Azərbaycan Vətən müharibəsində Ermənistan üzərində qələbə çaldıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri də bu zəfərin mühafizəsini təmin etmək idi.
Postmünaqişə dövrü özünün yedəyində xeyli risklər gətirdiyindən, qələbəni müdafiə edən mexanizmlərin tətbiqi zəruri idi.
2021-ci ildə Azərbaycan dövlətinin strategiyasında qələbənin həm hüquqi, həm hərbi, həm də psixoloji cəhətdən mühafizəsinin təşkili Azərbaycan dövlətinin strateji xəttinin mayasında dayanırdı.
Postmünaqişə dövründə Azərbaycanın bir neçə cəbhədə Ermənistana hökmünü diktə etməsi Ermənistanın üzərinə anlaşılmazlıq dumanı çökdürdü, dərin ziddiyyətli informasiyaların fonunda isə baş nazir Nikol Paşinyan erməni cəmiyyətinin şübhə dolu ürəklərinə ehtiyatla açar salmağı qarşısına məqsəd qoydu. Bu, Ermənistanın atacağı növbəti addımlara və verəcəyi qərarlara erməni cəmiyyətini hazırlamaq planının tərkib hissəsidir.
2021-ci ilin ilk ayında, yanvarın 11-də Moskvada növbəti üçtərəfli bəyanatın imzalanması Azərbaycanın qələbəsinin iqtisadi aspektlərə daşınması baxımından önəmli idi.
Bu, 10 noyabr üçtərəfli bəyanatının iqtisadi əlaqələr, kommunikasiyaların açılmasına dair müddəaları əsasında yeni istiqamətləri müəyyənləşdirən sənəd idi.
Azərbaycan siyasi və diplomatik cəbhədəki fəaliyyətində diktəedicilik gücünü artırmaq üçün əlavə tədbirlər planını işə saldı.
Gorus-Qafan yolunun 21 kilometrinə nəzarət edilməsi bunun hərbi sferada ilkin təzahürləri idi, bu ilin sentyabrında isə həmin yolda gömrük postları da quruldu.
İşğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin hərbi hissələrinin fəaliyyətə başlaması da bu ərazilərə qarşı mümkün təhdidlərin dəf edilməsi üçün böyük addım idi.
Azərbaycan ordusunun həm tək, həm Türkiyə ordusu ilə birgə təlimləri, bu təlimlərin işğaldan azad edilmiş ərazilərə daşınması da özündə mühüm mesajları ehtiva edirdi.
Azərbaycan may ayından etibarən hərbi gündəmində olan yeni prioritetin icrasına başladı, postmünaqişə dövründəki yeni hərbi strategiya yekun sülhün təmin edilməsi baxımından önəmli idi.
Burada söhbət Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsindən gedir, Bakı İrəvanın silsilə və sistemli təxribatlarına baxmayaraq, sərhədboyu zonada yeni mövqelər yaratdı. Hərçənd ki, bu günün özündə də sərhədlər delimitasiya edilməyib.
Bəs sərhədlərin müəyyənləşməsi niyə lazım idi?
Birincisi, Azərbaycan sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi ilə Ermənistandan olan mümkün təhlükələrə qarşı preventiv tədbirlər həyata keçirir.
İkincisi, dövlət sərhədinin müəyyənləşməsi Zəngəzur dəhlizinin reallaşması üçün Azərbaycanın əlini gücləndirir, Azərbaycanın strateji üstünlüyünü təmin edir.
Üçüncüsü, bu amil, Ermənistanın sərhəd məsələsində də hər hansı iddiasının qarşısına sədd çəkir.
Postmünaqişə dövründə Azərbaycanın diplomatiyasının paralelində hərb meydanında qətiyyət nümayiş etdirməsi Zəngəzur dəhlizinin reallaşmasında ən üst səviyyəli platformaya keçidi təmin etdi.
Açığı, buna qədər Ermənistanın yeganə təsəllisi “Qarabağda status” məsələsindən bərk-bərk yapışması idi, sərhəddə insidentlər başlayandan, Azərbaycan ordusu mühüm strateji nöqtələrdə möhkəmləndikdən sonra isə İrəvanın konsepsiyasındakı “statusu” sildi.
Bu, Bakının strateji məqsədini incəliklə yürütməsinin ortaya qoyduğu nəticədir, düzdür, indi də ara-sıra Ermənistanda hansısa dairələr “status”dan danışır, amma bu, artıq ölü nöqtəyə doğru gedir.
Baş nazir Nikol Paşinyanın Brüssel görüşündən sonra “statusa” nöqtə qoyması bunun bariz sübutudur.
