BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Prezident İlham Əliyevi təbrik edib

Siyasət

Bakı. Trend:

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka
Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir
ki, məktubda deyilir:

“Zati-aliləri.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi
adından Sizə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Birgə
Bəyannamənin uğurla imzalanması münasibətilə səmimi təbriklərimi
çatdırıram. Bu mühüm razılaşma Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşmasında tarixi mərhələdir, eyni zamanda,
Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasını vəd
edir.

Birləşmiş Millətlər Təşkilatı regionda sülhün, dialoqun və
etimadın qurulmasına yönəldilmiş bütün səyləri qətiyyətlə
dəstəkləyir. Biz həm Sizin, həm də Baş nazir Paşinyanın davamlı
dialoqa sadiqliyinizi, eləcə də uzun müddətdir davam edən
məsələlərin sülh yolu ilə həlli istiqamətində cəsarətinizi və
liderliyinizi təqdir edirik.

Bu xoş fürsətdən istifadə edərək, Birləşmiş Millətlər
Təşkilatının Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığının xüsusilə də
BMT-nin 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə
Əməkdaşlığa dair Çərçivə Sənədinin həyata keçirilməsi vasitəsilə
davam etdirilməsinə olan möhkəm sadiqliyini bir daha vurğulayıram.
Hazırda Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində
hazırlanmaqda olan Əməkdaşlığa dair Çərçivə Sənədi milli inkişaf
prioritetləri və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi ilə uyğun
şəkildə davam edəcəkdir.

Bu sənəd Azərbaycanın inklüziv sosial-iqtisadi inkişafına,
iqlimlə bağlı fəaliyyətinə və davamlı sülhə dəstək verən strateji
əməkdaşlıq üçün platforma rolunu oynayacaqdır.

Bu tarixi nailiyyət münasibətilə Sizi bir daha təbrik edirəm.
Birləşmiş Millətlər Təşkilatı Cənubi Qafqazda sülhün,
təhlükəsizliyin və davamlı inkişafın dəstəklənməsi, xüsusilə davam
edən təşəbbüslərdə qadınların və gənclərin əsas rol oynamalarının
təmin olunması istiqamətində Azərbaycana dəstəyini davam etdirməyə
hazır olduğunu bildirir.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir