Sarkis Asatryan: “Sülhə qarşı olanlar nə təklif edir, müharibə, qəbiristanlıqlarda yeni məzarlar?”

Siyasət

Postsovet məkanında 2022-ci il Qazaxıstanda inqilab (“Maydan”) adlandırıla biləcək təlatümlü hadisələrlə, üsyanla, çevriliş cəhdləri ilə başladı.

Etiraz aksiyaları zorakılıq, quldurluq, inzibati binaların zəbt edilməsi, şəxsi əmlakın dağıdılması, insanların ölümü ilə müşayiət olunur.

Ermənistanda oxşar ssenarini müxalifətçilər həyata keçirmək niyyətində idi. Bu barədə Ermənistan mətbuatında və sosial şəbəkələrdə mütəmadi olaraq məlumat verilir.

Ermənistan Qazaxıstandan sonra dövlət çevrilişi və ya çevriliş cəhdinin baş verə biləcəyi növbəti ölkə olacaqmı?

Ermənistanın ictimai-siyasi xadimi Sarkis Asatryan Oxu.Az-a müsahibəsində söyləyib ki, Ermənistanda növbəti seçkilərə qədər hakimiyyətin qanuni yolla dəyişdirilməsi mümkün deyil, çünki bunun üçün siyasi və sosial tələb yoxdur:

“Bütün baş verənlərdən (Qarabağdakı 44 günlük müharibəni nəzərdə tutur – red.) sonra Ermənistan seçkilərə getdi, hakim “Vətəndaş Müqaviləsi” partiyası və Nikol Paşinyan yenidən ölkə vətəndaşlarının əksəriyyətinin mandatını qazandı. Qanunu pozmadan, yəni çevriliş etmədən ölkə rəhbərliyini dəyişdirmək olmaz. Amma konstitusiya quruluşunun devrilməsi, yəni dövlət çevrilişi və ya ona cəhd dünyanın istənilən ölkəsində ağır cinayətdir və Ermənistan da təbii ki, bu məsələdə istisna deyil. Ermənistanda hakimiyyəti zorakılıqla devirmək arzusunda olanlar olsa belə, onlar böyük problemlərlə üzləşəcəklər, çünki xalq çevrilişin əleyhinədir və bu niyyətdə olanların cəhdi faciəvi sonluqla nəticələnə bilər.

Pərdəarxası və ya “saray” çevrilişi ssenarisini reallaşdırmaq belə mümkün olmayacaq, əhalinin əksəriyyəti buna imkan verməyəcək. Hakimiyyət dəyişikliyi yalnız seçkilərdə mümkündür. Düzdür, vəziyyəti dəyişə biləcək bəzi fors-major hallar mümkündür. Amma hazırda biz siyasi prosesləri indiki şərtlər əsasında təhlil edirik. Ermənistanda vəziyyət kifayət qədər sabitdir. İndiki iqtidarın ünvanına tənqidin səslənməsi normal, hətta deyərdim ki, yaxşıdır. Əgər cızıqlar keçilmirsə və təhqirlər səsləndirilmirsə, bu, söz azadlığı hesab olunur”.

– Müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanın “dinc era”nın zəruriliyi ilə bağlı dediyi sözlərə görə tənqid edir. Qəribə deyilmi? Sülh haqqında sözlər günah sayılır…

– Nikol Paşinyanı Azərbaycan və Türkiyə ilə dialoqun, sülhün zəruriliyi ilə bağlı sözlərinə görə tənqid edənlər bunun müqabilində nə isə təklif edə bilərlərmi? Müharibə? Qəbiristanlıqlarda yeni məzarlar? Daim müharibədən danışanlar ruhi xəstədirlər. Bəli, hər bir dövlət özünü müdafiə etmək üçün müharibəyə hazır olmalıdır, amma siz buna çağırışlar edə bilməzsiniz. Hamımızın ədalətli sülhə ehtiyacı var və bu baxımdan Nikol Paşinyan xalqın mütləq dəstəyinə malikdir, insanlar müharibə istəmir və bu normaldır! Dövlətin inkişafı, insan haqlarına riayət etməsi, sülhə can atması çox yaxşıdır. Bütün bunları tənqid edən qüvvələr isə – öz gündəmlərini təklif etsinlər, onları dinləmək maraqlı olardı. Məsələn, çoxları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı tənqid edir. Amma onlar Nikol Paşinyanın yerində olacaqları təqdirdə nə edəcəklərini demirlər. İmzalayacaqdırlar, yoxsa yox? Və başqa bir məqam. Tutaq ki, indi hakimiyyətə gəldilər, nə edəcəklər? Onlar bu razılaşmadan imtina edəcəklər? Cavab yoxdur, məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. Tənqid etmək isə, əlbəttə, asandır.

– Bəlkə indi o qədər də aktual deyil, amma cavabı eşitmək hələ də maraqlı olardı. Biz söhbətimizə Qazaxıstanla başladıq. Belə ki, bu yaxınlarda bu ölkənin keçmiş prezidenti, Avrasiya İqtisadi Birliyinin Ali Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qəbul olunmasını təklif etdi. Siz bu haqda nə düşünürsünüz?

– Ola bilsin ki, erməni həmkarlarımın çoxu mənim fikrimi bölüşməsinlər, amma şəxsən mən bu fikrə çox müsbət yanaşıram. Bu, bütün regionumuz üçün, Azərbaycan və Ermənistan üçün faydalıdır. Bu halda inteqrasiya və kommunikasiya prosesləri daha sürətlə gedəcək.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir