
Bakı. Trend:
2025-ci ilin 8 avqustu Cənubi Qafqazın siyasi xəritəsinin arxiv
tozundan çıxıb yeni dövrün təzə çəkilmiş planına çevrildiyi gün
kimi tarixə düşəcək. Ağ Evdə eyni masa arxasında təkcə regionun
deyil, qlobal nizamın da gedişatını müəyyən edən üç siyasi fiqur
toplaşdı – ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham
Əliyev və Ermənistanın baş naziri Nikol Paşinən.
Bu, sadəcə əl sıxma mərasimi və diplomatik ifadələr mübadiləsi
deyildi: həmin gün dünya konkret infrastruktur layihələri,
beynəlxalq müşayiət zəmanətləri və dəqiq icra qrafiki ilə
möhkəmləndirilmiş yeni “sülh çərçivəsi” barədə xəbər eşitdi.
Sənəd simvolizmin hüdudlarını aşaraq strateji bələdçiyə
çevrildi. Burada artıq indidən gələcək nəqliyyat dəhlizlərinin
marşrutları, enerji xətləri və regiondakı qüvvələr balansını
dəyişməyə qadir nəzarət mexanizmləri nəzərdə tutulur. Fəqət bundan
da güclü siyasi mesaj Vaşinqtonun 907-ci düzəlişin qüvvədən kənar
edilməsini uzatmaq qərarı oldu – elə həmin “waiver” ki, praktik
olaraq ABŞ hökumətinin Azərbaycan hökumətinə birbaşa dövlət yardımı
göstərməsinə qoyulmuş qanuni qadağanı aradan qaldırır. Üstəlik, bu
addım nümayişkaranə şəkildə, Prezident İlham Əliyevin ABŞ-yə səfəri
fonunda, kameralar qarşısında və hər bir jestin, hər bir sözün
dəqiqliklə hesablandığı zalda atıldı: artıq Azərbaycan regional
sabitlik arxitekturasında tərəfdaş kimi qəbul edilir, keçmişin
şərti sanksiya mexanizmlərinin obyekti kimi yox.
Bu addımın miqyasını anlamaq üçün xatırlatmaq lazımdır ki,
907-ci düzəliş 24 oktyabr 1992-ci il tarixli ABŞ qanunu – “Azadlığa
Dəstək Aktı”nın (Freedom Support Act, FSA) bir hissəsidir və
postsovet məkanında yalnız bir ölkəyə qarşı qanunverici
diskriminasiyanın unikal nümunəsi hesab olunur. O, Azərbaycanı
istisna edərək hər hansı yardımı qadağan edir, yalnız kütləvi
qırğın silahlarının yayılmamasına dair proqramlar bundan kənar
tutulurdu. Qadağa, ABŞ prezidentinin Konqresə “Azərbaycanın
Ermənistan və Qarabağa qarşı blokadaları və digər hücum xarakterli
güc tətbiqlərini dayandırmaq üçün atdığı nümayişkaranə addımlar”
barədə məlumat verəcəyi vaxta qədər qüvvədə qalmalı idi.
11 sentyabr 2001 hadisələrindən sonra Vaşinqton yanaşmanı
dəyişdi: 2002-ci ildən başlayaraq prezidentə, dörd şərt yerinə
yetirildiyi halda, düzəlişin tətbiqini hər il dayandırmaq
səlahiyyəti verildi. Bu şərtlərə Azərbaycanın beynəlxalq terrorizmə
qarşı mübarizəyə və sərhəd təhlükəsizliyinə töhfəsi, həmçinin
Ermənistana ziyan vurulmaması daxil idi. Ardınca Konqreslə
məsləhətləşmələr, yardımın bölgüsü, hərbi balans və danışıqlar
prosesinə təsir barədə məcburi hesabatlar gəlirdi. İki onillik
ərzində bütün ABŞ prezidentləri – siyasi mənsubiyyətindən asılı
olmayaraq – bu “waiver”i imzaladılar, Bakının ABŞ maraqları üçün
əhəmiyyətini təsdiqlədilər.
ABŞ Hesablama Palatasının məlumatına görə, 2002–2020-ci illərdə
Azərbaycan təxminən 808 milyon dollar yardım aldı, onun 164 milyonu
yalnız prezidentin bu istisna səlahiyyəti sayəsində mümkün olan
“təhlükəsizlik” istiqamətlərinə sərf olundu. Məhz buna görə 2025-ci
il avqustun 8-i sadəcə diplomatik təqvimdə bir tarix deyil. Bu,
köhnə baryerlərin yeni etimad səviyyəsinə yol verdiyi, Cənubi
Qafqazın isə Vaşinqtonun Bakıyla strateji tərəfdaşlıq qurmağa sözdə
deyil, real layihələr və siyasi təminatlar əsasında hazır olduğunu
nümayiş etdirdiyi məqamdır.
2023-cü ilin payızında Vaşinqtonda siyasi barometrin oxu sanki
şimal-qərb küləklərinin soyuğunda donub qalmışdı. ABŞ Dövlət
Departamenti açıq mətnlə bildirirdi: “Vəziyyət yaxşılaşmayınca
waiver təqdim etməyi planlaşdırmırıq”, bununla da yeni büdcə
dövründə 907-ci düzəlişin tam qüvvəyə qayıtması üçün zəmin
hazırlayırdı. Senat daha da irəli gedərək 2023-cü il “Armenian
Protection Act” – S.3000 qanun layihəsini təsdiqlədi. Bu sənəd
administrasiyanı 2024–2025-ci illərin vəsaitləri üzrə waiver
hüququndan məhrum edirdi. 2024-cü ildə Nümayəndələr Palatasında
bunun güzgü versiyası olan H.R.7288 layihəsi ortaya çıxdı. Hərçənd
bu təşəbbüslər qanuna çevrilmədi, onların sinxron irəli sürülməsi
Vaşinqtonda 907-ci düzəlişin sərt icrasını dəstəkləyən sabit
koalisiyanı formalaşdırdı və Ağ Evi İrəvanın maraqlarına, regional
sabitliyin məntiqindən daha çox uyğun gələn bir xəttə
itələyirdi.
Amma 2025-ci il 8 avqustda siyasi ton tamamilə dəyişdi. Ağ Evdə
keçirilən mərasimdə ABŞ, Azərbaycan və Ermənistan sülh çərçivəsini
və Ermənistanın cənubu boyunca keçəcək irimiqyaslı tranzit
infrastruktur layihəsini – “Beynəlxalq Sülh və Rifah üçün Tramp
Marşrutu”nu (Trump Route for International Peace and Prosperity,
TRİİP) təqdim etdilər. Sülh prosesi və dəhliz logistikasına zəmanət
əsasında Prezident Donald Tramp 907-ci düzəlişin qüvvədən kənar
edilməsini uzadan icra aktını imzaladı. Bu qərar eyni anda aparıcı
dünya agentliklərinin lentlərinə düşdü, Azərbaycan XİN-in rəsmi
şərhlərində yer aldı və vurğulandı ki, waiver təkcə bürokratik jest
deyil, böyük siyasi paketın bir hissəsidir.
Hüquqi baxımdan prezident qanunu ləğv etmir, sadəcə Konqresin
verdiyi səlahiyyətdən istifadə edərək müəyyən çərçivələr daxilində
onu müvəqqəti tətbiq etmir. 907-ci düzəlişin tam ləğvi yalnız
Konqres aktı ilə mümkündür. Amma praktiki müstəvidə yaxın büdcə
dövrü ərzində birbaşa qadağa dondurulur və ABŞ-nin Azərbaycan
dövlət qurumları ilə ikitərəfli əməkdaşlıq proqramları üçün
kanallar yenidən açılır.
Bu isə o deməkdir ki, 907-ci düzəlişin blokladığı sahələrdə
Dövlət Departamenti, Pentaqon və digər ABŞ qurumlarının Azərbaycan
nazirlik və agentlikləri ilə hədəfli işi bərpa olunur: sərhəd və
liman təhlükəsizliyi, mina təmizləmə fəaliyyəti, kritik
infrastrukturun kibermüdafiəsi, dövlət xidmətlərinin
rəqəmsallaşdırılması, məhkəmə-hüquq islahatları, ixrac nəzarəti,
təchizat zəncirlərinin təhlükəsizliyi. Yenidən IMET proqramı
çərçivəsində hərbi kadr hazırlığı, uyğunluq və situasiya
məlumatlılığı üzrə məsləhətləşmələr, NADR-in antiterror və
minatəmizləmə layihələri, FMF çərçivəsində müəyyən maliyyələşmə
elementləri və ABŞ qanunvericiliyinin qüvvədə olan məhdudiyyətləri
daxilində digər alətlər əlçatan olur.
İnfrastruktur və investisiya layihələri, o cümlədən TRIPP üçün
waiver siyasi “qırmızı bayraq”ı aradan qaldırır, iri investorlar və
sığorta şirkətləri üçün riskləri azaldır, dəmir yolu, enerji və
rəqəmsal magistrallar üçün əlverişli fon yaradır. İnsan kapitalı və
texnologiyalar sahəsində təqaüd proqramları, mübadilə təşəbbüsləri,
birgə İT layihələri və süni intellekt üzrə əməkdaşlıq
sürətlənir.
