
Bakı. Trend:
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının
vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı
aparılıb.
Trend xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton
görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan
liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış
Birgə Bəyanamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi
və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə
edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.
Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün
mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ-nin sülh
prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu
bildirib.
Telefon danışığı zamanı, həmçinin, Azərbaycan-Aİ
münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional
və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.