
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 11-də
davam etdirilib.
Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən
prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.
Zərərçəkmiş şəxs Rəsul Süleymanlının hüquqi varisi – anası Günel
Süleymanova ifadəsində oğlunun 2020-ci ildə 44 günlük Vətən
müharibəsində Ermənistan silahlı qüvvələrinin açdığı atəş
nəticəsində şəhid olduğunu söyləyib.
Zərərçəkmiş şəxs Həsən Əkbərovun hüquqi varisi – anası Sənubər
Əkbərova ifadəsində oğlunun 2020-ci ildə Vətən müharibəsində şəhid
olduğunu bildirib.
Zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə
Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla
bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
A.Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün
orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da
daxil olmaqla doğmaları qətlə yetirilib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş
şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz
oğlanları isə martın 30-da girovluqdan azad edilib. “Girovluqda çox
işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına
söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab
verirdilər”, – deyə zərərçəkmiş şəxs bildirib.
Aqil Əhmədov ifadəsində 1997-ci ilin aprel ayında Horadiz
istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş
nəticəsində ağır yaralanaraq əsir götürüldüyünü bildirib. Əsirlikdə
həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan
Xankəndi şəhərində saxlanılıb. A.Əhmədov barəsində qondarma məhkəmə
qurularaq barəsində ölüm “hökm”ü çıxarılıb. O, Baş prokurorun böyük
köməkçisi Vüsal Əliyevin suallarına cavabında deyib ki, 1 il 11
aydan sonra Azərbaycan tərəfə qaytarılıb. Orada Norik, Aram, Aşot
adlı nəzarətçilər və digərləri tərəfindən döyülüb, işgəncələrə
məruz qalıb. Əsirlik zamanı tibb sahəsi üzrə təhsil alan tələbələrə
iynə vurmaq və digər tibbi prosedurlar onun üzərində öyrədilib.
Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın
7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı
özünün və doğmalarının girov götürüldüyünü söyləyib. Baş prokurorun
xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını
cavablandıran zərərçəkmiş şəxs deyib ki, girovluq zamanı soyuq
yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb.
Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr
verilməklə qətlə yetirilib. H.Səfərova yeddi gündən sonra
girovluqdan azad olunub.
Zərərçəkmiş şəxs Oruc Cabbarovun hüquqi varisi – anası Ülviyyə
Cabbarova ifadəsində övladının Vətən müharibəsində şəhid olduğunu
bildirib. O deyib ki, Ermənistan silahlı qüvvələri övladının nəşini
üç ay sonra təhvil verib.
Səidə Cəfərova 1992-ci ildə Xocalıda soyqırımı zamanı Ermənistan
silahlı qüvvələrinin atəşi nəticəsində güllə yarası aldığını
bildirib. Zərərçəkmiş şəxs soyqırımı zamanı düşmənin qocaları,
uşaqları, qadınları kütləvi şəkildə qətlə yetirdiyini söyləyib. O,
dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib
ki, yaralı vəziyyətdə sürünərək Ağdamın Şelli kəndinə gəlməsi
nəticəsində xilas olub.
Kənan Vahidli, Özal İsmayılov, Rəvan Məmmədov ifadələrində
2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan silahlı
qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını
bildiriblər.
Sunay Adıgözəlov ifadəsində 2023-cü il oktyabrın 5-də Füzuli
rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin
basdırdığı minanın partlaması nəticəsində yaralandığını
söyləyib.
Asəf Xudiyev ifadəsində 2020-ci il noyabrın 14-də ANAMA əməkdaşı
qismində minatəmizləmə fəaliyyəti ilə məşğul olarkən Füzuli
rayonunun Alxanlı kəndində mina partlaması nəticəsində xəsarət
aldığını deyib. Sonradan həmin minanın Ermənistanda istehsal
edildiyi məlum olub.
Emin Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi zamanı, oktyabrın
1-də Suqovuşan istiqamətində yaralanması nəticəsində 4 gündən sonra
Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir
götürüldüyünü bildirib. Əlləri məftillə bağlanılıb, döyülüb. O,
dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında
bildirib ki, əsirlik zamanı həmin vaxt işğal altında olan
Xankəndidə, Şuşada və Ermənistanın paytaxtı İrəvanda saxlanılıb.
Saxlanıldığı yerlərin hamısında döyülüb, işgəncələrə məruz qalıb,
bədəninə elektrik cərəyanı verilib. 2020-ci il dekabrın 14-də
Azərbaycana qaytarılıb.
E.Baxşəliyev təqsirləndirilən şəxs Davit İşxanyanın suallarına
cavabında müalicəsinin hələ də davam etdiyini deyib.
Nurəddin Yolçuyev ifadəsində Vətən müharibəsi zamanı, oktyabrın
1-də Suqovuşan istiqamətində yaralandığını, oktyabrın 2-də əsir
götürüldüyünü söyləyib. O döyülüb, sonra Xankəndi şəhərinə
aparılıb. Orada anesteziyasız, dəhşətli ağrılarla əməliyyat olunub.
Sonra İrəvana aparılıb. Yenə döyülüb, işgəncələrə məruz qalıb.
2020-ci il dekabrın 14-də Azərbaycana qaytarılıb.
Seymur Əhmədov, Rafail Zülfüqarov, Mətləb Allahverdiyev
ifadələrində müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələri
tərəfindən girov götürüldüklərini bildiriblər. Onların hamısı
döyülüb, işgəncələrə məruz qalıb. M.Allahverdiyevin ağzındakı qızıl
dişləri zorla çıxarılıb.
Mübariz Məmmədov 1992-ci il sentyabrın 1-də Füzuli rayonunun
Horadiz kəndi yaxınlığında yaralanması nəticəsində əsir
götürüldüyünü bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin
suallarına cavabında bildirib ki, əvvəlcə Edilli kəndində, sonra
isə İrəvan şəhərində saxlanılıb. Əsirlik zamanı avtomatın qundağı
ilə, rezin dəyənəklə, yumruq-təpiklə döyülüb, işgəncələrə məruz
qalıb. 1995-ci il mayın 12-də Azərbaycana qaytarılıb.
Xəyal Abdullayev ifadəsində 2022-ci il mayın 28-də Füzuli
rayonunun işğaldan azad olunmuş hissəsində mal-qara otararkən
minaya düşdüyünü deyib.
Vüqar Mehdiyev ifadəsində 1993-cü il oktyabrın 23-də Füzuli
rayonunda girov götürüldüyünü bildirib. Həmin il dekabrın 18-də
girovluqdan qaçıb.
Elşən Xəlilov ifadəsində 2021-ci il iyulun 12-də Füzuli
rayonunda şirkətin sürücüsü qismində çalışarkən Ermənistan silahlı
qüvvələrinin vaxtilə atdığı sursatın partlaması nəticəsində xəsarət
aldığını söyləyib.
Bəxtiyar Tağıyev 1992-ci il dekabrın 8-dən 9-na keçən gecə
Zəngilanda Ermənistan silahlı qüvvələri tərəfindən əsir
götürüldüyünü bildirib. Əsirlikdə olarkən döyülüb, işgəncələrə
məruz qalıb. 1 il 1 ay 10 gün saxlanıldıqdan sonra Azərbaycana
təhvil verilib.
Əli Talıbov ifadəsində 1996-cı ildə Naxçıvanda hərbi xidmətdə
olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü
söyləyib. Bir ay 18 gündən sonra Azərbaycana qaytarılıb. Əsirlik
zamanı burnu sındırılıb, dəfələrlə huşu itənədək döyülüb.
Dağlar Teymurov ifadəsində 2016-cı ildə Aprel döyüşləri və
2020-ci ildə Vətən müharibəsi zamanı xəsarət aldığını söyləyib.
Namət Məmmədov ifadəsində 1994-cü ildə Haramı düzündə Ermənistan
silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, işgəncələrə məruz
qaldığını, 460 gündən sonra buraxıldığını deyib.
Cavanşir Hacıyev 2021-ci il aprelin 5-də Qubadlı rayonunda
minaya düşərək xəsarət aldığını söyləyib.
Alışan Səfərov 2022-ci il fevralın 18-də Tərtərdə yolda mina
partlaması nəticəsində xəsarətlər aldığını deyib.
Tərtər rayon sakinləri – Yadigar Səfərov, Müşfiq Qurbanov və
Xasay İbrahimov Ermənistan silahlı qüvvələrinin müxtəlif vaxtlarda
artilleriya zərbələri endirmələri nəticəsində yaşadıqları evlərinin
yararsız vəziyyətə düşdüyünü söyləyiblər.
Ramiz Hüseynov 1993-cü ildə Cəbrayılda mina partlaması
nəticəsində yaralandığını deyib.
İlqar Nəcəfov Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonuna
hücum etməsi nəticəsində 1993-cü il aprelin 2-də yaşadığı
torpaqlardan məcburi köçkün düşdüyünü deyib.
Rəhman Hüseynov ifadəsində 1993-cü ildə Cəbrayıl rayonunun
Daşkəsən kəndindən məcburi köçkün düşdüyünü bildirib. Həmin vaxt
atası itkin düşüb.
Zərərçəkmiş şəxslər – İsmayıl Abbasov, Nəbi Əzimov, Almara
Qurbanova, Vaqif Çıraqov, Sevda Məmişova, Xalıqverdi Nəsibov, Nahid
Hüseynov, Faiq Abbasov, Elşən Mirzəyev, Əlövsət Musayev
ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində
yaşadıqları ərazilərdən (Şuşa, Ağdərə, Kəlbəcər) məcburi köçkün
düşdüklərini söyləyiblər.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən
Arayik Harutyunyanın, David Manukyanın, David Babayanın, Davit
İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin
nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 14-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.