
Bakı. Trend:
BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının
ali nümayəndəsi Migel Anxel Moratinos Prezident İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Ermənistan Respublikası ilə iki ölkə arasında münasibətlərin
normallaşması istiqamətində mühüm addım olan Birgə Bəyannamənin
imzalanması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu
tarixi nailiyyət cəsarət, müdriklik və region xalqları üçün sülh,
sabitlik və əməkdaşlığın gələcəyinin formalaşdırılmasına sadiqlik
nümayiş etdirir. Həmçinin beynəlxalq ictimaiyyətə vacib mesaj verir
ki, dialoq və diplomatiya hətta ən mürəkkəb problemlərin həlli üçün
ən güclü vasitə olaraq qalır.
Siz bu önəmli yolda irəliləyərkən əminliyimi bildirirəm ki,
Birgə Bəyannamə etimadın qurulması, qarşılıqlı anlaşmanın
möhkəmləndirilməsi və Cənubi Qafqazda inkişaf və firavanlıq üçün
yeni imkanların açılmasında əsas rol oynayacaqdır.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında
münasibətlərdə yeni səhifənin açılması məsələsində dəstək və
əməkdaşlığa sadiq qalır.
Zati-aliləri, ən səmimi təbriklərimi və göstərilən səylərin
davamlı uğuru ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş
edirəm.”