Araikin sonu yaxınlaşır: Paşinyan separatçıların başını “əzmək” üçün növbəti hücuma hazırlaşır

Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyanla separatçıların başçısı Araik Arutyunyan arasında münasibətlər “savaş” həddinə gəlib çatıb.

Buna səbəb Arutyunyanın “özbaşınalıq” etməsi və Nikol Paşinyanın maraqlarına zidd bəyanatları olub.

Artıq erməni lider bir vaxtlar müttəfiqi olan separatçının “quyusunu qazmaq” üçün təşəbbüslərə də start verib.

Belə ki, Nikol Paşinyan ilk növbədə separatçıların büdcə layihəsinin qəbul edilməməsinə çalışıb, buna nail olduqdan sonra isə Araik Arutyunyanın “hakimiyyətdən kənarlaşdırılması” prosesinə start verilməsinə cəhd göstərib. Bütün bu proseslərdə Nikol Paşinyan separatçıların ilk “müdafiə naziri” Samvel Babayandan istifadə edib.

Lakin Nikol Paşinyanın hərəkətlərindən duyuq düşən Araik Arutyunyan müxalif qüvvələri yanına çəkərək büdcə barədə layihəni təsdiqlədə bilib. Belə olan halda isə Nikol Paşinyanın “prezident” institutuna vuracağı həlledici zərbənin qarşısı müvəqqəti olaraq alınıb.

Nikol Paşinyan isə separatçıların başını “əzməkdə” israrlı görünür. Çünki Ermənistan mətbuatı Paşinyanın Arutyunyanla savaşın ikinci raunduna tezliklə start vermək niyyətində olduğunu yazır.

Çox güman ki, bu dəfə də əsas vasitə kimi yenə Samvel Babayan seçiləcək. Hətta S.Babayanın artıq erməniləri Araik Arutyunyana qarşı etiraz aksiyalarına hazırlaşdırdığı da bildirilir.

Terrorçu Araik Arutyunyanın isə mövcud şəraitdə Paşinyanın növbəti həmlələrinə tab gətirə biləcəyi inandırıcı görünmür. Perspektivdə isə Arutyunyanın məğlubiyyəti onun dəmir barmaqlıqlar arxasına gedən yolunun başlanğıcını qoya bilər.

Sirr deyil ki, 44 günlük müharibədə erməni cəmiyyəti əsas günahkar kimi keçmiş hakimiyyətlərdən daha çox Nikol Paşinyana təzyiq göstərir. Paşinyan isə ermənilərin qarşısına günahkar qismində bir çox namizədləri atmağa çalışıb. Sözsüz ki, erməni lider də bu qurbanlar arasında ən iştaha gətirənin Araik olacağını yaxşı bilir.

Bu mənada separatçıların başının gələcəyinin ipdən asılı olduğunu deyə bilərik. Paşinyan isə bu başı əzmək üçün istənilən yola əl atmağa hazır görünür.

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir