2020-ci ildə 30 illik işğala son qoyaraq yeni ilə daha inamla və böyük qürurla qədəm qoyan Azərbaycan cari ildə özünün sürətli inkişaf yoluna uğurla davam edib.
2021-ci ildə Azərbaycan bütün dünyada qlobal təşəbbüslərlə çıxış edən və öz regionunda söz sahibi, gündən-günə nüfuzunu daha da artıran dövlət olaraq yaddaşlarda qalıb.
Ölkəmizin 2021-ci ildə keçdiyi sürətli bir o qədər də uğurlu inkişaf yoluna, Azərbaycan dövlətinin beynəlxalq arenada və daxildə atdığı parlaq addımlara nəzər salaq…
Prioritet məsələlər
Təbii ki, 2020-ci ildə parlaq zəfər qalmış Azərbaycan üçün yeni ildə prioritet təşkil edən məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərlə bağlı işlər olub. İlk növbədə işğal illərində erməni vandalizminin viran qoyduğu ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə təqdimatı məsələsinə diqqət yönəldilib. Belə ki, artıq geridə qoymağa hazırlaşdığımız ildə təcavüzkarın ifşası baxımından önəmli nailiyyətlərə imza atılıb.
İşğaldan azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkili ilə beynəlxalq platformada həqiqətlərin obyektiv işıqlandırılması və Ermənistan dövlətinin terrorçu mahiyyətinin üzə çıxarılması üçün şərait yaradılıb.
Beləliklə təcavüzkar fakt qarşısında qoyulub ki, bu da informasiya savaşında Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Erməni təbliğat maşınının bütün cəhdlərinə vaxtında və adekvat cavab verilərək, İrəvanın məkrli planları alt-üst edilib.
İşğaldan azad edilmiş ərazilərimizlə bağlı gündəlikdə saxlanılan həyati vacib məsələlərdən biri də mina xəritələri olub. Azərbaycan dövləti bu istiqamətdə də Ermənistana beynəlxalq təzyiqlərin artmasına, beynəlxalq ictimaiyyətin diqqətinin İrəvanın mina terroruna yönəlməsinə nail olub. Azərbaycan XİN tərəfindən BMT-də xüsusi qətnamə layihəsinin yayılması Ermənistanın əsl simasının növbəti dəfə ifşası baxımından əhəmiyyət kəsb edib.
Beynəlxalq müstəvidə eyni zamanda Ermənistanın hərbi-diversantları “hərbi əsir” kimi qələmə vermək cəhdlərinə də layiqli cavab verilib. Sözügedən iddianın əsassız olması sübuta yetirilərək, İrəvanın bu məsələdən təzyiq vasitəsi kimi istifadəsinin növbəti dəfə qarşısı alınıb.
Ölkəmizin maraqlarının müdafiəsi baxımından hüquq sahəsində də bir çox addımlar atılıb. Belə ki, İrəvanın beynəlxalq məhkəmələrdə mühakiməsi üçün əməli addımlar atılıb. Ermənistanın işğalçı mahiyyətinin ifşası istiqamətində Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırılması xüsusi əhəmiyyətə malikdir. Məhz Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanla bağlı verdiyi qərar isə ölkəmizin diplomatiya sahəsində növbəti zəfəri hesab olunur.
2021-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun reallaşdırdığı “Karabakh.Center” layihəsi və müvafiq əsasda Vətən müharibəsində həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakh Memorial” internet resursu, eləcə də “WhereisKarabakh.com” saytı təbliğati-siyasi baxımdan mühüm layihələr kimi diqqəti cəlb edib.
Xarici siyasət
Azərbaycan Prezidenti İlham Əliyevin öndərliyində yürüdülən uğurlu xarici siyasət sayəsində cari ildə dövlətimiz öz ədalətli və haqlı mövqeyinin dünyanın supergüclərinə və aparıcı təşkilatlarına qəbul etdirə bilib. Dövlət başçısının çoxsaylı xarici səfərləri və beynəlxalq tribunalardakı çıxışları bu məsələdə böyük rol oynadı.
İlham Əliyevin nüfuzu, konstruktiv, ədalətli və prinsipial yanaşması xarici dövlətlər və təşkilatlar üçün istinad nöqtəsinə çevrildi və Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, humanitar məsələlərin həlli, kommunikasiyaların bərpası kimi məsələlər ətrafında danışıqlar aparılmasına dəstək verildi.
Dövlət başçısının 11 yanvar və 26 noyabr tarixli Rusiya səfərləri və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə dekabrın 15-də Brüsseldə keçirilən üçtərəfli görüşlər xüsusən regionumuzda kommunikasiyaların açılması baxımından mühüm əhəmiyyət daşıyıb. Belə ki, yalnız sözügedən görüşlərdən sonra Ermənistan tərəfi kommunikasiyaların bərpası üçün praktik addımlar atılmasının qaçılmaz olduğunu qəbul edib.
Azərbaycan cari ildə həmçinin regionun gələcəyi ilə bağlı məsələlərin həllində məhz region ölkələrinin birgə səy göstərə biləcəyi təşəbbüslər də irəli sürüb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “3+3” platforması təşəbbüsü məhz bu qəbildəndir.
Dekabrın 10-da bu təşəbbüsün reallığa çevrilməsi istiqamətində ilk addımlar atılıb. Belə ki, Moskva şəhərində Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk iclas keçirildi. Bu iclas öz növbəsində regionumuzda dayanıqlı sülhün və sabitliyin yaradılması, eyni zamanda kommunikasiyaların bərpası baxımından olduqca əhəmiyyətli addım oldu.
Məhz Azərbaycan Prezidentinin qətiyyətli addımları və ortaya qoyduğu siyasi səriştə bu gün Rusiya, Fransa kimi ölkələrlə yanaşı, həm də Avropa İttifaqına üzv dövlətlərin regionumuzdakı yeni reallıqlara istinad etməsinə zəmin hazırladı. Beynəlxalq ictimaiyyət Cənubi Qafqazda regionun taleyi ilə bağlı danışıqların gündəliyini Azərbaycanın müəyyən etdiyinin bir daha əyani şahidinə çevrildi.
Azərbaycan liderinin qlobal problemlərlə bağlı təşəbbüsləri, habelə Vətən müharibəsindən sonrakı çoxşaxəli, səmərəli fəaliyyətinə bütün platformalarda yüksək qiymət verilir. Elə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsinin səbəbi də məhz Ali Baş Komandanın sözügedən fəaliyyəti, dövlətinin və xalqının maraqları naminə var gücü ilə çalışması, haqlı və ədalətli mövqeyini daim qoruması oldu.
Qarabağa böyük qayıdış
Sözsüz ki, postmüharibə dövründə Azərbaycan dövlətinin qarşısında erməni vandalizminin viran qoyduğu torpaqlara yenidən həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlişi üçün addımlar atmaq missiyası da dayanıb. Bu baxımdan Azərbaycan liderinin 2021-ci ilin yanvarın 19-da “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərmanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, sözügedən fərman məhz Qarabağda geniş quruculuq-bərpa işlərinin ölkəmiz üçün prioritet təşkil etdiyini bir daha nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin iyulun 7-də daha bir əhəmiyyətli sərəncam imzalayıb. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanla dövlət başçısı tarixi bir hadisəyə imza atdı. Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı ki, bu amil də öz növbəsində Azərbaycanın birlik və bölünməzliyi qəti şəkildə təsdiq olundu.
44 günlük müharibə ilə Azərbaycan dövləti tarixi ədalətsizliyə son qoyaraq ərazi bütövlüyün bərpa etdi. İşğala son qoyulduqdan sonra dövlətin prioritetləri arasında regiona böyük qayıdış ön sıralarda dayanır.
Buna görə Qarabağda sürətli quruculuq bərpa işləri aparılır. İlk növbədə yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görülür. Füzulidə hava limanının inşası, regionda digər hava limanlarının tikinti prosesinin davam etməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaradacaq.
Pandemiya dövründə iqtisadiyyatımız sınaqdan uğurla keçdi
Pandemiyanın davam etdiyi 2021-ci ildə bir çox ölkələr iqtisadi baxımdan çətin günlər yaşasa da, Azərbaycan iqtisadiyyatı vaxtında görülmüş tədbirlər nəticəsində bu sınaqdan üzüağ çıxmağı bacardı.
Üstəlik işğaldan azad edilmiş ərazilərin də iqtisadi potensialı gələcək naminə çox müsbət siqnallar vəd edir. Belə olan halda həmin ərazilərin Azərbaycanın iqtisadiyyatına inteqrasiyası ölkəmizdə iqtisadi inkişafa daha da təkan verəcək.
Azərbaycan dövləti iqtisadi inkişafı hər zaman öz vətəndaşlarının rifah səviyyəsinin yüksəldilməsində lokomotiv kimi istifadə edib. Məhz ölkə iqtisadiyyatının davamlı inkişafı və bu sahədə qazanılmış hər bir uğur yekunda vətəndaşların yaşayış səviyyəsində öz müsbət əksini tapıb.
İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, Azərbaycanda 2021-ci ildə ÜDM-in artımının 5,1 faiz olması ehtimal edilir. Dünya Bankının proqnozlarına əsasən isə, bu artım 2,9-5 faiz arasında olacaq. Proqnozlara görə, 2021-ci ildə qeyri-neft sektorunun artımı xidmət, kənd təsərrüfatı sahələrinin və sənayenin artımı nəticəsində 7,1 faiz təşkil edəcək. Bu il qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə alınıb. Qeyri-neft ixracı 44 faiz artıb və ilin sonuna qədər qeyri-neft ixracı 2,6 milyard ABŞ dolları təşkil edəcək.
Qeyri-neft ixracında bu cür göstərici müstəqillik tariximizdə bir ilk sayılır. Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də artaraq 53 milyard ABŞ dollarını keçib.
Azərbaycan dövləti tərəfindən şəhid ailələri, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər hərtərəfli qayğı ilə əhatə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 25-də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2021-2025-ci illərdə həmin kateqoriyadan olan şəxslər, onların ailələri mərhələli şəkildə mənzillə təmin olunacaq. Bundan əlavə əməkhaqqıları, təqaüd və müavinətlərin artırılması ilə bağlı dövlət başçısının müvafiq qərarları 2,1 milyon insanı əhatə edəcək.
İdman – ənənəvi inkişafa davam
2021-ci il idman sahəsində də ölkəmizdə böyük uğurlarla yadda qalıb, ölkəmiz bir çox mötəbər idman yarışlarına ev sahibliyi edib.
Bunlar arasında Milli Gimnastika Arenasında Olimpiya oyunlarına təsnifat xarakterli Dünya Kuboku yarışını, paytaxtımızdakı Formula-1 yarışını, futbol üzrə Avropa çempionatı çərçivəsində Bakı Olimpiya Stadionunun ev sahibliyi ilə keçirilən qarşılaşmaları göstərmək olar.
Bu il həmçinin pandemiya səbəbilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları keçirildi. Ölkəmizi təmsil edən idmançılar dördilliyin ən möhtəşəm idman tədbirində üç gümüş, dörd bürünc medala yiyələndilər. Bu göstəricini isə paralimpiyaçılarımız daha da yüksək səviyyəyə qaldırdı. Azərbaycan paralimpiyaçıları Tokio Paralimpiya Oyunlarında nə az, nə çox 19 medal qazandılar. İdmançılarımız 14 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar, bundan əlavə bir gümüş və dörd bürünc medal komandamızın aktivinə yazıldı.
Ölkə idmanı 2021-ci ildə də dövlət başçısı İlham Əliyev və Birinci-vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində dayanıb.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
2021-ci il eyni zamanda Azərbaycan futbol tarixində də əlamətdar hadisə ilə yadda qalıb. Tarixdə ilk dəfə təmsilçimiz avrokuboklarda qrup mərhələsindən pley-offa yüksəlib. Bu uğur münasibətilə “Qarabağ” klubunun üzvləri dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Təbii ki, bu diqqət və qayğı idman ictimaiyyətinin də diqqətindən yayınmayıb. Milli Olimpiya Komitəsinin VIII hesabat-seçki Baş Məclisinin dekabrın 16-da keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Azərbaycan Qarabağın mədəni həyatını özünə qaytarır
Azərbaycanın dünyada tanıdılmasında ölkə idmanı ilə yanaşı onun mədəniyyəti də özünəməxsus yer tutur. Odur ki, 2021-ci il Azərbaycan mədəniyyəti üçün də sözsüz ki, əlamətdar hadisələrlə yadda qalıb.
2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilməsi artıq ilboyu mədəniyyət sahəsində görüləcək işlərin nə qədər önəm daşıyacağının siqnalı idi.
Mədəniyyət sahəsində ən mühüm hadisələrdən biri dövlət başçısının sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi oldu. Bu qərar işğaldan azad edilmiş Şuşa şəhərinin Azərbaycan xalqı üçün önəmini ortaya qoymaqla bərabər eyni zamanda Şuşanın tarixi kimliyinin özünə qaytarılması, şəhərin işğal illərində tənəzzülə uğramış mədəni həyatının bərpası baxımından mühüm əhəmiyyətə malik oldu.
Məhz mayın 12-də mədəniyyət paytaxtımızda “Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi Şuşanın ən yeni tarixində dönüm nöqtəsi oldu. Şuşada erməni işğalında dağıdılmış Vaqifin məqbərəsi və büstü bərpa edildi, Bülbülün ev muzeyi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu. Bir vaxtlar ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günlərinə Şuşa yenidən ev sahibliyi etdi.