BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət

Bakı.Trend:

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka
Qrinspandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bu
yaxınlarda əldə olunmuş, münasibətlərin normallaşmasına və davamlı
sülhün gələcəyinə aydın yol göstərən razılaşma münasibətilə Sizə ən
səmimi təbriklərimi çatdırıram. Bu uğur həmin razılaşmanın əldə
edilməsi üçün yorulmadan çalışan bütün insanların cəsarətini və
uzaqgörənliyini əks etdirən tarixi bir mərhələdir.

Sülhün faydaları siyasi sahədən çox-çox kənara çıxır.
Təkmilləşdirilmiş əlaqələr, daha geniş regional inteqrasiya, açıq
və dayanıqlı ticarət yollarının təşviqi iqtisadi şaxələndirmə,
davamlı artım və sosial inkişaf üçün həlledici ola bilər. BMT-nin
Ticarət və İnkişaf Konfransı (UNCTAD) investisiyaların təşviqinə,
istehsal potensialının artırılmasına və sülhün dividendlərinin
bütün icmalar arasında geniş şəkildə bölüşdürülməsinə yardım etməyə
hazırdır.

Sərhədlərin delimitasiyası, təhlükəsizlik sahəsində əməkdaşlıq
və davamlı sülh üçün möhkəm zəmin yaradan münasibətlərin
normallaşdırılması daxil olmaqla, sazişin müddəalarının regionu
dəyişdirə biləcək potensialını xüsusilə alqışlayıram.

UNCTAD-ın rəhbəri kimi mən bu sənədi təkcə diplomatik bir
mərhələ kimi deyil, həm də davamlı inkişafa və regional əməkdaşlığa
açılan qapı kimi görürəm. Gücləndirilmiş ticarət dəhlizləri,
infrastrukturun inkişafı və iqtisadi əlaqə regionda tərəqqinin
sürətləndirilməsi, investisiyaların artırılması və yaşayış
şəraitinin yaxşılaşdırılması üçün həyati əhəmiyyət kəsb edir. Bu
tarixi fürsətdən faydalanmaqda liderliyinizi və baxışınızı yüksək
qiymətləndirirəm. UNCTAD bu fürsəti inklüziv və davamlı inkişaf
nəticələrinə çevirməkdə Azərbaycanı və daha geniş regional
tərəfdaşları dəstəkləməyə sadiq qalır. Bu istiqamətdə biz artıq
Sevilyada keçirilən İnkişaf üçün Maliyyələşdirmə üzrə Dördüncü
Beynəlxalq Konfransda çox mühüm nəticələr əldə etmiş Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi ilə güclü və konstruktiv əməkdaşlığımızdan çox
məmnunuq. Biz daha inklüziv, dayanıqlı və davamlı inkişafı təşviq
etmək məqsədilə sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyası çərçivəsində bu təşəbbüsləri gücləndirməyi
səbirsizliklə gözləyirik.

Sülh, sabitlik və ümumi firavanlığa doğru davamlı tərəqqi üçün
ən xoş arzularla.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm.”