Simvolik məna daşıyan bu waiver-in məhz sülh çərçivəsinin
təqdimatı və Bakı ilə İrəvanın ATƏT-in Minsk qrupu xətti üzrə birgə
bəyanatı günü uzadılması regionda yeni normallıcı təsbit edir: ABŞ
artıq donmuş münaqişələrin kənar müşahidəçisi deyil, sülhün,
infrastrukturun və inteqrasiyanın investoru kimi çıxış edir,
Azərbaycan isə geniş Qara dənizdən Mərkəzi Avrasiya qədər olan
məkanın əsas tranzit qovşağı və Vaşinqtonun strateji tərəfdaşı
statusunu daha da möhkəmləndirir.
2025-ci il 8 avqust qərarını Azərbaycan üçün müddətsiz
“amnistiya” kimi anlamaq olmaz. Prezidentin verdiyi waiver
mahiyyətinə görə illik mexanizmdir və Ağ Ev onu yalnız məcburi
məsləhətləşmələr və Konqresə ətraflı hesabat təqdim etdikdən sonra
uzada bilər. Formul sadə, amma sərtdir: hər on iki aydan bir – 60
günlük hesabat, profil komitələrlə daimi təmas və ITAR/EAR ixrac
nəzarəti, eləcə də Leahy qanunları üzrə insan haqları filtrlərindən
keçid.
Siyasi risklər isə qalır: 2023-cü ildə Senat administrasiyanı
müvəqqəti olaraq waiver hüququndan məhrum etməyə hazır olduğunu
göstərmişdi, 2024-cü ildə oxşar təşəbbüs Nümayəndələr Palatasında
da səsləndi. Bu müqavimət ocaqları hələ də yerindədir və onları
sadəcə bəyanatlarla deyil, əsas komitələr və ofislərlə sistemli iş
aparmaqla neytrallaşdırmaq mümkündür. Ağ Ev isə addımını Public Law
107-115 çərçivəsində atdı – burada daimi istisnalar (demokratiya
dəstəyi və Title V, TDA, OPIC/DFC, Eximbank proqramları, humanitar
yardım), illik “waiver” hüququnun məcburi məsləhətləşmələrlə və
hesabatlılıqla tətbiqi, həmçinin “sülhə ziyan vurmamaq və
Ermənistana qarşı hücum məqsədi daşımamaq” kriteriyaları aydın
şəkildə təsbit olunub. 1992-ci il Public Law 102-511 ilə birlikdə
bu arxitektura, Konqres əks qərar verməyənə qədər sabit
qalacaq.
ABŞ üçün 907-ci düzəliş strateji problem idi: o, postsovet
məkanında balansı pozur, Azərbaycanı Dövlət Departamentinin
standart institusional mexanizmlərindən kənarda saxlayır, bununla
da tranzit marşrutları, enerji təhlükəsizliyi və sanksiyalardan yan
keçmə yollarına nəzarət kimi kritik zonada təsir imkanlarını
daraldırdı. Hətta sərt 907-ci rejimdə belə, TDA, OPIC/DFC və
Eximbank vasitəsilə müəyyən “carve-out” layihələr həyata
keçirilirdi, amma Bakıdakı dövlət institutları ilə birbaşa əlaqə
olmadığından effekt yarımçıq qalırdı. Waiver bu boşluğu aradan
qaldırır və bütövlüyü bərpa edir.
Avqust 2025-ə qədər düzəliş həm də siyasi alət idi: diaspor
kampaniyaları və Konqresdə situativ dəyişkənlik onu yerindəki real
vəziyyətdən asılı olmayaraq təzyiq “düyməsinə” çevirirdi. “Sülh +
infrastruktur + waiver” paketi bu modeli dağıdır, sərtləşdirmə
təşəbbüslərini görünən alternativ yol – ticarətdən təhlükəsizliyə
qədər – fonunda qiymətləndirməyə məcbur edir.
Ancaq əsas sınaq hələ qarşıdadır – hesabatlılıq. Dövlət
Departamenti 60 gün ərzində Konqresə proqramların hərbi balans və
danışıqlar prosesinə təsiri barədə məruzə təqdim etməlidir. ABŞ
Hesablama Palatası isə 2022-ci ildə bu hesabatların keyfiyyətini
tənqid etmişdi. İndi bu zəif nöqtə səhvsiz bağlanmalıdır:
sənədlərin hazırlanma səviyyəsi təkcə növbəti waiver üçün deyil,
Vaşinqtonda Azərbaycan ətrafında yaranacaq ümumi siyasi fon üçün də
həlledicidir.
Hətta mövcud azadolma qüvvədə olsa belə, maliyyələşmənin açarı
yenə də IMET, NADR, FMF icmalları və 333-cü maddə (Building Partner
Capacity) proqramlarının taleyini müəyyən edən assiqnasiya
komitələrinin əlindədir. Bakı üçün bu, Konqresdə davamlı iki
partiyalı dəstək tələb edir, əks halda bəzi dəstək xətləri büdcə
mərhələsində kəsilə bilər. Və nəhayət, siyasi volatillik qalır:
S.3000 və H.R.7288 təşəbbüslərinin təcrübəsi göstərir ki, “kranı
bağlamaq” ideyası istənilən anda gündəmə qayıda bilər. Deməli,
arsenalda hətta opponentlərin belə etiraz edə bilməyəcəyi layihələr
olmalıdır – Xəzər limanlarının təhlükəsizliyi, mina təmizləmə
fəaliyyəti, sərt ixrac nəzarəti altında tranzit. Məhz belə mövzular
ətrafında həm respublikaçıları, həm də demokratları eyni dəstək
xəttində saxlamaq mümkündür.
Yaxın on iki ay ərzində ABŞ–Azərbaycan Strateji İşçi Qrupunun
işə düşməsi və “Strateji Tərəfdaşlıq Xartiyası”nın formalaşması
gözlənilir. Bu sənədin mərkəzində regional bağlantı, rəqəmsal
texnologiyalara və süni intellektə sərmayə, həmçinin müdafiə və
antiterror sahəsində birgə təşəbbüslər dayanacaq. TRIPP layihəsi
siyasi bəyannamə mərhələsindən çıxaraq konkret texniki-iqtisadi
əsaslandırma paketləri, sığorta mexanizmləri və zəmanət alətləri
mərhələsinə keçəcək, təhlükəsizlik proqramları isə – IMET və
NADR-dən tutmuş kritik infrastrukturun kibermüdafiəsinə qədər –
Konqres qarşısında gücləndirilmiş hesabatlılıqla praktiki rejimdə
icra olunmağa başlayacaq.
Orta müddətli perspektivdə, sülh çərçivəsi qorunduğu halda,
Vaşinqton Cənubi Qafqazı sanksiya intizamının dəstəklənməsi,
NATO-nun şərq cinahlarının möhkəmləndirilməsi, eləcə də Avropa
İttifaqının enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi
üçün strateji investisiya kimi görəcək. Bununla belə, waiver-in
hərillik uzadılması prosesi Konqres 907-ci düzəlişi tamamilə ləğv
etməyənə və ya yenidən işlənmiş versiyasını qəbul etməyənə qədər
siyasi prosedur olaraq qalacaq. Lakin belə şəraitdə belə, hər bir
uzadılma Ağ Ev üçün ABŞ hakimiyyət dəhlizlərindəki əsas oyunçularla
incə və davamlı iş tələb edəcək.
Ümumiyyətlə, 907-ci düzəliş 90-cı illərin əvvəllərinin
məhsuludur – Vaşinqtonun Qafqaz reallığını siyasi konjonkturanın
təhrif olunmuş prizmasından gördüyü dövrün. 2001–2002-ci illərdə
yaranmış waiver mexanizmi bu disbalansı qismən düzəltməyə imkan
verən kompromis aləti oldu. 2023-cü ilə gəldikdə isə, siyasi rüzgar
yenidən Azərbaycanı simvolik şəkildə “cəzalandırmaq” istiqamətində
əsdi, lakin 2025-ci ilin avqustu bərabərliyi yenidən praqmatizmə
qaytardı: sülh çərçivəsi, tranzit dəhlizi, institusional dialoq və
hüquqi açar kimi 907-ci düzəlişdən azadolmanın uzadılması. Bu,
diplomatik xeyriyyəçilik jesti deyil, hər iki tərəf üçün sərt, amma
faydalı çərçivəni quran dəqiq hesablanmış qarşılıqlı fayda alətidir
– Xəzər təhlükəsizliyindən və mina təmizləmədən tutmuş rəqəmsal
inteqrasiya və ticarətə qədər proqramları əhatə edir.
İndi isə uğurun əsas amili qanun mətnlərində deyil,
razılaşmaların icra keyfiyyətində və hesabatlılığın
şəffaflığındadır.
Məhz bunlar müəyyən edəcək ki, 2025-ci ilin avqust impulsu dönüş
nöqtəsinə çevriləcək, yoxsa ABŞ-nin Qafqaz siyasətinin uzun
tarixində sadəcə parlaq, amma ötəri bir epizod olaraq qalacaq.

