Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan-ABŞ əlaqələrinin tarixində yeni səhifə açır – Azər Qarayev

Siyasət

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ
Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqona səfəri təkcə
diplomatik hadisə deyil, həm də Azərbaycan-ABŞ əlaqələrinin
tarixində yeni səhifə açır. Qlobal geosiyasi dəyişikliklər fonunda
baş tutan bu səfər ikitərəfli münasibətlərin keyfiyyətcə yeni
səviyyəyə – strateji tərəfdaşlıq mərhələsinə yüksəlməsinin rəmzi
ola bilər.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

“2024-cü ilin ABŞ prezident seçkilərindən əvvəl İlham Əliyev
Donald Trampda sülhsevər və praqmatik xarici siyasət aparacaq lider
görürdü. Şuşada keçirilən Qlobal Media Forumda onun ənənəvi və ailə
dəyərlərinə verdiyi önəm, həmçinin, Trampın ilk prezidentlik
dövründə ABŞ-nin yeni müharibələrə başlamaması ilə bağlı fikirləri
diplomatik mesaj idi. Bu uzaqgörən addım seçkilərdən sonra
münasibətlərin sürətlə inkişafına zəmin yaratdı. Telefon
danışıqları, məktub mübadiləsi və nəhayət, Vaşinqonda keçirilən
görüş Azərbaycan və ABŞ hökumətləri arasında strateji əməkdaşlıq
xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun
yaradılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumunun
imzalanmasına gətirib çıxardı”, – o bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında formalaşan
strateji tərəfdaşlıq, həm iqtisadi, həm siyasi, həm də
təhlükəsizlik sahələrində geniş perspektivlər açır.

“Bu əməkdaşlıq, ilk növbədə, regional əlaqələrin
möhkəmləndirilməsi və enerji sahəsində yeni imkanların
reallaşdırılması ilə diqqət çəkir. Azərbaycanın zəngin enerji
ehtiyatları, inkişaf etmiş nəqliyyat infrastrukturu və əlverişli
coğrafi mövqeyi, ABŞ-nin isə qabaqcıl texnologiyaları və qlobal
bazarlara çıxış imkanları qarşılıqlı maraqları tamamlayır. Bunun
nəticəsində enerji təhlükəsizliyi, nəqliyyat-tranzit dəhlizlərinin
genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi
istiqamətində mühüm addımlar atıla bilər.

Eyni zamanda, tərəfdaşlıq iqtisadiyyatın modernləşdirilməsi və
rəqəmsal transformasiya kimi strateji sahələri də əhatə edə bilər.
ABŞ-nin süni intellekt, yüksək texnologiyalar və rəqəmsal
infrastruktur sahəsindəki təcrübəsi Azərbaycanda innovativ
layihələrin həyata keçirilməsinə, startap ekosisteminin inkişafına
və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Bu, ölkəmizin
iqtisadi rəqabət qabiliyyətini artırmaqla yanaşı, gələcək
nəsillərin bilik və bacarıqlarının inkişafına da töhfə verir.

Tərəfdaşlığın mühüm istiqamətlərindən biri də təhlükəsizlik və
müdafiə sahəsi ola bilər. Geosiyasi baxımdan mürəkkəb bir regionda
yerləşən Azərbaycan üçün bu əməkdaşlıq, ordunun modernləşdirilməsi,
müasir təlim proqramlarının tətbiqi və terrorizmə qarşı mübarizədə
beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi baxımından
əvəzolunmazdır. Bütün bu məqamlar birlikdə, Azərbaycan-ABŞ
münasibətlərini yeni mərhələyə daşıyır, qarşılıqlı etimada
əsaslanan uzunmüddətli və sabit tərəfdaşlığın təməlini
möhkəmləndirir”, – o bildirib.

Politoloq qeyd edib ki, səfərin ən simvolik nəticələrindən biri
də Donald Trampın “Azadlıq Aktı”nın 907-ci düzəlişinin tətbiqinin
dayandırılması ilə bağlı qərarı oldu.

“1992-ci ildə erməni lobbisinin təsiri ilə ABŞ Konqresi
tərəfindən qəbul olunan bu düzəliş, Azərbaycanın Ermənistana qarşı
“blokadaya” görə dövlət yardımlarını qadağan edirdi. 11 sentyabr
2001-dən sonra praktiki tətbiq edilməsə də, son illərdə
Bayden-Blinken administrasiyası onu Azərbaycanın üzərində təzyiq
vasitəsi kimi istifadə etməyə çalışırdı. İndi bu təzyiq aləti
sıradan çıxarıldı. Bu qərar təkcə siyasi əngəlləri aradan
qaldırmır, həm də etimad və uzunmüddətli əməkdaşlıq əlamətidir”, –
o bildirib.

