Övladları əllərindən alınan valideynlərlə bağlı Fransa tərəfi ilə görüşlər keçirilir – Səfirlik

Siyasət

Bakı. Trend:

Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və
Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya
ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən
üzləşdikləri vəziyyət barədə məlumat Səfirliyə daxil olan gündən
Konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur.

Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən
bildirilib.

“Qeyd etmək istərdik ki, 7 iyul 2025-ci il tarixində Səfirliyin
qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası
vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı üçün
səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib.

6 avqust tarixində Fransa ərazisini tərk etmək istəyən ailə bu
ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti
sığınacaqda yerləşdirilib.

Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların
qəyyumluğunun valideynlərdən alınması qərarı ilə
əsaslandırılıb.

Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və
Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi
gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı
əldə ediblər.

AR-in Fransadakı Səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin
müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni
təmin edir. Səfirlik, habelə AR-in Diaspor ilə İş üzrə Dövlət
Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması
məsələsində onlara yardım göstərir.

Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”, – səfirlikdən qeyd
edilib.