2021-ci il müharibədən sonrakı dönəmdə Azərbaycanın təhlükəsizliyinin yeni reallıqlar fonunda zəmanətini də şərtləndirirdi. Bu baxımdan iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı Bəyannamə önəmli səciyyə daşıyır.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bu ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı həm də Şuşa Bəyannaməsinin müddəalarındakı mesajın simvolik əyanı idi.
2021-ci ilin yayı Azərbaycanla Ermənistan arasında genişmiqyaslı olmayan insidentlərlə yadda qaldı, amma İrəvan oyun oynamaq üsulu ilə məqsədinə çata bilmədi. Azərbaycan isə ərazilər üzərində böyük hüquqi təminat yaradan addımlara getdi, məsələn, İlham Əliyevin fərmanları ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasını qeyd edə bilərik.
Bu hüquqi tədbir “Dağlıq Qarabağa status” tezisini hüquqi baxımdan darmadağın etdi və Azərbaycan bir daha ərazi bütövlüyünün müzakirə edilmədiyini bildirdi.
Azərbaycanla Ermənistan arasında insidentlərin qar topası kimi böyüyərək genişmiqyaslı forma alması bu ilin noyabrın 16-na təsadüf etdi, Ermənistan silahlı bölmələrinin Laçın və Kəlbəcərdə təxribatlarının qarşısı alındı. Bu, postmünaqişə dövrünün ilk genişmiqyaslı toqquşması idi, bundan sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəflərin Soçidə görüşünü təşkil etdi. Soçi görüşündə qəbul edilən üçtərəfli bəyanat isə Azərbaycanın əlini və mövqeyini daha da möhkəmləndirdi.
Bəyanatda “status” məsələsinə toxunulmaması və Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılmasının nəzərdə tutulması diqqət çəkir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrda Brüsseldə keçirilən görüşdə də müşahidə etdik ki, Azərbaycan Soçidə həlledici nəticə əldə edib, Brüssel görüşü Qərb-Rusiya rəqabəti fonunda Soçi görüşünün məntiqi davamı kimi qiymətləndirilə bilər.
Brüssel görüşü 2021-ci il üçün həlledici sayıla bilər, məhz bu görüşdən sonra Nikol Paşinyan Azərbaycanla razılaşmaların bəzi detallarını açıqladı (dəmir yolu xəttinin çəkilişi).
Azərbaycanla Ermənistan arasında bəzi razılaşmalar da var, ancaq onun təfərrüatı açıqlanmır, ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bu barədə danışmışdı.
Cənab Bayramovun açıqlamasından anlaşıldı ki, Azərbaycan İrəvanı əlavə güzəştlərə məcbur edib.
Ümumi olaraq postmünaqişə dövrünün ilk ilini Azərbaycan üçün yaxşı nəticə hesab etmək olar.
Bəzi məqamları da xatırlatmaq lazımdır, məsələn mina xəritələrinin Azərbaycana verilməsi. Xəritələrin dəqiqliyi böyük şübhələr yaratsa da, hər halda başdan-başa xəta kimi də dəyərləndirə bilmərik.
2021-ci il Azərbaycanla Ermənistan arasında sülh müqavilənin imzalanması üçün böyük güclərin rəqabətqarışıq aktiv təşəbbüskarlığı ilə də yadda qaldı, ancaq hələ də mütləq sülh imzalanmayıb.
Rusiya sülhməramlıları mövzusuna toxunmadan yazını yekunlaşdırmaq yarımçıqlıq olardı.
2021-ci ildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində genişmiqyaslı təxribatlar olmadı, xırda insidentlərdən isə Azərbaycan tərəfi şəhidlər verdi.
Təbii ki, Azərbaycan adekvat cavablar verdi. Bu il sülhməramlılardan gah narazılıq, gah da razılıq ifadə edildi, amma ümumilikdə sülhməramlıların mandat və funksiyalarından kənara çıxan addımların şahidi olduq.
Digər məsələ 10 noyabr bəyanatının 4-cü bəndinin icrası ilə bağlı açıq qalan məsələlərin olmasıdır.
Separatçı tör-töküntülərin Azərbaycan ərazilərindən çıxmaması yönündə çalışmaları isə təbii ki, əsbəsdir, artıq onlara Ermənistan da dəstək vermir, daha doğrusu verə bilmir.
Bu müddətdə Azərbaycan sülhməramlıların nəzarət zonasında vizual müşahidə imkanlarını artırıb, videokameralar yerləşdirilib və ərazidəki vəziyyəti ətraflı təhlil edir…
Türkiyə və Rusiya isə yeni mərhələdə maraqlarını uzlaşdıran platforma təsis etdi, Ağdamda Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində hər iki ölkənin hərbçiləri xidmət keçir…
Aqşin Kərimov