Avropa İttifaqının Ermənistan missiyası: Uğursuz təşəbbüs və siyasi iflas

Siyasət

Bakı. Trend:

Cənubi Qafqaz regionunda baş verən sürətli geosiyasi
dəyişikliklər fonunda bir çox beynəlxalq təşəbbüs öz aktuallığını
itirməkdədir. Bu təşəbbüslərdən biri də Avropa İttifaqının
Ermənistanda yerləşdirdiyi müşahidə missiyasıdır. Əvvəldən
mübahisəli məqsədlərlə formalaşdırılan bu strukturun artıq bölgədə
heç bir funksional rolu qalmayıb və onun fəaliyyəti bu gün həm
regional sülh prosesinə maneə, həm də beynəlxalq hüququn ruhuna
zidd bir alətə çevrilib.

2023-cü ilin əvvəlində Avropa İttifaqı Ermənistanda mülki
müşahidə missiyası yerləşdirdi. Rəsmi versiyaya görə, missiyanın
məqsədi Ermənistan-Azərbaycan sərhədində sabitliyi təmin etmək və
gərginliyin azaldılmasına töhfə vermək idi. Lakin bu təşəbbüs,
əslində, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə gündəmə
gətirildi və missiyanın arxasında dayanan əsas hədəflər geosiyasi
xarakter daşıyırdı. Belə ki, Aİ-nin və xüsusilə Fransanın bölgədəki
hərbi-siyasi mövqelərini gücləndirmək, Azərbaycan-Ermənistan
münasibətlərində süni gərginliklər yaratmaqla Qərbin vasitəçiliyini
labüd etmək idi.

Beləliklə, missiyanın “sülhə töhfə” adı altında başladılan
fəaliyyəti, əslində, Qərbin, daha dəqiq desək, Fransanın bölgədə öz
maraqlarını həyata keçirmək üçün seçdiyi hibrid vasitə idi.

Lakin Avropa İttifaqının Ermənistandakı missiyası gözlənilən
təsiri yarada bilmədi. Bunun bir neçə əsas səbəbi var:

Tərəflər arasında sülh gündəliyinin formalaşması. 2024-cü ildən
etibarən Azərbaycan və Ermənistan arasında birbaşa dialoqlar
intensivləşdi. Sərhədlərin delimitasiyası üzrə ilkin razılaşmalar
əldə olundu, qarşılıqlı etimad tədbirləri gücləndirildi. Bu
proseslər göstərdi ki, regional sülhün əsası xarici vasitəçilərlə
deyil, iki ölkənin suveren qərarları ilə qoyulmalıdır.

Aİ missiyasının birtərəfli mövqeyi ilə seçildi. Müşahidə
missiyası fəaliyyətində qərəzli davranışlar nümayiş etdirdi.
Ermənistanın silahlandırılması, Avropa Parlamentində Azərbaycana
qarşı çıxarılan qətnamələr və Fransa rəsmilərinin təxribatçı
bəyanatları missiyanın neytrallığını sual altına aldı. Bu vəziyyət
missiyanın legitimliyini ciddi şəkildə zədələdi.

Aİ-nin Ermənistan missiyası Emmanuel Makronun siyasi təşəbbüsü
kimi təqdim edilirdi. Fransa prezidenti Ermənistanı “xristian
həmrəyliyi” çərçivəsində müdafiə etdiyini bəyan etsə də, onun bu
siyasəti balanssız və qeyri-real yanaşma kimi yadda qaldı.

Nəticədə, Fransa yalnız Azərbaycanın deyil, regionun digər
güclərinin də etimadını itirdi və vasitəçilik missiyasından
kənarlaşdırıldı. Makronun Cənubi Qafqaz siyasəti həm diplomatik,
həm də strateji baxımdan iflasa uğradı.

Hazırda bölgədə yaranmış real vəziyyət onu göstərir ki, Aİ
missiyası sadəcə formal xarakter daşıyır. Azərbaycan və Ermənistan
arasında gedən birbaşa danışıqlar, sərhəd məsələlərinin
razılaşdırılması, kommunikasiya xətlərinin açılması və qarşılıqlı
inamın qurulması fonunda bu missiyanın fəaliyyəti həm mənasız, həm
də arzuolunmazdır.

Buna görə də missiya ləğv edilməlidir.

Aİ Ermənistandakı missiyası, əslində, xarici müdaxilələrin
regionda sabitlik yaratmaq əvəzinə, mövcud gərginliyi daha da
dərinləşdirdiyini bir daha sübut etdi. Azərbaycan və Ermənistan
arasında formalaşan yeni reallıqlar fonunda bu missiya artıq öz
funksional əhəmiyyətini itirib.

Bu gün sülhə gedən yol Brüsseldən, Parisdən və ya Vaşinqtondan
yox, Bakı ilə İrəvandan keçir. Beynəlxalq qurumlar bu prosesi
dəstəkləmək istəyirlərsə, birtərəfli alətlərdən və maraq güdən
təşəbbüslərdən imtina etməlidirlər. Aİ missiyası isə bu yanaşmaya
tam zidd olduğu üçün dayandırılmalı və regionun sülh gündəliyinə
süni təsirlərə birdəfəlik son verilməlidir.