncu səfəri və Prezident Şeyx Məhəmməd bin
Zayed Al Nəhyan ilə görüşü məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan
Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin
şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin önəmi
vurğulanıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin və
çiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti qeyd edilib. Bu
nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi
rolu yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı əldə olunmuş razılaşmalarda bu ilin iyul
ayında Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında keçirilmiş
ikitərəfli görüşün əhəmiyyətinə toxunub və buna görə Prezident Şeyx
Məhəmməd bin Zayed Əl Nəhyana təşəkkürünü bildirib.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan əldə olunmuş
nəticələr ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb
və bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o
cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd
edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi
aparılıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al
Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul
olunub.

