Qazaxıstanda baş verən etirazlar bu ölkəyə qarşı məkrli planları olan qüvvələri hərəkətə gətirib.
Belə ki, sosial şəbəkənin erməni və rus seqmentində, o cümlədən mətbuatında ölkədə baş verən hadisələrə tam “fərqli” yanaşma göstərilib. “Fərqli”lik isə etirazların Qazaxıstanı parçalamaq üçün fürsət kimi görülməsindən ibarət olub.
Məsələn, rusiyalı jurnalist (“Vesti” nəşri) Andrey Medvedyev belə bir sualla çıxış edib:
“Hazırki vəziyyətdə Rusiya kimi dəstəkləməlidir? Etirazçıları yoxsa hakimiyyəti? Düzgün cavab – heç kimi”.
Jurnalist Qazaxıstan hökumətinin “qazax “qolodomor”u ideyasını təbliğ etdiyini, rus dilinin sıxışdırılmağa çalışdığını iddia edib. Eyni ittihamları həmçinin etiraz edən təbəqəyə də yönəldib.
“Bu məsələdə mənim fikrimcə Britaniya prinsiplərini tətbiq etmək lazımdır. Burada daimi müttəfiqlər yoxdur, sadəcə daimi maraqlar var”, – deyə o bildirib.
Jurnalist həmçinin Qazaxıstandakı rus əhalinin “təhlükəsizliyi” məsələsini gündəmə gətirib.
Qazaxıstanı parçalamaq sevdasına həmçinin “Sinyaya Boroda” (Mavi Saqqal) “Telegram” kanalı da düşüb. Qeyd edək ki, bu kanal erməniyönlü rus millətçisi, təbliğatçısı tərəfindən idarə olunur.
Sözügedən şəxs paylaşımında bildirir ki, Qazaxıstanın ruslar yaşayan regionlarını Rusiyanın orbitinə daxil etmək üçün yaxşı məqam yaranıb. Belə ki, kanal sözügedən regionların əhalisini bir kənara çəkilib sakitcə baş verənləri izləməyə və “məqam” gözləməyə çağırır. Bundan sonra isə hadisələr Donbasdakı ssenari üzrə inkişaf edə biləcək.
“Təəssüf ki, donetsklilərdə bu qansız alınmadı. Ancaq bizdə həmin vaxt müvafiq təcrübə yox idi. İndi isə var”, – deyə paylaşımda qeyd olunur.
Son cümlədəki, “təcrübə” sözsüz ki, Qazaxıstan dövlətini parçalamaq niyyətinin bariz ifadəsi sayılmalıdır.
Daha bir “Telegram” kanalı, erməni diasporunun “himayə”si altında fəaliyyət göstərən rusiyalı “hərbi jurnalist” və millətçinin idarə etdiyi “Starşe Eddı” da ölkə ərazisində yaşayan rus və rusdilli əhalini “ön plana” çəkilib.
Həmçinin qeyd olunub:
“Ukraynada iqtisadi tələblər altında başlayan, lakin çox keçmədən millətlərarası qarşıdurma mərhələsinə çevrilən vəziyyətin necə başa çatdığını hamımızın xatırlayırıq”.
Göründüyü kimi burada da Ukrayna ilə analogiyalar aparılır. Üstəlik qeyd olunur ki, Rusiyanın tərəflərə xəbərdarlıq etməsi məqsədəuyğun hesab olunmalıdır. Belə ki, ruslara hücum cəhdləri birbaşa olaraq Rusiyaya hücum kimi qəbul olunmalıdır. Ortada millətlərarası hər hansı bir qarşıdurma zəmini olmasa da, sözügedən təbliğat maşınının bu cür əlaltıları süni gərginlik və ədavət yaratmaq üçün fürsəti əldən vermək istəmir.
Məhz bu səbəbdən Qazaxıstandakı vəziyyət Ukrayna ilə müqayisə olunur, ölkənin rusdilli əhalisinin “təhlükəsizliyi” məsələsi gündəmə gətirilir və Rusiyanın müdaxiləsi amili qabardılır.
Erməni diasporunun daha bir əlaltısı, rusiyalı hərbi müxbir, millətçi Aleksandr Kots isə məsələyə bir cümlə ilə reaksiya verib:
“Maraqlıdır, Tokayev Putinə qoşun yeridilməsi istəyini latın yoxsa Yanukoviç kimi köhnə əlifba ilə yazacaq?”.
Kənardan bir cümləlik münasibət kimi görünən bu sözlərdə isə yenə də Ukrayna ilə paralellər çəkilir, Qazaxıstanın Rusiyanın təsir dairəsindən çıxmaq cəhdlərinə işarə vurulur, üstəlik yenidən Moskvanın hərbi müdaxilə ehtimalı süni şəkildə ortaya atılır.
Elə Rusiyada yaşayan erməni bloqçu Mina Xaçatryan da Qazaxıstanda baş verən hadisələri öz təbliğat maşınlarının sifarişi əsasında şərh edir. Paylaşımında yenə də Qazaxıstanda yaşayan rus və rusdilli əhali məsələsi şişirdilir. Ukrayna və Gürcüstanda baş verənlərdən qazaxların dərs çıxarmadığı qeyd olunur.
Bu kimi bir çox paylaşımlar birmənalı olaraq Qazaxıstan dövlətinə qarşı çirkin kampaniyanın başladılması anlamına gəlir. Ortada heç bir əsas olmadığı halda bir çox rusiyalılar və ermənilər artıq ölkəni parçalamağa başlayıblar.
Bütün bunlar isə yuxarıda göstərilənlərin eyni bir mərkəzdən idarə olunduğunu işarə edir. Bu mərkəzin isə harada yerləşdiyini təxmin etmək çətin deyil. Əsas alət kimi seçilən ermənilər isə həmişə olduğu kimi burada da katalizator rolunu oynayırlar.
Orxan Tağıyev