
Bakı. Trend:
İran Azərbaycan və Ermənistan arasında istənilən sülhü müsbət
qarşılayır.
Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi
bu gün Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, İran region ölkələrinin öz suverenliyini
qorumasının tərəfdarıdır və bütün ölkələrin ərazi bütövlüyünü
dəstəkləyir. Azərbaycan və Ermənistanın birgə bəyanatında da bu
məsələyə diqqət yetirilib.
Araqçi qeyd edib ki, İran həm Yerevan, həm də Bakı ilə müntəzəm
dialoq aparır. “Ermənistanın xarici işlər naziri sabah mənə zəng
edəcək. Baş nazir Paşinyan da Tehrana səfər edəcək və çərşənbə
axşamı Ermənistan xarici işlər nazirinin müavininin Tehrana səfəri
planlaşdırılır. Biz hər iki tərəflə daimi məsləhətləşmələr
aparırıq”, – deyə o bildirib.
O, İranın regional siyasətinin suverenlik və ərazi bütövlüyünə
hörmət üzərində qurulduğunu vurğulayıb. “Biz istəyirik ki,
regiondakı bütün dövlətlər öz əraziləri üzərində suverenliyini tam
qoruyub saxlasınlar və biz regiondakı bütün ölkələrin ərazi
bütövlüyünü dəstəkləyirik. Biz beynəlxalq sərhədləri də qoruyuruq”,
– deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın birgə
bəyanatında İranın mövqeyinə uyğun gələn üç prinsip öz əksini
tapıb: suverenliyə hörmət, ərazi bütövlüyünə hörmət və sərhəd
dəyişikliyinə qarşı çıxmaq.
O, həmçinin bəyan edib ki, dəhliz məsələsi artıq müzakirə
olunmur və tərəflər Ermənistanın suverenliyi və yurisdiksiyası
altında tranzit yolun tikintisi ilə bağlı razılığa gəliblər.
Layihəni Ermənistanda qeydiyyatdan keçən və Ermənistan
qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkət həyata
keçirəcək.
Nazir İranın konstruktiv fəaliyyətə sadiqliyini bir daha
vurğulayıb. “Biz hadisələri diqqətlə izləyirik və regionda sülhün
və sabitliyin qorunması üçün bütün tərəflərlə məsləhətləşmələri
davam etdirəcəyik”, – deyə o bildirib.