A.Qarayev vurğulayıb ki, təbii ki, Vaşinqondakı danışıqlarda
xüsusi önəm Azərbaycan və Ermənistan arasında sülhün təmin
olunmasına yönəlmişdi.

“Son illərdə bölgədə baş verən hadisələr göstərdi ki,
uzunmüddətli sabitlik yalnız qarşılıqlı hörmət, beynəlxalq hüququn
prinsiplərinə sadiqlik və açıq dialoq əsasında mümkündür. Bu
baxımdan, Azərbaycanın mövqeyi həmişə aydın olub – sülh
danışıqlarına başlamaq və qonşu dövlətlərlə münasibətləri normal
məcraya yönəltmək. Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycan bu gün regionda sülh
təşəbbüslərinin əsas aparıcı qüvvəsinə çevrilib.

İkinci Qarabağ müharibəsindən sonra məhz Azərbaycan tərəfi
Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünü irəli
sürdü, real və konkret təkliflər paketi təqdim etdi. Bu addım
yalnız ikitərəfli münasibətlərin bərpası üçün deyil, bütövlükdə
regionun gələcək inkişafı üçün tarixi əhəmiyyət daşıyır. Sülh
gündəliyi təkcə müharibə risklərinin aradan qaldırılması demək
deyil. O, həm də yeni iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq
imkanlarının açılması anlamına gəlir. Region xalqları üçün daha
sabit, təhlükəsiz və firavan gələcək perspektivi formalaşır.

ABŞ-nin bu prosesdə iştirakı isə vasitəçilik baxımından mühüm
əhəmiyyət kəsb edir. Vaşinqtonun strateji tərəfdaşlıq çərçivəsində
sülh təşəbbüslərinə verdiyi dəstək, tərəflərin dialoqun davamlı
olmasına, razılaşmaların icrasına və regionda uzunmüddətli
sabitliyin təmin olunmasına şərait yarada bilər. Əslində, sülh
gündəliyi Azərbaycan üçün diplomatik qələbədir. Çünki bu mərhələyə
çatmaq üçün illərlə ardıcıl siyasət yürüdülüb, beynəlxalq aləmdə
etibarlı tərəfdaş imici formalaşdırılıb və regiondakı reallıqlar
qəbul etdirilib. Bu gün region üçün əsas çağırış, əldə olunan
tarixi fürsətin itirilməməsi və sülhün söz yox, əməl müstəvisinə
keçməsidir. Azərbaycan isə bu prosesin lideri olaraq, həm regional,
həm də qlobal səviyyədə məsuliyyətli mövqeyini qoruyur. Vaşinqtonda
imzalanan Birgə Bəyannamə də bunun bariz sübutudur”, – o
bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-yə tarixi
səfəri, iki ölkə arasında etimada əsaslanan münasibətlərin yeni
mərhələsinin başlanğıcıdır.

“Vaşinqtonda imzalanan sənədlər, aparılan yüksək səviyyəli
danışıqlar və qarşılıqlı iradə, Azərbaycan-ABŞ münasibətlərinin
gələcək onilliklər üçün strateji əsasını möhkəmləndirir. Burada,
təbii ki, əsas rollardan biri də məhz Prezident İlham Əliyev ilə
Donald Tramp arasındakı münasibətlər oynayır. Bu səfər, həm də
Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş və söz sahibi
dövlət kimi mövqeyini bir daha təsdiqləyir. Azərbaycan bu gün artıq
təkcə regional enerji və nəqliyyat layihələrinin mərkəzində dayanan
ölkə deyil, həm də sülh təşəbbüslərinin aktiv təşviqçisi, rəqəmsal
və texnoloji yeniliklərin tətbiqində önəmli tərəfdaş kimi
tanınır.

ABŞ ilə qurulan yeni əməkdaşlıq formatı, ölkəmizin modernləşmə,
iqtisadi şaxələndirmə və təhlükəsizlik sahələrində hədəflərinə
çatmasına mühüm töhfə verə bilər. Bu səfərin yaratdığı siyasi
impuls, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və sülhün təmin
olunması üçün beynəlxalq ictimaiyyətə açıq mesajdır.

Eyni zamanda, Azərbaycanın inkişaf yolunda tək olmadığını,
möhkəm tərəfdaşlıqlara söykənən, balanslı və uzaqgörən xarici
siyasət yürüdən bir dövlət olduğunu nümayiş etdirir. Prezident
İlham Əliyevin Vaşinqtona səfəri, Azərbaycanın həm regional, həm də
qlobal səviyyədə fəal və məsuliyyətli oyunçuya çevrildiyini
göstərir. Nəticə etibarilə, bu səfər təkcə diplomatik hadisə deyil,
həm də ölkəmizin strateji gələcəyini müəyyənləşdirən, iqtisadi və
siyasi üfüqlərini genişləndirən mühüm bir məqamdır”, – A.Qarayev
əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir