
Bakı. Trend:
Azərbaycan ilə Ermənistan arasında “Sülh və dövlətlərarası
münasibətlərin qurulması haqqında Sazişi”nin imzalanması bütün
Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını dəyişdirən hadisədir.
17 maddədən ibarət sənəd yalnız otuzillik münaqişəyə son qoymaqla
kifayətlənmir, həm də hər bəndi strateji çəkiyə malik olan yeni
hüquqi çərçivə yaradır.
Saziş zahirən təmkinli diplomatik üslubda tərtib edilib, lakin
onun dəqiq hüquqi formulları arxasında regiondakı güc balansını
dəyişdirən fundamental məqamlar gizlənir. Mətn dörd əsas blok
ətrafında qurulub:
1. Sərhədlərin tanınması və ərazi iddialarından imtina
(I, II, VI maddələr)
2. Təhlükəsizlik və qarışmama prinsipi (III, IV, VII,
VIII maddələr)
3. Humanitar və hüquqi məsələlər (IX, XII, XV
maddələr)
4. Diplomatiyanın və ikitərəfli əlaqələrin gələcəyi (V,
X, XI, XIII–XVII maddələr)
I maddə sənədin təməl daşıdır. Burada tərəflər
bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq
sərhədlərini tanıyır, SSRİ dövründəki ittifaq respublikaları
arasındakı inzibati sərhədləri əsas götürürlər. Bu, Qarabağın
statusu məsələsini formal olaraq tarixə çevirir.
Bununla belə, VI maddə siyasi manevr üçün meydan saxlayır:
dövlət sərhədi delimitasiyaya məruz qalmalıdır. Bu, Azərbaycanın
anklavlarının qaytarılması və mübahisəli hissələrin
dəqiqləşdirilməsi üçün hüquqi imkan açır. Bakı üçün bu, tarixi
ədalətsizliklərin aradan qaldırılması deməkdirsə, İrəvan üçün xətt
üzərində daha bir hissəyə nəzarəti itirmək riski deməkdir.
II maddə mövcud və gələcək bütün iddialardan
qarşılıqlı imtinanı, habelə onların hazırlanması və dəstəklənməsinə
qadağanı təsbit edir. Beləliklə, hələlik kağız üzərində olsa da,
Ermənistanda “Qarabağ revanşizmi” ideologiyasına son qoyur. Praktik
müstəvidə isə Bakıya separatçılıq gündəmini dəstəkləyən qurumların,
hətta Ermənistan hüdudlarından kənarda fəaliyyət göstərsələr belə,
qarşısının alınmasını tələb etmək imkanı verir.
Doğrudur, İrəvan eyni mexanizmdən Qərbi Azərbaycandan olan
azərbaycanlıların geri dönüş məsələsinə qarşı istifadə etməyə
çalışa bilər. Amma soydaşlarımızın Qərbi Azərbaycana qayıdışn
məsələibeynəlxalq hüquqda bu, sərhədlərin dəyişdirilməsi yox,
qaçqınların humanitar repatriasiyası kimi qəbul olunduğundan,
İrəvanın heç bir manevr imkanı qalmır.
III maddə (güclə hədələməkdən və ondan
istifadədən imtina) və IV maddə (daxili işlərə qarışmamaq) sənədin
əsas dayaqlarıdır. Ayrılıqda onlar rutin görünə bilər, amma VII
maddə (üçüncü qüvvələr haqqında) ilə birlikdə bütöv bir
təhlükəsizlik arxitekturası yaradır: xarici qüvvələr sərhəddən
çıxır; tərəflər daxildən gərginlik yaratmamağı öhdələrinə götürür;
hər hansı insident dərhal ikitərəfli gündəmin mövzusu olur,
beynəlxalq şouya çevrilmir.
Bu, praktik olaraq hərbi və sərhəd idarəçiliyində məsuliyyət
rejimini gücləndirir: təsadüfi atəş və ya mübahisəli sahədə
mühəndis işləri artıq PR üçün yox, delimitasiyaçılar və birgə
qrupların məsuliyyət zonasıdır.
V maddə siyasi düyünü açır: sülh sazişi
imzalandıqdan sonra tərəflər diplomatik münasibətlər qururlar.
Diplomatik protokol dilindən praktikaya çevriləndə bu, notaların
mübadiləsi, səfirliklərin və konsulluqların açılması, missiyaların
statusu barədə razılaşma, həmçinin siyasi məsləhətləşmələrdən
iqtisadi komissiyalara qədər standart ikitərəfli mexanizmlərin işə
düşməsi deməkdir.
Bakı üçün bu, mövcud reallığın institutlaşdırılmasıdır:
Azərbaycanın ərazisi, nəzarəti, subyektliyi və modernləşmə
gündəliyi var; indi bunlara qonşu dövlətin daxili və xarici
siyasətinə qanuni diplomatik kanallar vasitəsilə təsir imkanı da
əlavə olunur.
İrəvan üçün isə bu, riskləri minimuma endirən və praktiki
faydalara (ticarət, kommunikasiya, sərhəd təhlükəsizliyi) çıxış
verən körpüdür. Fəqət bu diplomatiya assimmetrik olacaq: Bakı üstün
mövqedən prosesə daxil olur, İrəvan isə vaxt qazanmaq və itkiləri
azaltmaq ümidilə hərəkət edir. Səfirliklərin açılması mütləq həssas
məsələlərin həllini tələb edəcək: diplomatik nümayəndəliklərin
mühafizəsi, marşrutlar, personalın təhlükəsizliyi, ictimai
kommunikasiya.
Hər halda, münasibətlərin institutlaşdırılması mübahisəli
mövzuları emosional-siyasi müstəvidən işgüzar-bürokratik müstəviyə
keçirir. Və bu meydanda Azərbaycan bu gün daha güclüdür.
VI maddə gələcək mübahisələrin yarandığı, amma
eyni zamanda gələcək həllərin də formalaşdığı yerdir. Sovet dövrü
sərhədlərinin beynəlxalq sərhəd kimi tanınması – I maddənin əsası –
konkret xəttin yerində müəyyənləşdirilməsi öhdəliyi ilə müşayiət
olunur. Burada qəsdən saxlanılmış minimal qeyri-müəyyənlik var. O,
Azərbaycanın anklavlarının qaytarılması, arxiv materialları və
xəritələr əsasında xəttin korrektəsi, su obyektləri və yolların
nəzərə alınması üçün imkan yaradır.
Sülh gündəminin sürətlənməsi üçün sadaladığımız problemlərin
sürətli həlli üçün İrəvana “təkan” verilməlidir:
1. Anklavlar və kommunikasiya.
Anklavların Azərbaycana qaytarılması üçün dəhliz logistikası,
giriş-çıxış rejimləri, mühafizə məsələləri həll olunmalıdır.
2. Xəritə bazası. Müxtəlif xəritə
dəstləri, fərqli “kəsim tarixi” (məsələn, 1920–1930-cu illər və ya
daha sonrakı redaksiyalar) fərqli yozumlara zəmin yaradır.
3. Mübahisəli sahələrdə infrastruktur.
Körpülər, elektrik xətləri, qaz kəmərləri: sahib kimdir, operator
kimdir, hansı kompensasiyalar ödənilməlidir.
Bununla belə, VI + VII maddələrinin tandemi prosesi daha davamlı
edir: delimitasiya gedən müddətdə sərhəddə xarici qüvvələr yoxdur,
təhlükəsizlik tədbirləri isə ikitərəfli razılaşdırılır. Bu isə
“üçüncü əl” riskini, təxribatları və informasiya
manipulyasiyalarını ciddi şəkildə azaldır.
Ən həssas məqamlardan biri VII maddədir. Burada qarşılıqlı
sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməsi qadağan olunur.
Yəni, faktiki olaraq Avropa İttifaqı müşahidəçilərinin Azərbaycan
tərəfindəki mövcud missiyasının çıxarılmasını tələb edir ki, bu da
Bakının birbaşa diplomatik uğurudur.
Ermənistanın bu çıxarılmanı sərhədin delimitasiyasının
tamamlanmasına bağlamaq cəhdi rədd edilib. İndi formul aydındır:
bütün prosedurlar bitənədək heç bir “sərhəd himayədarı” olmayacaq.
Azərbaycan üçün bu, xarici təzyiq alətinin aradan qalxması,
Ermənistan üçün isə beynəlxalq iştirakı saxlayan mühüm mexanizmin
itirilməsidir.
IX maddə Birinci Qarabağ müharibəsi illərində
itkin düşmüş 4 min azərbaycanlının məsələsini ön plana çıxarır. Bu,
təkcə meyitlərin tapılması və talelərin müəyyənləşdirilməsi yox,
həm də hərbi cinayətlərin araşdırılması və təqsirkarların
məsuliyyətə cəlb edilməsi perspektividir.
Hüquqi baxımdan bu, İrəvanın araşdırmalara mane olmamağı
öhdəsinə götürməsi deməkdir, hətta əgər təqsirkar şəxslər
Ermənistanın keçmiş siyasi və ya hərbi fiqurları olsalar belə. Bu
isə Ermənistan üçün daxili siyasi risklərin artması deməkdir.
Separatizm və terrorizmlə mübarizəyə yönəlmiş VIII maddə təkcə
bəyannamə deyil. II maddə (iddialardan imtina) ilə birlikdə bu
bənd, “Qarabağ revanşizmi”ni dirildən hər hansı fəaliyyəti hüquqi
zəhərlilik zonasına salan leqal filtrə çevrilir. Bakı üçün bu,
təkcə xarici deyil, həm də daxili profilaktika vasitəsidir – mesaj
budur ki, parçalanmanı dəstəkləyən bütün strukturlar beynəlxalq
“çətir”dən məhrum olacaq.
İrəvan üçün bu maddə ağrılı, lakin praqmatikdir: o, siyasi
qrupların “milli ləyaqət” şüarları ilə normallaşmanı sabotaj etmək
yolunu kəsir. Ermənistanın bu müddəanı Qərbi Azərbaycandan olan
azərbaycanlıların geri dönüş məsələsinə tətbiq etmək cəhdləri isə
metodoloji cəhətdən əsassızdır: söhbət qaçqınların hüquqlarından və
humanitar hüquqdan gedir, “ərazi gündəliyindən” yox. Burada isə
Bakı mənəvi-hüquqi üstünlük qazanır.
IX maddə təxminən 4 min azərbaycanlının
taleyinə fokuslanmaqla simvoldan konkretliyə keçidi ifadə edir. O,
humanitar mövzunu xatirə-memorial müstəvisindən çıxararaq
cinayət-hüquq məsuliyyəti müstəvisinə gətirir. Azərbaycan üçün bu,
həqiqətin müəyyənləşdirilməsi və tərkib hissələri sübuta
yetirilərsə – günahkarların cəzalandırılmasına yönəlmiş sistemli
istintaq tədbirlərini həyata keçirmək imkanıdır.
Ermənistan üçün risk ondadır ki, bəzi fiqurantlar siyasi baxımdan
həssas şəxslər ola bilər. Fəqət sənəd, əslində, İrəvanı əməkdaşlıq
jestlərinə – arxivlərə çıxışdan tutmuş birgə axtarış qruplarında
işləməyə qədər – sövq edir. İmtinanın siyasi qiyməti, əməkdaşlığın
qiyməti ilə müqayisədə dəfələrlə artacaq.
X maddə nəqliyyat, energetika, ekoloji
əməkdaşlıq, təhsil, ticarət-iqtisadi əlaqələr kimi sahələrdə sektor
razılaşmaları paketinə qapı açır. Bu, hər sahənin öz kiçik
normallaşma prosesinə çevrildiyi, illərlə işləyəcək praktiki yol
xəritəsidir.
XI maddə vurğulayır: “Saziş tərəflərin üçüncü
dövlətlərlə münasibətlərini məhdudlaşdırmır”. Başqa sözlə, sərhəddə
üçüncü qüvvələrin mövcudluğuna qadağa, xarici oyunçularla
əməkdaşlıq qadağası demək deyil. Ermənistan Aİ və ABŞ ilə əlaqələr
qura, Azərbaycan isə Türkiyə ilə strateji tərəfdaşlığı
dərinləşdirə, Rusiya və İranla tarazlığı qoruya bilər. Yeganə
“qırmızı xətt” – bu münasibətlər saziş öhdəliklərini və sərhəd
təhlükəsizliyi balansını poza bilməz.
XII maddə ən güclü və hüquqi baxımdan ən təmiz
müddəalardan biridir. O, ikitərəfli münasibətlərdə beynəlxalq
hüququn və məhz bu sazişin üstünlüyünü təsbit edir, daxili
qanunvericiliyə istinad edərək öhdəliklərin icra olunmamasını
birbaşa istisna edir. Azərbaycan–Ermənistan normallaşması
kontekstində bu, son onilliklər ərzində Ermənistanın əsas
siyasi-hüquqi qalxanı olmuş konstitusiya və digər aktlarda
saxlanılan ərazi iddialarına dəqiq zərbədir.
Bəli, bu bənd İrəvandakı sənədləri avtomatik yenidən yazmır.
Lakin daxili hüquqi normaların saziş öhdəliklərinə ziddiyyətini
hüquqi məsuliyyətə çevirir – etiraz notasından və hökumətlərarası
iddialardan tutmuş beynəlxalq məhkəmə işinə qədər.
Sadə dillə desək: konstitusion pərdə artıq öhdəliklərin
pəncərəsini örtə bilmir.
Azərbaycan üçün bu, Ermənistanın daxili hüquq bazasını əldə
olunan razılaşmalara uyğunlaşdırmağa təzyiq kanalıdır; Ermənistan
üçün isə siyasi yaddaşda – hüquqi mətnlərdə təsbit olunmuş –
ağrılı, amma qaçılmaz düzəlişdir.
Texniki blok və icra mexanizmi XIII, XIV, XVI, XVII
maddələrdə əksini tapıb. Sözügedən maddələr sənədin
“mühərriki”dir. Onlar prosedurları müəyyənləşdirir: öhdəliklər necə
icra olunur, hansı komissiyalar və formatlar yaradılır, müddəalar
hansı dillərdə və hansı vaxt çərçivəsində qüvvəyə minir, tərəflər
fikir ayrılıqlarını necə qeydə alır və idarəolunan gündəmə keçirir.
Vacib məqam odur ki, icra mexanizmi ikitərəfli formatda nəzərdə
tutulub – məcburi vasitəçilərsiz və kənardan “hakim” olmadan. Bu,
məsuliyyət və suverenlik lehinə şüurlu seçimdir.
XV maddə tərəflərin bir-birinə qarşı məhkəmə
iddialarından və şikayətlərdən imtinasını təsbit edir. Bunun təsiri
çoxqatlıdır.
Birincisi, illərlə siyasətin davamı kimi istifadə olunan
beynəlxalq məhkəmə və yarım-məhkəmə instansiyaları vasitəsilə
eskalasiya xətti bağlanır.
İkincisi, mübahisəli məsələlərin məhkəməyə qədər həlli üçün
stimullar yaranır – komissiyalar, ikitərəfli işçi qruplar, ekspert
auditi. Üçüncüsü, hüquqi platformaların siyasiləşdirilməsi
praktikasının qarşısı alınır, yəni müraciətlər daha çox hüququ
qorumaq üçün deyil, auditoriyanı səfərbər etmək üçün istifadə
edilən bir vasitə olmaqdan çıxır.
Azərbaycan burada xaricdən öz ərazi bütövlüyünü və beynəlxalq
statusunu sual altına qoymaq cəhdlərini aradan qaldırır. Ermənistan
isə siyasi resurslarını və vergi ödəyicilərinin pullarını
əvvəlcədən uduzulmuş işlərə sərf etməyərək, onları daxili
islahatlara yönəltmək imkanı qazanır.
Sazşin regional güc balansını dəyişməsinə gəldikdə isə, əsas
məqamlara nəzər salaq:
1. Təhlükəsizlik. Sərhəddən xarici qüvvələrin
çıxarılması və delimitasiya bitənə qədər qarşılıqlı razılaşdırılmış
tədbirlər daimi gərginlik mənbəyini aradan qaldırır. Bakı sərhəddə
məsuliyyətin aydın bölgüsünü əldə edir; İrəvan xarici “sığorta
agenti”ni itirsə də, proqnozlaşdırıla bilən mühit qazanır.
2. Diplomatiya. Səfirliklər və müntəzəm
məsləhətləşmələr institutlaşdırılmış çərçivə yaradır. Daha böyük
iqtisadi və siyasi çəkisi olan Azərbaycan bu müstəvidə gündəmi
layihə təklifləri, kredit xətləri, korporativ əlaqələrlə
formalaşdıracaq.
3. Hüquq. Beynəlxalq öhdəliklərin Ermənistanın
daxili aktları üzərindəki üstünlüyü Azərbaycanın xeyrinə mühüm
dönüşdür. Bu, İrəvanı hüquqi sistemi yeni reallıqlara
uyğunlaşdırmağa məcbur edir.
4. Humanitar ölçü. İtkinlərin axtarışı,
cinayətlərin araşdırılması, qaçqınların geri dönüşü – bu sahədə
Bakı fəal tərəf kimi görünür, Ermənistan isə vicdanlı davranış
nümayiş etdirməyə məcbur olur.
Cənubi Qafqazda sülh gündəliyinin gələcək mərhələlərində yeni
gərginlik ehtimalları istisna deyil və onların hər biri həm siyasi,
həm də hüquqi baxımdan diqqətlə idarə olunmalıdır. Delimitasiya və
anklavlar məsələsi texniki xarakter daşısa da, siyasi yükü olduqca
ağırdır.
Burada “paket yanaşma” labüddür: xəritələrin qarşılıqlı
mübadiləsi, təhlükəsizlik üzrə paralel tədbirlər, yol rejimlərinin
müəyyənləşdirilməsi, torpaq kompensasiyaları və bəlkə də ekvivalent
mübadilələr olmadan prosesin irəliləməsi çətin görünür. İctimai
ritorika da xüsusi risk mənbəyidir.
Ermənistanda “revanş” mövzusunun dirildilməsi cəhdləri sazişin
II və VIII maddələrinə ziddiyyət yaradacaq, Azərbaycanda isə işğal
dövrü cinayətlərini bəraətləndirməyə yönəlmiş hər hansı ritorika
eyni dərəcədə həssas reaksiya doğuracaq. Hərbi cinayətlər üzrə
məhkəmə perspektivi isə ən kəskin mövzular sırasındadır. IX maddə
çərçivəsində istintaqlar konkret epizodlara və adlara gətirib
çıxararsa, İrəvana təzyiqin artacağı qaçılmazdır.
Optimal yol maksimum depolitizasiya olunmuş birgə istintaq
qrupları və tam prosedur şəffaflığıdır. Ermənistanın hüquqi
normalarının sinxronizasiyası məsələsi də mühüm sınaq olacaq.
Konstitusiya və digər normativ aktlara düzəlişlərin gecikməsi
XII maddəni mütəmadi olaraq diplomatik notalar və demarşların
mövzusuna çevirəcək. Bu mənzərədə Bakı və İrəvanın real maraqları
sənədin formulyasiyalarında aydın görünür.
Azərbaycanın əsas maraqları status-kvonun hüquqi təsbiti,
delimitasiya, iddialar mövzusunun qapadılması, sərhəddən xarici
qüvvələrin çıxarılması ilə de-eskalasiya, itkinlər və hərbi
cinayətlər üzrə humanitar ədalətin bərpası, eləcə də siyasi
“mikropozucu” risklər olmadan iqtisadi layihələrin işə
salınmasıdır. Ermənistanın isə prioritetləri xarici risklərin
minimuma endirilməsi, beynəlxalq layihələrə və bazarlara çıxış əldə
edilməsi, kommunikasiya xətlərinin bərpası, daxildə siyasi
sabitliyin qorunması və ən ağrılı qərarların prosedur və zaman
çərçivəsində mümkün qədər uzadılmasıdır.
Bu qarşılıqlı maraqların kəsişmə nöqtəsində sülh gündəliyinin
gələcək istiqaməti müəyyənləşəcək.
Sazişin formulyasiyaları obyektiv olaraq Bakının maraqlarına
daha yaxındır: onlar beynəlxalq hüquq kanonuna (ittifaq
respublikalarının sərhədləri beynəlxalq sərhəd kimi) söykənir,
həssas sahədə (sərhəd) xarici aktorların rolunu minimuma endirir,
iddialar mövzusunu bağlayır və dialoqu Azərbaycanın daha üstün
olduğu sahələrdə – hüquq, iqtisadiyyat və bürokratiya –
institusionallaşdırır.
Saziş daha çox Azərbaycanın xeyrinədir. O, ölkənin əsas
məqsədlərini təsbit edir: sərhədlərin və ərazi bütövlüyünün
tanınması, iddialardan imtina, sərhəddən üçüncü qüvvələrin
çıxarılması, beynəlxalq öhdəliklərin Ermənistanın daxili aktları
üzərində hüquqi üstünlüyü, həmçinin itkinlər üzrə humanitar-hüquqi
blok.
Azərbaycan üçün açılan imkan pəncərələri delimitasiyanı hüquqi
cəhətdən əlverişli əsaslarda başa çatdırmaq, sektor razılaşmaları
(X maddə) vasitəsilə regionun yeni iqtisadi konfiqurasiyasını
qurmaq, həmçinin ədalət və yaddaş gündəliyini hüquqi formatda
həyata keçirməkdir (IX maddə).
Ermənistan üçün sənəd – uzunmüddətli böhrandan idarə olunan
normallaşma rejiminə keçid şansıdır. Yəni xarici “protezdən” asılı
olmayan təhlükəsizlik proqnozlaşdırılması, diplomatiya və
iqtisadiyyat kanallarının açılması, daxili siyasi dalğalanmanın
azalması, habelə çətin mövzuların elə bir prosedur müstəvisinə
keçirilməsi ki, burada sabotajın qiyməti əməkdaşlığın qiymətindən
baha olsun.
Ermənistan rəhbərliyi daxili normaları saziş ilə
sinxronlaşdırmaq, delimitasiyanı sürətlə və piarsız aparmaq, real
birgə layihələrə start vermək məcburiyyətindədir. Beləcə, Cənubi
Qafqaz əbədi “dondurulmuş münaqişə” zonasından idarə olunan rəqabət
zonasına çevriləcək.
Burada isə üstünlüyü, böyük sözləri kiçik real işlərə daha tez
çevirən tərəf qazanacaq.
Azərbaycan buna hazırdır. İndi söz İrəvanındır.

